Əlaqə Arxiv
news Image
2012.10.17
08:38
| A A A
Küçələrdə satılan təhlükəli qida məhsulları
Əliabbas Bağırov: “Bu cür küçə ticarəti qanunla yasaq olunur” Ziyəddin Kazımov: “Bütün hallarda bu cür satış yolverilməzdir”

Adil Qeybulla: "Küçədə satılan ərzaqların keyfiyyət parametrləri məlum deyil"

Bu gün cəmiyyət üçün aktual problemlərdən biri də küçə ticarəti ilə bağlıdır. İndik halda isə daha çox diqqət cəlb edən müxtəlif növ şirniyyat məhsullarının belə satışının həyata keçirilməsidir. Bu gün həm region, həm də paytaxt ərazisində belə ticarətə rast gəlmək mümkündür. Bu cür ticarət növünün digər mənfi tərəfi də ərzaq məhsullarının üstü açıq şəkildə satılmasıdır. Bunları bəzi metro stansiyalarının ətrafında, bazarlarda, dayanacaqlarda daha çox görmək mümkündür.

Hətta həmin yerlərdə hazır çaylar da satışa çıxarılır. Təbii ki, onların da sanitar-gigiyenik qaydalara nə qədər cavab verməsi sual doğurur. Elə aidiyyatı qurumlar da bu fikirdədirlər.

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bu cür küçə ticarətinin qanunla yasaq olduğunu bildirir: "O cür ticarət yalnız bizim icazəmiz daxilində aparıla bilər. Başqa bütün hallarda isə onların satışı qanunla yasaq olunur. İcazələr isə mövsümi ticarətlə əlaqədar olaraq ola bilər. Bu icazəyə də çox müstəsna hallarda əhaliyə, ictimai nəqliyyata maneə olmayan yerlərdə verilir. Adətən də müəyyən şəhid, aztəminatlı ailələrlərə icazə var".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov da bütün hallarda bu cür satışların yolverilməz olduğunu vurğuladı: "Çünki, bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri var. Həmin maddələrə əsasən də belə satışların qarşısı alınır. Amma şəhərin hansısa yerində bu cür hallara az rast gəlinir. Adətən həmin satışı ən çox metro stansiyalarının girişlərində görmək mümkündür. Ona da Dəmir yolu Gigiyena və Epidemologiya Mərkəzi nəzarət edir".

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, ümumiyyətlə, küçə ticarəti çox ciddi şəkildə məhdudlaşdırılmalıdır: "Bakı kimi tozlu, küləkli bir şəhərdə küçə ticarəti işini aparmaq qətiyyən məqsədə uyğun deyil. Nəzərə alaq ki, Bakı tozlu olması ilə yanaşı, həm də günəşli şəhərdir. Tozla bərabər günəş şüaları altında ərzaq məhsulları öz keyfiyyətlərini tamamilə itirir. Xüsusilə də plastik qablarda satılan ərzaqlar müəyyən müddət saxlandıqdan sonra onlar dioksin adlanan toksik maddə ifraz edirlər. Bu da orqanizmin zəhərlənməsinə gətirib çıxarır. Bundan başqa küçədə satılan ərzaqların keyfiyyət parametrləri məlum deyil. Onların saxlanma qaydaları da ciddi şəkildə pozulmuş olur. Ona görə də həmin ərzaq məhsullarının istifadəsi və satışı yol verilməzdir. Çünki, qəbul olunan qida mütləq xüsusi yerlərdə - iaşə obyektlərində satılmalıdır. Bundan başqa küçədəki stəkanlardan istifadə etmək heç də məqsədəuyğun deyil. Çünki, iaşə müəssisələrində stəkanların təkrar istifadəsi üçün onlar axar su altında müəyyən dezinfeksiyaedici maddələrlə yuyulduğu halda, küçə şəraitində bunları həyata keçirmək mümkün deyil. Bu da sonradan ağız suyu vasitəsi ilə müəyyən ağır infeksion, yolxucu xəstəliklərə yol aça bilər".
Sizin Reklam Yeriniz