Əlaqə Arxiv
news Image
2012.10.31
06:43
| A A A
ATƏT-in Minsk qrupu ləğv edilə bilər
Fəaliyyəti heç bir nəticəyə gətirib çıxarmayan qrupun formatında yeniliklər vacib sayılır

Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun aciz olması artıq ötən zaman müddətində öz təsdiqini tapıb. Bu səbəbdən ekspertlər bildirir ki, Minsk qrupunun əvəzlənməsi proseduruna artıq başlanmalıdır. Azərbaycan tərəfi isə mövcud formatda ATƏT-in Minsk qrupunun fəaliyyətinin hər hansı nəticə verməməsindən olduqca narazıdır və bunu açıq bəyan edir.

Məsələn, YAP icra katibi Əli Əhmədov bildirir: "Minsk qrupu çərçivəsində aparılan danışıqlar münaqişənin nizama salınmasına praktik kömək göstərilməsindən ibarətdir. 20 ildən çoxdur ki, münaqişə həll oluna bilmir və bir qurum ki, 20 il ərzində üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə, hesab edirəm ki, formatda hansısa ciddi dəyişikliklər etməyə ehtiyac var. 20 il ərzində münaqişənin həllində irəliləyiş olmayıbsa, eyni formatda aparılan danışıqların nəticə verəcəyinə nə dərəcədə inanmaq olar? Bu inam üçün insanda yüksək optimizm olmalıdır. Düşünürəm ki, Azərbaycan xalqında artıq bu optimizim yoxdur. Ancaq ədalətli bir vasitə tapılmalıdır ki, münaqişə həll olunsun, 100 minlərlə insanın əziyyətinə son qoyulsun".

Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə bundan öncə Dağlıq Qarabağ probleminin aradan qaldırılmasında ATƏT-in imkanlarının geniş olduğunu bildirib: "ATƏT-in Minsk qrupunun münaqişənin həlli üçün böyük imkanları var, amma bu imkanlardan istifadə etmir". B.Muradova qeyd edib ki, işğalçı Ermənistana təzyiqlər göstərilmədiyi üçün bu qurumun fəaliyyəti Azərbaycan cəmiyyətində narazılıq doğurur. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycana və digər bölgə dövlətlərinin inkişafına təsir göstərir.

B.Muradova qeyd edib ki, son vaxtlar Minsk qrupunun həmsədrləri münaqişənin həllindən daha çox, münaqişənin yenidən alovlanmasına yol verilməməsini vacib amil kimi ortaya qoyurlar. Milli Məclis deputatı Musa Qasımlı isə bildirir: "1992-ci ildən yaradılmış ATƏT-in Minsk qurupu özünün fəaliyyəti ilə artıq etimadı, ona olan inamı itirib". M.Qasımlı bildirib ki, Mink qrupu abstrakt bir qurum deyil, o, ayrı-ayrı ölkələrdən ibarətdir. Onun sözlərinə görə, biz ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini tənqid etməklə bərabər, onların fəaliyyətinin gücləndirilməsi üçün öz işimizi görməliyik: "Biz mütləq həm ikitərəfli, həm də çoxtərəfli əsasda Minsk qrupu ilə və bütövlükdə Minsk konfransına daxil olan ölkələrlə iş aparmalıyıq, eyni zamanda, həmin ölkələrlə ikitərəfli münasibətləri də genişləndirməliyik. Amma bu sirr deyil ki, dünyada ikili standartlar var və bu ikili standartların da hesabına Dağlıq Qarabağ münaqişəsi indiyə qədər həll olunmayıb. Münaqişənin həllində bütün hallarda danışıqlara, sülh variantına üstünlük vermək lazımdır və neçə illərdir Azərbaycan bunu edir. Yəni hələ ki, sülh imkanları tükənməyib və əvvəl-axır bu münaqişə həllini tapacaq".

Faktdır ki, qrup problemin çözümü üçün hər hansı effektiv fəaliyyət göstərməyib və bundan sonra göstərə biləcəyi də inandırıcı görünmür. Digər tərəfdən, həmsədrlər arasında hazırda yeganə aktiv tərəf kimi yalnız Rusiya çıxış edir. Ekspertlər isə hesab edir ki, qrupun tərkibinə ya Türkiyə daxil olmalı, ya da bu format ümumiyyətlə, ləğv edilməlidir. İndiki şəraitdə belə fikirlər də səslənir ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsinə ehtiyac yoxdur. Lakin bir sıra ekspertlər də bildirir ki, Minsk qrupunun fəaliyyətini davam etdirməsi hələlik Azərbaycana lazımdır. Bununla belə qeyd olunur ki, ATƏT-in həmsədrlərindən biri müsəlman dövləti olmalıdır. ATƏT-in ən azı Türkiyəni və ya bitərəf ölkələrdən birini bu işə qoşmalı olduğu vurğulanır. Xatırladaq ki, BMT-nin qətnamələrinin olmasına baxmayaraq, Azərbaycanın ərazi problemləri öz həllini tapmayıb. Belə davam edərsə, proseslər hərbi müstəviyə keçəcək. Azərbaycan da hərbi müstəvidə öz sözünü demək qabiliyyətindədir.

Digər tərəfdən, nəzərə almalıyıq ki, Minsk qrupunu da BMT yaradıb. Bu nöqteyi-nəzərdən beynəlxalq qurumlar bir-biri ilə sıx əlaqədə olduğundan Minsk qrupunu ləğv etmək o qədər də asan məsələ deyil. Amma danışıqlar prosesi dalana dirənib və dalandan çıxmanın yolları aranmalıdır. Bu fonda bəzi ekspertlərə görə, Azərbaycan məsələnin BMT müstəvisinə keçirilməsini də təkid etməlidir. Yəni Minsk qrupunu ləğv etmək yox, problemin danışıqlar yolu ilə həllinin BMT müstəvisinə keçirilməsinə nail olunmalıdır.

Bu arada ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 27-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında keçirilmiş görüşlə bağlı bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, həmsədrlər tərəflər arasında gərginliyin azaldılmasının əhəmiyyətini vurğulayıb, sülh prosesinin irəliləməsi üçün işçi təklif şəklində ideyalarını təqdim ediblər. Öz növbəsində, nazirlər sülh nizamlanmasına nail olunması üçün həmsədrlərlə işi davam etdirmək niyyətində olduqlarını bir daha təkrarlayıblar. Nazirlər və vasitəçilər bu ideyaların həmsədrlərin noyabrda regiona nəzərdə tutulan səfərləri zamanı müzakirə olunması barədə də razılığa gəliblər.
Sizin Reklam Yeriniz