Əlaqə Arxiv
news Image
2012.10.25
08:02
| A A A
Əmək miqrantları hesabına büdcədən milyonlarla vəsait yayındırılır
Azər Allahverənov: "Həmin məbləğ hesabına bir çox sosial müavinət və təqaüdlərin ödənilməsini genişləndirmək olardı"

Azərbaycanda baş verən iqtisadi inkişaf artıq əcnəbiləri də iş dalınca ölkəmizə gəlməyə vadar edir. Hazırda Azərbaycanda qeydiyyata alınmış 13200-dən bir qədər artıq xarici əmək miqrantı vardır. Ölkəmizdə əmək miqrantlarının işləməsi üçün kvotanın miqdarı isə 10 mindir. Qeyri-rəsmi məlumatlara görə ölkəmizdə iş dalınca gələn miqrantların sayı yuxarıda qeyd olunan rəqəmdən ən azı 5 dəfə çoxdur.

Belə ki, ölkəmizdə 70 mindən çox əmək miqrantının çalışdığı bildirilir. Həmçinin xarici miqrantların ölkəmizə gəlməsi prosesi davam etməkdədir. Bura gələnlər əsasən neft sektoru və tikinti sahəsində çalışanlardır. Neft sektorunda çalışanlar müqavilə əsasında Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin işçiləri kimi fəaliyyət göstərirlər. Tikinti sahəsinə gəldikdə isə bəzi xarici mütəxəssislər bu prosesə cəlb olunublar. Bundan başqa tikintidə fəhlə kimi çalışan əcnəbilər də az deyildir. Onu da qeyd edək ki, əmək miqrantları əsasən Çin, Hindistan, İran, Türkiyə və Gürcüstandan olanlardır.

Məlumdur ki, hər bir ölkə ərazisində olan miqrantların qeydiyyata alınması vacibdir. Bu, onların sosial-siyasi müdafiələri baxımından da önəm daşıyır. Digər tərəfdən, ölkəmizə əmək miqrantlarının axınında maraqlı tərəflərdən biri də onlara burada iş verənlərdir. Buradakı müəssisəsində əcnəbini işə götürməkdə maraqlı olanlar bununla bir çox məqsədlər güdürlər. Belə ki, xarici vətəndaşların qeydiyyatdan kənar əmək miqrasiyasına cəlb edilməsi onu işə götürənin vergidən yayınması anlamına gəlir. Digər tərəfdən, belədə işə götürən ona az əmək haqqı verir, özü isə daha çox qazanır. Bu amil onu göstərir ki, Azərbaycanda qeyri-qanuni əmək miqrantların sayının artmasında onları işə götürənlərin də "əməyi" vardır.

