news Image
2012.10.25
07:15
| A A A
Ermənilərin tikdiyi aeroport Azərbaycana qalacaq
“İşğal olunmuş Azərbaycan ərazisində aeroportun açılması istəyi də beynəlxalq hüququn pozulması deməkdir”

Bilindiyi kimi ermənilər işğal etdikləri Azərbaycan ərazisində hava limanını istifadəyə vermək və buradan uçuşlar həyata keçirmək istəyir. Buna münasibət bildirən Prezident Administrasiyasının (PA) xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov qeyd edib: "Çox təəssüflər olsun ki, hazırda dünyadan gedən dövlətlərarası münasibətləri tənzimləyən böyük dövlətlər və onların himayəsi altında olan təşkilatlar özlərinin yaratdıqları beynəlxalq hüququ bəzən unudurlar. Bütün bunlar düzgün deyil və bunu etmək olmaz. Onlar başa düşməlidirlər ki, dünyada mövcud olan universal dəyərlər arasında ən vacibi ədalət prinsipidir. Buna hər zaman əməl etmək lazımdır. İndi dünyada mövcud olan beynəlxalq münasibətləri və hüququ nəzarətdə saxlayan dövlətlər maksimum ədalətli olmalıdırlar ki, onlara inam itməsin. Əgər belə olmasa, o zaman həmin dövlətlərə və təşkilatlara da inam azalacaq. İşğal olunmuş Azərbaycan ərazisində aeroportun açılması istəyi də beynəlxalq hüququn pozulması deməkdir. Azərbaycan dövlətinin bu məsələ ilə bağlı artıq rəsmi mövqeyi də mövcuddur. Buna görə də narahat olmağa dəyməz. Çünki, həmin ərazi Azərbaycanındır və onu kimin tikməsindən asılı olmayaraq, həmin hava limanı da Azərbaycan dövlətinə qalacaq".