Əlaqə Arxiv
news Image
2012.10.13
07:52
| A A A
Xaricdən yenə müxaliflərə pul gəlir
Aydın Mirzəzadə: “YAP hər ilin sonunda “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq maliyyə vəziyyəti barəsində hesabat versə də müxalifət partiyaları bunu etmir” Elçin Mirzəbəyli: “Əgər hansısa təşkilat xaricdən maliyyə yardımı alırsa, sonradan həmin xarici qüvvələrin nüfuz müvəkkillərinə çevrilir”

Araz Əlizadə: "Kim xaricdən pul alırsa, həmin ölkənin agentinə çevrilir"

Məlumdur ki, Azərbaycan qanunvericilinə əsasən siyasi partiyalar xaricdən maliyyə dəstəyi ala bilməz. Siyasi partiya mübarizə aparması üçün əsas etibarı ilə öz üzvlərinin üzvlük haqqı ilə "ayaq"da durmalıdır. Amma onu da bildirək ki, ölkəmizdə olan bir çox partiyaların partiyanı saxlayacaq qədər üzvü yoxdur. Bu, əsas etibarı ilə radikal müxalif düşərgədə yer alanlara şamil olunur.

Lakin bununla belə bu düşərgə liderləri xarici səfərlərindən qalmırlar, pul gücünə kütləvi aksiyalar təşkil edirlər. Bu fonda isə hazırki radikal müxalifətin, xüsusi ilə seçki öncəsi müxtəlif aksiya və digər tədbirlər keçirməsi onların xaricdən maliyyələşməsi məsələsini yenidən gündəmə gətirir. Elə dəfələrlə siyasi şərhçilərdən də "müxalifət kasıblaşanda aksiyalara başlayır" fikirlərini az görməmişik. İndi də seçkilərə az müddət qaldığından yenidən radikal müxalifətdə bu istiqamətdə fəallaşma hiss olunmaqdadır.

YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, belə iddialar vaxtaşırı irəli sürülür: "Maraqlısı budur ki, Azərbaycan müxalifətinin bir qismi bunu təkzib etmir. Bunun özü də şübhələri gücləndirir. Digər qismi təkzib etsə də, bununla belə dəbdəbəli həyatın haradan olması açıqlanmır. Profesional siyasi həyat mütləq maddi dəstək tələb edir. Müxalifət partiyalarının özləri bildirirlər ki, onların üzvləri ancaq kasıb insanlardır, bu səbəbdən də onlar üzvlük haqqı yığa bilmirlər. Bununla belə müxalifət partiyalarının sərbəst siyasətlə məşğul olan funksionerləri, çoxsaylı partiya aparatları, onların texniki, mühafizə təminatı və eyni zamanda vaxtaşırı xarici səfərləri olur. Bunların da hamısı müəyyən məbləğə başa gəldiyi üçün onların haradan qaynaqlandığı Azərbaycan cəmiyyəti üçün çox qaranlıqdır. Buna görə də Azərbaycan cəmiyyətinin müxalifətin maliyyə mənbəyi ilə bağı etdiyi iradlara dəqiq və operativ cavab verilməlidir. YAP hər ilin sonunda "Siyasi partiyalar haqqında" qanuna uyğun olaraq maliyyə vəziyyəti barəsində hesabat versə də müxalifət partiyaları bunu etmir. Ona görə də bu şübhələrin cəmiyyətdə səslənməsinin müəyyən qədər əsası var".

Millət vəkili bildirir ki, xaricdən maliyyələşmənin həmin siyasi təşkilatın siyasi fəaliyyətinə birbaşa təsir imkanları var: "Çünki verilən vəsait xaricdəki müəyyən dairələrin maraqlarına uyğun siyasət aparmasına xidmət edir. Vaxtaşırı müxalifətin də siyasi mövqeyində Azərbaycanın maraqlarına cavab verməyən addımları kifayət qədər görmüşük".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəylinin sözlərinə görə, əvvəllər də sekçiöncəsi ayrı-ayrı radikal qüvvələrin xaricdən maliyyə yardımı alması ilə bağlı məlumatlar yayılıb: "Bu məlumatların şübhəsiz ki, əsası var. Lakin bu proses təbii ki, birbaşa həyata keçirilmir. Bu, ayrı-ayrı siyasi partiyaların nəzarətində olan qeyri-hökumət təşkilatlarının vasitəsi ilə həyata keçirilir. Guya QHT-lər beynəlxalq təşkilatlara qrant layihələri təqdim edirlər. Onlara da ayrılan vəsait bu və ya digər siyasi partiyanın seçki kampaniyasına xərclənir. Əslində, Azərbaycan qanunvericiliyi ilə hər hansı bir siyasi partiyanın xaricdən maliyyə yardımı alması qadağan olunub. Bu, faktiki olaraq cinayət əməli sayılır. Şübhəsiz ki, bu əməllərin qarşısının alınması üçün tədbirlərin görülməsinə ehtiyac var".

Sədr müavini bildirir ki, əgər hansısa təşkilat xaricdən maliyyə yardımı alırsa, sonradan həmin xarici qüvvələrin nüfuz müvvəkillərinə çevrilirlər: "Faktiki olaraq onlardan asılı olurlar. Bu da onların müstəqil siyasət yürütmələrinə ciddi maneə yaradır. Belə siyasi təşkilatların da ölkənin siyasi həyatında fəaliyyət göstərməsi xüsusi ilə təhlükəlidir".

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə sözünə "pul verən müsiqini sifariş edəndir" misalı ilə başladı: "Xaric o zaman vəsait verir ki, həmin ölkəni öz itaəti altına alsın. Pulu alanlar isə nə azərbaycanlıdır, nə də vətənini sevən. Bunlar ancaq öz mənafelərini sevən kəslərdir. Bunu da "qara pul"larla həyata keçirirlər. Amma onlar xaricdən istədikləri qədər vəsait ala bilməyəcəklər".

Partiya sədrinin sözlərinə görə, kim xaricdən pul alırsa, həmin ölkənin agentinə çevrilir: "Hətta Rusiyada belə bir qanun qəbul edildi ki, əgər hansısa siyasi partiya xaricdən maliyyə dəstəyi alsa, onlar rəsmi olaraq həmin ölkələrin agenti kimi qeydiyyatdan keçiriləcək".
Sizin Reklam Yeriniz