Əlaqə Arxiv
news Image
2012.10.17
08:40
| A A A
Müdafiə Nazirliyi erməni generalın hədəsinə cavab verdi
Eldar Sabiroğlu: "Bunu düşmənin növbəti boşboğazlığı kimi qəbul edirik"

"Düşmən bu cür danışmağa adət edib. Dəfələrlə belə cəfəng və sərsəm bəyanatların şahidi olmuşuq. Bunu düşmənin növbəti boşboğazlığı kimi qəbul edirik. Onun gücü və ağlı özününkü deyil, kənardan gəlmədir". Erməni generalı Artak Davityanın Azərbaycanın neft və qaz infrastrukturunun vurulmasına yönəlmiş hədələri ilə bağlı Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun açıqlamasında belə deyib.

"Əvvəla, Azərbaycanın neft və qaz yataqları dünyanın ən böyük dövlətləri və şirkətləri ilə birgə istifadədir. İkincisi, Azərbaycan öz neft və qaz yataqlarının istismarını həyata keçirdiyi kimi, onu qorumağı da bacarır və hava hücumundan müdafiə üçün nə gərəkdirsə bütün tədbirlər əsas diqqət mərkəzindədir. Əksinə düşmənin anlaması lazımdır ki, Azərbaycanın Silahlı Qüvvələrinə məxsus yeni raket sistemləri Ermənistanın istənilən strateji obyekt və hədəflərini vurmağa qadirdir. Bunları boşuna səsləndirmirik.

Sadəcə, Azərbaycanın gündən-günə inkişafı, əldə etdiyi uğurlar, dövlət büdcəsində müdafiə xərclərinin yenə də artırılması Ermənistanı çıxılmaz vəziyyətə salıb. Ona görə də daxili publikaya hesablanmış belə ağılsız bəyanatlarla erməni ictimaiyyətinin etirazlarını azaltmağa çalışırlar. Hədənin başlıca məqsədi məhz bundan ibarətdir".

Xatırladaq ki, Ermənistan ordusunun baş qərargahının operativ idarəsinin rəisi, general-mayor Artak Davtyan jurnalistlərlə söhbətində lazım olduqda Azərbaycanın neft və qaz infrastrukturuna, o cümlədən neft və qaz kəmərlərinə zərbə vuracaqlarını bildirib. Artak Davtyan bu məsələdə üstünlük uzağa uçan raketlərə verildiyini söyləyib. Onun sözlərinə görə, Ermənistanın hərbi texnikası 300 km-ə qədər məsafəni vurmağa qadirdir.

"Hərbi təlimlərin gedişində planlaşdırılmış raket zərbələri həyata keçirilib. Lazım olanda düşmənin iqtisadi baxımdan vacib infrastrukturlarına zərbələr endirəcəyik", - deyə o vurğulayıb.
Sizin Reklam Yeriniz