Əlaqə Arxiv
news Image
2012.10.24
07:47
| A A A
Müxaliflərin pul üzərində qurulmuş aksiyaları
Bu düşərgənin icazəsiz aksiyalarının əsas məqsədi xarici hamilərlə biznes sövdələşməsini daha da genişləndirməkdir

Son günlərdə radikal müxalif düşərgədə yer alanların yenidən kütləvi aksiyalar eyforiyasına qapıldığı aydın müşahidə olunmaqdadır. Lakin məsələnin diqqət cəlb edən tərəfi ondan ibarətdir ki, müxaliflər aksiyaları belə tədbirlər üçün nəzərdə tutulmayan yerlərdə keçirməyə cəhd göstərirlər.

Buna isə hüquq-mühafizə orqanları tərəfindən yol verilməyəcəyi müxaliflərə də yaxşı məlumdur və onlar bilirlər ki, aksiyaların qarşısının alınması zamanı güc strukturları iştirakçıları ərazidən uzaqlaşdıracaqlar. Bu zaman isə çəkilən video və fotolentlər müxaliflər tərəfindən dərhal maraqlı beynəlxalq qurumlara və dövlətlərə göndəriləcək. Niyyət isə məlumdur. Azərbaycanda bununla sərbəst toplaşmaq azadlığının olmadığını iddia etmək və xarici hamilərdən daha çox pul almağa nail olmaq. Həmin xarici hamilər isə Azərbaycana təzyiq məqsədilə bu video və fotolentlərdən faydalanmağa cəhd göstərəcəklər. Lakin Azərbaycanı artıq belə təzyiqlərlə şantaj etməyin nəticəsizliyini müxaliflərin hamiləri də yaxşı bilir. Buna rəğmən, yenə Azərbaycanı milli maraqlarına zidd olaraq müxaliflər belə antiazərbaycançı qüvvələrlə əməkdaşlığa gedirlər. Özü də hər hansı aksiyaların təşkilində müxaliflərin liderləri özlərini heç vaxt belə demək mümkünsə, qabağa vermirlər. Artıq bu məsələ radikal düşərgənin özündə də narazılıq predmetinə çevrilib.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, politoloq Zəfər Quliyev də bu haqda çıxış edib. Bəzi xəbərlərə görə, Zəfər Quliyev bu haqda İctimai Palatanın Koordinasiya Şurasının iclasında danışıb. Xəbərə görə, Ədalət Yusubov, Köçəri Nağıbəyli və digərləri də bu məsələdə politoloqu müdafiə edib. Hətta Zəfər Quliyev bu məqsədlə "Liderlər, yoxsa müxalifətin şefləri" başlıqlı analitik yazı yazıb. Həmin yazıda da, politoloq müxalifət liderlərini icazəsiz aksiyalara gəlmədiklərinə görə tənqid edib.

Lakin bu müxalif rəhbərlərin belə demək mümkünsə, heç vecinə də deyil. Necə deyərlər, mən salim olum, cümlə cahan batsa da batsın. Hələlik isə müxalifət şefləri daha çox gəncləri qabağa verirlər və bununla onları faktiki olaraq düz olmayan yola istiqamətləndirirlər. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oktyabrın 20-də bəzi müxalifət partiyalarının gənc üzvlərinin Bakıda icazəsiz aksiya keçirməyə cəhd göstərməsinə münasibət bildirərkən bununla bağlı maraqlı fikirlər səsləndirib:

"Azərbaycanın sağlam gəncliyinə çağırış edirik ki, belələrinə təsir göstərsinlər və onların sıralarında belə məsuliyyətsiz, qanun keşikçilərinin çağırışlarına tabeçilik nümayiş etdirməyən belə gəncləri özləri tərbiyə etsinlər". Onun sözlərinə görə, 200-ə qədər gəncin qanunlara meydan oxumağa cəhd göstərməsi və müvafiq olaraq onların qarşısının alınması bütün dünya ölkələrində baş verən hadisədir: "Biz bunu, ilk növbədə, o gənclərin məsuliyyətsizliyi kimi və onları bu işə təhrik edən insanların məsuliyyətsizliyi kimi dəyərləndiririk. Nə belə hallarla Azərbaycan dövlətini sarsıtmaq olar, nə onun polisini öz fəaliyyətindən çəkindirmək olar, nə də mövcud sabitliyi pozmaq olar. Biz belə halları görmüşük və bundan sonra da belələri olacaqsa, qarşısı alınacaqdır". Siyasi müxalifətin bu qəbildən olan hadisələrdən istifadə etmək cəhdlərinə gəlincə isə, Həsənov bildirib ki, onlar həmişə belə hallardan istifadə etməyə çalışıb, həmişə belə gəncləri bu işlərə təhrik edərək onların arxasında öz siyasi fəaliyyətlərini reallaşdırmağa çalışıblar:

"Bu da baş tutmayıb və bundan sonra da baş tutmayacaq".

Məumatlara görə, İctimai Palata icazəsiz aksiyalır davam etdirmək istəyir. Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı qeyd edir ki, radikal müxaliflər daim beynəlxalq aləmdən və onların münasibətindən danışırlar, amma cavab verə bilmirlər ki, hansı ölkədə qeyri-qanuni aksiya, vətəndaşlara vəhşicəsinə zərər yetirmək hüquqi norma kimi qəbul edilir: "Əgər onlar həqiqətən qanuni, normal mitinqin tərəfdarıdırlarsa, ancaq öz etirazlarını bildirmək istəyirlərsə, bunu paytaxt meriyasının onlara ayırdığı yerdə də edə bilərlər. Onlar şəhərin mərkəzini seçməklə, sadəcə, qarışıqlıq yaratmaq istəyirlər... Çünki onlara ayrılan yerdə qanuni şəkildə öz etirazlarını bildirsələr, həqiqətən dedikləri kimi, guya xalqın bir hissəsinin səsini ifadə etsələr, bu, eşidiləcək. Parlamentə qarşı etiraz aksiyası keçirmək o deməkdir ki, gərək elə parlament binası önündə aksiya keçirsinlər? Bu onların keçmiş təfəkkürüdür. Azərbaycanda kütləvi aksiyaların keçirilməsi ilə bağlı qanun var və orada dövlətə məxsus binaların qarşısında bunun keçirilməsi yolverilməzdir. Milli Məclis də qanunverici orqandır, dövlətə məxsusdur və onun binası qarşısında bu cür iğtişaş törədici aksiyaların keçirilməsi qanuna ziddir. Ona görə də istənilən belə qanunsuz aksiyaya orada imkan verilməyəcək. Xüsusilə də İctimai Palata deyilən qurumun parlament önündə keçirmək istədiyi aksiya özü kimi uğursuz alınacaq".
Sizin Reklam Yeriniz