Əlaqə Arxiv
news Image
2012.10.17
07:30
| A A A
BP-nin "Əsrin müqaviləsi"ndən uzaqlaşdırılması mexanizmi məlum oldu
Vüqar Bayramov: "Təbii ki, müqaviləyə xitam verilməsi mümkündür, amma…" İlham Şaban: "Belə bir mexanizm "Əsrin müqaviləsi"ndə öz əksini tapıb"

Əli Əlirzayev: "Öhdəliyə əməl etmədikdə BP müqavilə şərtlərinə əsasən prosesdən uzaqlaşdırılacaq"

"Əsrin müqaviləsi" çərçivəsində "Azəri" və "Çıraq" yataqları üzrə konsorsiuma (ABƏŞ) rəhbərlik edən BP şirkətinin neftin hasilatı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi Azərbaycanda kəskin rezonansla qarşılanıb. Qeyd edək ki, BP-nin sözügedən prosesdə ciddi nöqsanlara yol verməsi nəticəsində Azərbaycana 8,1 milyard dollar ziyan dəyib. Neftin qiymətinin 110 dollar arasında olduğu bir vaxtda, Azərbaycanda neft hasilatı və ixracatının təqribən 9-10 faiz azalması ölkə iqtisadiyyatı üçün heç də kiçik rəqəm deyil.

Xatırladaq ki, məsələ ilə bağlı dövlət başçısı İlham Əliyev də çıxış edərək BP-ni sərt ittiham edib və bildirib ki, hasilatın gözlənilməyən tənəzzülü "Azəri" və "Çıraq" yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən BP şirkətinin kobud səhvi nəticəsində ortaya çıxıb. Prezidentin bu çıxışından sonra BP şirkəti məsələyə diqqətini artıracağını bəyan edib. Amma bununla belə baş vermiş olay istər-istəməz BP-yə inamı azaldır. Söz yox ki, tərəflər üzərinə düşən öhdəliklərə əməl etməlidirlər. Bu öhdəliklərə əməl edilmədiyi təqdirdə isə beynəlxalq qanunvericiliyə uyğun olaraq zərər çəkmiş tərəfin şikayət etmək hüququ vardır. Hətta BP ilə müqavilələrə xitam verilməsi də baş verə bilər. Lakin maraqlıdır, görəsən, BP öhdəliklərə əməl etmədiyi təqdirdə onun əvəzlənməsi mexanizmi necə həyata keçirilməlidir? Ümumiyyətlə belə bir mexanizm varmı?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov öhdəliklərə əməl etməyən BP şirkətilə müqaviləyə xitam verilməsini mümkün saysa da, təcrübəyə əsasən bildirdi ki, dövlətlər belə nəhəng şirkətlərlə əməkdaşlığı pozmaqda o qədər də maraqlı olmurlar: "BP şirkətinin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi məsələsi, o cümlədən qurumla Azərbaycan hökuməti arasındakı münasibətlər hasilatın pay bölgüsü və bağlanmış "Əsrin müqaviləsi"nə əsasən müəyyənləşib. Praktik olaraq BP və əks tərəf hasilatla bağlı proqnozları, eyni zamanda, neftin hasilatı, nəqli və s. öhdəlikləri yerinə yetirməyə məsuldurlar. Amma öhdəliklərin yerinə yetirilməsi məsələsi nə layihədə, nə də hasilatın pay bölgüsü məsələsində çox da sərt şəkildə qoyulmayıb. Sərt şəkildə qoyulmadığından öhdəlikləri yerinə yetirmədiyi təqdirdə BP ilə əməkdaşlığın dayandırılması çox çətindir. Lakin BP digər, məsələn, kapital qoyuluşları, neft hasilatı ilə əlaqədar öhdəlikləri də yerinə yetirməsə, bu halda şirkətlə Azərbaycan arasındakı müqaviləyə əsasən BP-nin "Əsrin müqaviləsi" çərçivəsində "Azəri-Günəşli-Çıraq" yatağında işləməsi məsələsinə baxıla bilər. Təbii ki, müqaviləyə xitam verilməsi mümkündür. Amma beynəlxalq şirkətlərlə bağlanan müqaviləyə xitam verilməsilə bağlı qərarların qəbulu hallarına dünya miqyasında nadir hallarda rast gəlinir. Adətən dövlətlər çalışır ki, belə nəhəng şirkətlərlə münasibətləri ciddi şəkildə korlamasınlar. Onlar qarşılıqlı anlaşma və müzakirələr yolu ilə problemləri həll etməyə çalışırlar. Ona görə güman etmirəm ki, müqavilənin pozulması Azərbaycan hökuməti və yaxud da BP-nin maraqlarına uyğundur. Zənnimcə, qısa zamanda öhdəliklə bağlı yaranmış problemin həll edilməsi daha inandırıcıdır, nəinki əməkdaşlığın pozulması. Hər halda BP-nin mövqeyi onu göstərir ki, tərəflər problemi həll etməyə çalışırlar".

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə vurğuladı ki, BP şirkəti öhdəliklərə əməl etməkdən boyun qaçırdıqda onun əvəzlənməsi ilə bağlı mexanizm mövcuddur: "Belə bir mexanizm "Əsrin müqaviləsi"ndə öz əksini tapıb. Burada yarana biləcək problemlərin həlli yolları da göstərilib. Hətta şirkət öz səhvini boynuna almasa da belə, məhkəmə yolu ilə onu buna necə məcbur etmək məsələsi də müqavilədə öz əksini tapıb. Tərəflərdən biri nə ilə razı olmasa, Stokholmda yerləşən Beynəlxalq Arbitraj Məhkəməsində məsələyə baxıla bilər. Ancaq hesab etmirəm ki, BP ətrafında yaranmış məsələ məhkəmə müstəvisinə qədər gedib çıxsın. İkinci bir tərəfdən, inanmıram ki, Azərbaycan tərəfi podratçının dəyişdirilməsi məsələsinə baxacaq. Çünki podratçının dəyişdirilməsi məsələsi heç vaxt müsbət effekt verməyib. Bunu Rusiya və Qazaxıstan kimi qonşu ölkələrin timsalında görmüşük. Bütün hallarda BP ilə bağlı yaranan problem hüquqi müstəvidə həll olunmalıdır. Problemin həlli mexanizmi yalnız hüquqi müstəvidən ibarətdir".

İqtisadçı alim Əli Əlirzayev isə qeyd etdi ki, BP öhdəliyə əməl etmədikdə müqavilə şərtlərinə əsasən prosesdən uzaqlaşdırıla bilər: "Neft müqaviləsilə bağlı öhdəliklər qanunla tənzimlənir. Öhdəliklərə əməl edilmədikdə müqavilə imzalanarkən qanunda nələr göstərilibsə, prosesin həlli zamanı da məhz həmin mexanizmlər işə düşməlidir. Öhdəliyə əməl etmədikdə uzağı BP müqavilə şərtinə uyğun olaraq prosesdən uzaqlaşdırılacaq. Amma heç də düşünmürəm ki, vəziyyət bu həddə qədər gəlib çıxsın. Məsələ ondadır ki, BP-nin Azərbaycanda neft hasilatına marağı azalıb. Ona çıxarılan neftin hazırda 25 faizi düşür".
Sizin Reklam Yeriniz