Əlaqə Arxiv
news Image
2012.10.19
08:26
| A A A
Azərbaycana qarşı ikili standartlar ifrat həddə çatdırılır
Elman Nəsirli: "Dini etiqad sahəsində problemləri olan Avropanın və Venesiya Komissiyasının ölkəmizə münasibətdə sərgilədiyi davranış heç də Azərbaycandakı real vəziyyətə adekvat deyil" Zöhrab Abdullayev: "Venesiya Komissiyası ölkəmizdə narazılıq toxumu səpməkdə maraqlı olduğundan, eyni qanuna Azərbaycana münasibətdə bir, digərlərinə isə başqa fikir bildirir"

Bu günlərdə Venesiya Komissiyası Azərbaycanda qəbul olunan "Dini etiqad azadlığı haqqında" Qanunla bağlı olaraq rəylə çıxış edib. Burada sözügedən qurum bir sıra tövsiyələrlə irəli sürüb.

Belə ki, qurumun tövsiyələri arasında vətəndaşlığı olmayan şəxslərin və xarici vətəndaşların dini təbliğat aparmasına qadağanın aradan qaldırılması, dini baxışları səbəbindən hərbi xidmət keçməkdən imtina edən şəxslərə alternativ mülki xidmət keçmək imkanının yaradılması, dini icmalara daha çox muxtariyyət hüququnun tanınması, dini icmaların dövlət qeydiyyatına alınması sistemində islahatlar aparmaq, dövlət qeydiyyatı üçün lazım olan sənəd və məlumatların dəqiqləşdirilməsi kimi məqamlar yer alıb. Eyni zamanda, dini icmanın ləğv edilməsini tənzimləyən qaydalara dəyişikliklər etmək, ləğv olunmaq və digər sanksiyalarla üzləşən dini icmaların apelyasiya vermək hüququnu təmin etmək, "islam dininə aid ayin və mərasimlər yalnız Azərbaycan Respublikasında təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilə bilər" maddəsini çıxarmaq, vətəndaşı xarici dövlətə dini təhsil almağa göndərmək üçün müvafiq icra hakimiyyəti orqanından razılıq almaq tələbini ləğv etmək də sözügedən rəydə öz əksini tapıb.

Söz yox ki, bu tövsiyyələr Venesiya Komissiyasının Azərbaycana qarşı haqsız, qərəzli mövqe nümayiş etdirdiyini və ikili standartlardan çıxış etdiyini göstərir. Anoloji qanunlar digər ölkələrdə də mövcuddur. Amma maraqlıdır ki, Venesiya Komissiyası eyni qanunun olmasına baxmayaraq, ölkələrə yanaşmada fərqli baxışlar sərgiləyir. Belə ki, anoloji qanuna görə qurum Azərbaycana münasibətdə bir, digər ölkələrə, xüsusən avropa dövlətlərinə münasibətdə isə başqa rəylə çıxış edir.

Bütün dünya Azərbaycanın tolerant ölkə olduğunu gözəl bilir. Azərbaycan dini tolerantlıq baxımından bəşəriyyətə nümunə olacaq bir ölkədir. Burada bütün dinlərə sərbəst fəaliyyətləri üçün geniş imkanlar yaradılıb. Heç kimin dini düşüncəsinə qəsd edilmir. Digər tərəfdən, elə məqamlar var ki, onlara əməl edilməsi ölkənin təhlükəsizliyi baxımından olduqca vacibdir. Hər bir ölkə kimi, Azərbaycanın da başlıca məramı dövlətinin təhlükəsizliyini təmin etmək, onun zəiflədilməsinə yönəlik addımların ayaq açmasına imkan verməməkdən ibarətdir. Bunu dini mərasimlər, dini təhsillə bağlı məqamlara da aid etmək olar. Bu mənada da Venesiya Komissiyasının Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanuna sərgilədiyi baxışla başqa dövlətlərin eyni motivdə olan anoloji qanunlarına münasibəti arasında fərqli nüansların ortaya çıxması istər-istəməz həmin qurumun ölkəmizə düşmən münasibət bəslədiyini düşünməyə əsas verir.

