news Image
2012.10.20
04:15
| A A A
Zəlzələlər Xəzərdəki palçıq vulkanlarını oyadıb
Telman Zeynalov: "Palçıq vulkanının Xəzər dənizinin ekoloji sisteminə hər hansı bir mənfi təsiri yoxdur" Ənvər Əliyev: "Bölgənin Qərb hissəsində zəlzələlər aktivləşdikcə, şərq hissədə də palçıq vulkanları intensivləşməlidir"

Məlumatlara görə son dövrlər Xəzər dənizində palçıq vulkanları və qaz çıxması halları intensivləşib. Belə hal Xəzər dənizinin əksər hissəsində müşahidə olunur. Bir çoxları bu qənaətdədir ki, həmin palçıq vulkanları və qaz çıxmaları dənizin ekologiyasını korlayır. Ən azından burada olan flora və faunanın məhv olmasına stimul yaradır. Görəsən, Xəzər dənizində palçıq vulkanları niyə baş verir? Bu kimi proseslər hardan qaynaqlanır və onun ekoloji baxımdan nə kimi mənfi təsirləri ola bilə?

Ekoloq Telman Zeynalovun fikrincə, Xəzən dənizində baş qaldıran palçıq vulkanları və qaz çıxmalarının dənizin ekologiyasına hər hansı bir mənfi təsiri yoxdur: "Xəzər dənizində neft və qaz hasilatı nə qədər çox olacaqsa, torpaq və suxurlar arasında da boşluqlar əmələ gələcək. Həmin çıxan qazlar gedib bu boşluqları sıxır. Nəticədə bununla əlaqədar olaraq hər hansı bir yerdə palçıq vulkanı varsa, onun fəaliyyəti üçün təkan yaranır. Amma palçıq vulkanının Xəzər dənizinin ekoloji sisteminə hər hansı bir mənfi təsiri yoxdur. Bu təbii prosesdir. Palçıq vulkanı nəticəsində dənizdə olan suxurların, gübrə və qazların hamısı üzə çıxır. Ancaq bu amilin ekologiyaya heç bir pis təsiri yoxdur. Yeganə ola bilsin ki, palçıq vulkanı nəticəsində Xəzər dənizində ada əmələ gələr. Lakin həmin adanı da bir neçə saatdan sonra ləpə yuyaraq dağıdır".

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev isə qeyd etdi ki, Xəzər dənizində palçıq vulkanlarının aktivləşməsi ölkənin Qərb regionlarında baş verən zəlzələlərin nəticəsidir: "Hazırda Azərbaycanda seysmik aktivlik müşahidə olunur. Palçıq vulkanları da bunun nəticəsidir. Bu seysmik aktivliyin təbii olaraq bütün Qafqaz regionuna ciddi təsiri vardır. Bildiyiniz kimi, bölgənin Qərb hissəsində zəlzələlər aktivləşdikcə, şərq hissədə də palçıq vulkanları və qeydə alınmayan kiçik zəlzələlər də intensivləşməlidir. Çünki bu məqamlar bir-birilə əlaqəli proseslərdir. Amma ümumi götürəndə palçıq vulkanlarının Xəzər dənizinə hər hansı bir mənfi təsiri yoxdur. Fikrimcə, palçıq vulkanlarının özü neft qaz yataqları üçün bir indikatordur. Onlar bir-birilə əlaqəlidir. Ona görə də palçıq vulkanının Xəzər dənizinin çirklənməsi prosesinə elə də təsiri ola bilməz. Bu dəniz artıq bir əsrdən də çoxdur ki, onsuz da istismar olunur. İstismar müddətində dəniz onsuz da kifayət qədər çirklənməyə məruz qalıb. Amma bu prosesdə ancaq antropogen yolla baş verib. Təbii yolla Xəzərin çirklənməsi isə o qədər də qorxulu situasiya deyil".