Qeyd edək ki, Qazaxıstanda qeyri-qanuni əmək miqrantları ilə bağlı mövcud problemi həll etmək üçün həmin əcnəbiləri işə götürənlərə qarşı cəzaları sərtləşdiriblər. Görəsən, ölkəmizdə də belə bir addımın atılması mümkündürmü? Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov öncə vurğuladı ki, qeyri-qanuni əmək miqrantlarının çoxluğu külli miqdarda vəsaitin dövlət büdcəsindən yayınmasına gətirib çıxarır: "Azərbaycanda bir sıra sahələr var ki, buradakı iş yerləri yerli vətəndaşlar tərəfindən tutulmur. Belədə həmin boş iş yerləri növbəti il üçün müəyyən olunan əmək kvotası siyahısına salınır. Burada konkret olaraq əcnəbilərin hansı sahələr üzrə əmək fəaliyyətilə məşğul ola biləcəyi göstərilir. Bu yolla da həmin vakant yerə əcnəbi cəlb oluna bilər. Bu kvotada hər il 10 min iş yeri həcmində göstərilir. Amma kvotadan kənar əmək fəaliyyətilə məşğul olma məqamları vardır ki, bu proses üzərində dayanmaq lazımdır. Böyük sayda əcnəbi vətəndaş əmək kvotasından kənar əmək fəaliyyətilə məşğul olur. Onu da deyim ki, qanunvericiliklə əmək kvotası fərdi icazə alınması gərəkli bilinən əcnəbilər üçün nəzərdə tutulur. Amma elə əcnəbilər də var ki, onlara fərdi icazənin alınmasına ehtiyac yoxdur. Məsələn, diplomatik korpusun nümayəndələri üçün belə bir icazəyə lüzum yoxdur. Qeyri-qanuni miqrantlarının əmək fəaliyyətilə məşğul olmaları heç də rəsmiləşmir. Restoran, gözəllik salonları və satış nöqtələrində çalışan əcnəbilərlə əmək müqaviləsi bağlanmır. Belədə 10 minlərlə insan əmək müqaviləsi bağlamadan əmək fəaliyyətilə məşğul olur. Əmək müqaviləsinin olmadığı halda vergi köçürmələri də olmur. Çünki belə fəaliyyətlə məşğul olan əcnəbilərə verilən məvaciblər nəğd şəkildə ödənilir. Bir sıra tikinti sahəsində çalışan əcnəbilərin maaşı isə iş verən şirkətlər tərəfindən onların ölkəsindəki öz hesablarına köçürülüb. Belə hallara Hindistan, Çindən bura gəlib çalışanlar arasında rast gəlinib. Bunun özü də vergidən yayınma halıdır. Orta hesabla götürsək, əcnəbilərin qeyri-rəsmi olaraq işləməsi nəticəsində ay ərzində çox böyük həcmdə vergidən yayınma halları baş verir. 70 min əcnəbinin qeyri-qanuni işlədiyini nəzərə alaraq, onlardan tutulmalı olan verginin məbləğini orta hesabla 100 manata vursaq, ay ərzində böyük miqdarda vergidən yayınma hallarının baş verdiyini görərik. Bu da təbii ki, böyük miqdar maliyyənin dövlət büdcəsindən kənar qalması deməkdir. Hansı ki, həmin məbləğ hesabına bir çox sosial müavinət və təqaüdlərin ödənilməsini genişləndirmək olardı".

Həmsöhbətimizin fikrincə, qeyri-qanuni miqrantlarla bağlı məsələ özünü kəskin şəkildə göstərdiyi təqdirdə, Azərbaycanda da daha sərt tədbirlərə keçmək, o cümlədən işə götürənlərə qarşı cəzaları ağırlaşdırmaq olar. Amma bütün hallarda problemdən əsas çıxış yolu məsələyə kompleks yanaşmadan keçir: "İstənilən halda və istənilən yerdə qanunsuz əmək miqrantları ilə bağlı problem özünü daha qabarıq şəkildə göstərdikdə onun qarşısını almaq üçün daha sərt tədbirlərə əl atırlar. Bu sərtləşmə həm qanunvericiliyə daha sərt tədbirlərin daxil edilməsi, həm də müvafiq strukturların məsələyə daha konseptual şəkildə yanaşmasını tələb edən bir məsələdir. Qeyri-qanuni miqrasiya geniş vüsət alırsa, onun qarşısını almaq çox vacib hal olmalıdır və bu zaman həmin miqrantları işə götürməkdə maraqlı olan sahibkarlara qarşı cəzaları da sərtləşdirmək mümkündür. Müvafiq icra strukturlarının nəzarət mezxanizmi də tətbiq olunmalıdır. Digər tərəfdən miqrantlar arasında maarifləndirmə işləri də güclü şəkildə aparılmalıdır. Miqrantın və burada ona iş verənin hüquqları da təmin olunmalıdır. Yəni burada bütün tərəflərin maraqları tarazlaşdırılmış şəkildə nəzərə alınmalıdır. Bütün hallarda düşünürəm ki, qeyri-qanuni miqrantlarla bağlı problemin həlli heç də sərt tədbirlərdən keçmir. Məsələnin həlli təkcə qeyri-qanuni miqrantı işə götürənə münasibətdə cəzanın sərtləşdirilməsindən deyil, prosesə kompleks yanaşmanı tələb edir".
Sizin Reklam Yeriniz