Politoloq Elman Nəsirli bu qənaətdədir ki, Venesiya Komissiyasının Azərbaycanda dini etiqad azadlığına verdiyi rəyi əslində ölkəmizə münasibətdə qurumun ikili standatlardan çıxış etdiyini nümayiş etdirir: "Öncə onu qeyd edim ki, Venesiya Komissiyasının Azərbaycanda dini etiqad azadlığına verdiyi rəyi və bu istiqamətdə sərgilədiyi davranış əslində bir çox hallarda insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiyanın inkişafı ibarələri adı altında idarə olunan xaos vəziyyəti yaratmağa hesablanmış hərəkətlərdir. Məqsədyönlü şəkildə bu və ya digər dövlətə təzyiq göstərmək üçün həmin idarəolunan xaos şəraiti yaradılır. Nəticə etibarilə də təzyiq elementi kimi ondan istifadə edirlər. Onsuz da Azərbaycan dövləti tolerant dövlətdir. Burada dinlərin azad şəkildə mövcudluğu və fəaliyyəti üçün imkanlar vardır. Eyni zamanda Bakı şəhərin İslamın paytaxtı elan olunub. Tolerantlıq, etnik və dini qurumların fəaliyyəti baxımından onsuz da Azərbaycan dünya ölkələrinə nümunə ola biləcək bir vəziyyətdədir. Amma Venesiya Komissiyasının məsələyə qərəzli şəkildə yanaşması və tələblərlə çıxış etməsi nəticə etibarilə onun dediklərinin tətbiq olunduğu yeni müstəqil ölkələrdə dini qarşıdurma mühiti formalaşdıra bilər. Belə vəziyyət isə sonda ölkə daxilində xoşagəlməz tendensiyalara rəvac verər. Hesab edirəm ki, Avropa ölkələrinin özündə dini tolerantlıq baxımından ciddi problemlər yaşanır. Qurana və peyğəmbərə münasibətdə insanlığa yaraşmayan addımlar atırlar. Bu sahədə ciddi problemləri olan Avropanın və Venesiya Komissiyasının ölkəmizə münasibətdə sərgilədiyi sözügedən davranış heç də Azərbaycandakı vəziyyətə real olaraq adekvat deyil. Digər tərəfdən, "Dini etiqad azadlığı haqqında" anoloji qanunlar bir çox Avropa ölkələrində də mövcuddur. Amma buna baxmayaraq, Venesiya Komissiyası həmin dövlətlərə Azərbaycana münasibətdə sərgilədiyi düşüncə tərzini sərgiləmir. Onların eyni qanununa müsbət rəy versələr də, Azərbaycanda verilən qanuna mənfi rəy verirlər. Bu da istər-istəməz Venesiya Komissiyasının eyni məsələyə münasibətdə ikili standartlardan çıxış etdiyini göstərir. Ümumiyyətlə, Venesiya Komissiyası və bəzi digər beynəlxalq təşkilatlar tərəfindən eyni məqamların əks olunduğu qanunlarla bağlı olaraq Azərbaycana bir, digər dövlətlərə isə başqa rəy verdiklərinin dəfələrlə şahidi olmuşuq. Qanunların keşiyində durduğunu bəyan edən beynəlxalq qurumlar tərəfindən belə ikili standartların tətbiqi yolverilməzdir".

BAXCP-nin baş katibi Zöhrab Abdullayev bildirdi ki, komissiyanın rəyi Azərbaycanda olmayan yerdən narazılıq yaratmaq məqsədi daşıyır: "Görünür, Venesiya Komissiyası və ona dəstək verən qüvvələr ölkəmizdə narazılıq toxumu səpməkdə maraqlı olduqlarındandır ki, eyni qanuna Azərbaycana münasibətdə bir, digərlərinə isə başqa fikir bildirir. Halbuki, komissiyanın rəyinə görə bu və ya digər qanunlarda çatışmazlıqlar varsa, həmin nöqsanların olduğu bütün dövlətlərə bərabər münasibət bəslənilməli idi. Amma təəssüf ki, biz bunu görmürük. Əksinə, "Dini etiqad azadlığı haqqında" qanuna görə Azərbaycanı tənqid edən digər dövlətlərin anoloji qanununa göz yumurlar. Belə vəziyyət isə ona dəlalət edir ki, qurum ölkəmizə qarşı qərəzli, ikili mövqedən çıxış edir. Məhz seçkilər ərəfəsi narazılıq afmosferi formalaşdırmaq üçün sözügedən komissiya başqa digər məsələlərdə olduğu kimi, "Dini etiqad azadlığı haqqında" qanuna münasibətdə də Azərbaycana qərəzlə yanaşır".

Sizin Reklam Yeriniz