Əlaqə Arxiv
news Image
2012.10.13
08:06
| A A A
Çörək möhtəkirləri iş başında
Bəzi çörək sexləri çəkini artırmasalar da, qiymətləri qaldırıblar

Payızın gəlişi ilə müşahidə olunan məqamlardan biri də müxtəlif növ ərzaq məhsullarının qiymətində getdikcə özünü daha aydın formada büruzə verməyə başlayan bahalaşmadır. Artıq müvafiq rəsmi dairələrin də açıqlamalarından bir sıra gündəlik əsas istehlak məhsullarının qiymətində artım yaşanması təsdiq olunur.

Məsələn, Dövlət Statistika Komitəsinin sentyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatından aydın olur ki, ərzaq məhsullarının qiymətləri 1,1 faiz bahalaşıb. Ay ərzində ərzaq məhsullarından unun, çörəyin, mal və qoyun ətinin, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, limonun, bananın, xiyar və pomidorun, bibərin, badımcanın, göy lobyanın, göyərtinin, sarımsağın qiyməti bahalaşıb. Bu tendensiyanın oktyabr ayı ərzində də davam edəcəyi gözlənir. Qeyd edilənlər həm də ondan xəbər verir ki, əhali ərzağa daha çox vəsait xərcləməli olacaq.

Statistika Komitəsi isə bildirir ik, əhalinin Gəlirlərinin 62,9 faizi son istehlaka sərf olunur. Ekspertlər isə dünya bazarlarında gedən tendensiyaları xarakterizə edərək ölkəmizdə baha- laşma prosesinin davam edəcəyini proqnozlaşdırırlar. Bu fonda isə hazırda daha çox diqqət çəkən çörəyin qiyməti ilə bağlı olan artımlardır.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Abbas Əliyev də deyib ki, onların apardıqları monitorinqlərin nəticələrinə görə, çörəyin qiymətində artım var. Amma artım təkcə qiymətdə yox, həm də çəkidə baş verib: "30 qəpiklik zavod çörəyinin qiyməti artıb 40 qəpik olub. Amma onun çəkisi də artırılaraq 800 qrama qaldırılıb".

Lakin bəzi çörək sexləri də var ki, onlar vəziyyətdən sui-istifadə etməyə çalışırlar. Yəni çörəyin çəkisini artırmasalar da qiyməti qaldırıblar. Elə paytaxt mağazalarında satıcılar da deyir ki, belə sexlərdən götürülən çörəyin qiyməti əvvəlki kimi 700 qram olsa da qiymət 40 qəpiyə qalxıb. Çörək istehsalı ilə məşğul olan müəssisələrin bir çoxu isə bildirir ki, 700 qramlıq çörək 40 qəpiyə satılırsa, bunun səbəbini onlarda yox, mağazalarda axtarmaq lazımdır. Qeyd edək ki, hökumət idxal olunan una və buğdaya əlavə dəyər vergisini ləğv etməklə mümkün bahalaşmanın qarşısını almağa salışır. Lakin işbazlar yaranmış durumdan istifadə edərək daha çox qazanc götürməyə çalışırlar. Bu səbəbdən hesab olunur ki, çörək bazarına inzibati müdaxilə olunmalıdır.

İqtisadçı-ekspert Azər Mehdiyev də deyir ki, bazarda ciddi tənzimləmə işləri aparılmalıdır.

Onun sözlərinə görə, çörəyin qiyməti ölkəyə gətirilən taxılın, unun qiymətindən asılıdır. ƏDV ləğv olunanadək ölkəyə gətirilmiş taxıl, undan istehsal olunan çörəyin baha verilməsi qaçılmazdır. Çünki ona çəkilən xərc çıxarılmalıdır: "Digər tərəfdən, Rusiya və digər ölkələrin mətbuatında gedən məlumatlara görə, xaricdə taxılın, unun qiyməti kifayət qədər - təxminən 30-40 faiz artıb. ƏDV isə 18 faiz olduğu üçün çəkilən xərcləri kompensasiya eləmir. Bu baxımdan, hökumət tərəfindən ciddi araşdırma aparılmasına ehtiyac var. Aydınlaşmalıdır ki, ölkəyə taxıl və un nə qədər əlavə xərclə gətirilir və bu çörəyin qiymətinə nə dərəcədə təsir edə bilər".

Digər ekspertlər də bildirir ki, idxal inflyasiyası bahalaşmaya ciddi təsir göstərir. Yəni dünyada müşahidə edilən inflyasiya Azərbaycan iqtisadiyyatına, istehlak bazarına təsir göstərməkdədir. Yay aylarında isə ciddi qiymət artımlarının müşahidə edilməməsi, Azərbaycanın həm də aqrar ölkə olması ilə bağlıdır. Yəni bir sıra tərəvəz, meyvə məhsullarının əhəmiyyətli hissəsi yerli istehsal hesabına ödənilir. Bu baxımdan dünya bazarındakı qiymət artımları istehlak bazarına növbəti aylarda, xüsusən payızda təsir göstərir. Çünki bu zaman yerli istehsal məhsullarının miqdarı azalır. İdxal inflyasiyası isə bundan sonra öz təsirini göstərməkdə davam edəcək. Çünki qida məhsullarının, o cümlədən taxılın bahalaşması prosesi bütün dünyada gedir. Son aylar dünya miqyasında qida məhsullarının qiymətində yüksəlmə tendensiyaları müşahidə olunur. Artıq BMT dünyada ərzağın bahalaşması və yeni böhranın yaranmasından narahatlığını ifadə edib. Qiymət artımlarının əsas səbəblərindən biri havaların qeyri-normal keçməsi olub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünyanın ərzaq bazarında mühüm yer tutan ölkələrdəki çətinlikləri də əsas səbəblərdən biri kimi göstərib. Bura Braziliyadakı güclü yağışlar, ABŞ-dakı quraqlıq və Rusiyadakı istehsal çətinlikləri aiddir. Ekspertlər ərzaq böhranının getdikcə sürətli hal alacağını və üçüncü ölkələr üçün çətinliklərin yaranacağını istisna etmir. Hər halda bütün bunlar Azərbaycanın daha hazırlıqlı olmasını tələb edir.
Sizin Reklam Yeriniz