news Image
2012.10.16
17:33
| A A A
Binadaxili istilik sistemlərinin çəkilməsi mənzil mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir

Qış fəslinin ən aktual problemləri sırasında məktəblərin, xəstəxanaların, uşaq evlərinin, uşaq bağçalarının, yaşayış binalarının istiliklə təmin edilməsi məsələsi də mühüm yer tutur. Havaların soyuması ilə əlaqədar gündəmə gələn ilk məsələ də məhz Bakının qışa necə hazırlaşmasıdır.

"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Abonent və Müştəri xidmətləri rəisi Rafiq Əliyev məsələ ilə əlaqədar qeyd edir: " Payız-qış mövsümünə hazırlıq ilə əlaqədar hər il olduğu kimi "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu il də yeni qazanxanaların tikintisi, yararsız hala düşmüş qazanxanaların müasir tipli avadanlıqlarla təmin olunaraq moderinləşdirilməsi, yaşayış binalarının aşağı paylayıcı istilik sistemlərinin bərpası, məktəb, uşaq bağçası, səhiyyə obyektlərinin yeni istilik mənbəyinin yaradılması, binadaxili istilik sistemlərinin bərpası ilə əlaqədar tədbirlər planı 2012-ci ildə də davam etdirilmişdir. İnvestitsiya proqramı çərçivəsində bu il "Azəristiliktəchizat" tərəfindən 241 layihə həyata keçirilmişdir. Bu işlər davam etdirilir. 6 mövcud qazanxananın moderinləşdirilməsi, 6 yeni qazanxana tikintisi, 8 modul tipli qazanxananın quraşdırılması, 1 qazanxananın gücünün artırılması, 193 yaşayış binasının aşağı paylayıcı və binadaxili istilik sistemlərinin əsaslı təmiri və bərpası tədbirlər planı üzrə davam etdirilmişdir. Qeyd olunan layihələrin 14-ü məktəbi, 2-si uşaq bağçasını, 6-sı səhiyyə obyektini, 187-si yaşayış binasını,3-ü sosial obyekti əhatə edir. Həyata keçirilən tədbirlər bu il bizə imkan verəcək ki, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin təkcə Bakı şəhərində 2585 yaşayış binası istiliklə təmin olunsun. Bundan əlavə "Azəristiliktəchizat"ın mənbələrinə qoşulmuş məktəblər, uşaq bağçaları, səhiyyə obyektləri və digər sosial obyektlər istiliklə təmin edilsin. Bakı şəhərindəki məktəblərin 50 %-i "Azəristiliktəchizat", 50 % isə öz mənbələrindən istifadə edərək istiliklə təmin olunacaqlar.146 uşaq bağçasının "Azəristiliktəchizat" tərəfindən istiliklə təmin edilməsi nəzərdə tutulub. 97 səhiyyə obyektinin hamısı istiliklə təmin olunacaq. Bu o demək deyil ki, yerdə qalanlar istiliklə təmin edilməyəcək. 2011-2013 -cü il Bakı və onun qəsəbələrinin sosial inkişafına dair dövlət proqramı çərçivəsində yerdə qalan uşaq bağçası, məktəblər, digər sosial obyektlərin istiliklə təmin edilməsinə dair tədbirlər görülür. Bundan başqa Azərbaycan Respublikasının regionlarında da bu il xeyli işlər görülüb. 244 yaşayış binasısnın, 88 məktəbin, 20 uşaq bağçasının, 41 səhiyyə obyektinin, 56 digər sosial obyektin istiliklə təmin olunması nəzərdə tutulmuşdur" . Binadaxili istilik sistemlərinin çəkilməsinə gəldikdə isə Rafiq Əliyev bildirdi ki, bu iş mənzil mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir: "Sosial obyektlərin, məktəblərin, səhiyyə obyektlərinin istilik mənbələri yaradılanda, bunlarla paralel olaraq binadaxili istilik sistemləri də həmin layihə çərçivəsində icra olunur. Hansılar ki, " Azəristiliktəchizat" tərəfindən investisiya layihəsinə qoşulub, aşağı paylayıcı istilik sistemləri bərpa olunub, həmin binalara qədər məhəllədaxili xətt çəkilib, binaya qədər olan işlər həyata keçirilib. O ki, qaldı binadaxili istilik xətlərinin çəkilməsinə, bu mənzil mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir."