news Image
2012.11.01
06:49
| A A A
Qarabağ münaqişəsi yenidən alovlanır
Natiq Miri: “Çox az vaxt çərçivəsində Azərbaycan bütövlükdə Ermənistanın həyatını iflic edə bilər” Üzeyir Cəfərov: “Ermənistanı tam çökdürə bilən yeganə obyekt Metsamor Atom Elektrik Stansiyasıdır”

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulması üçün ATƏT-in Minsk qrupunun vasitəçiliy ilə aparılan danışıqlar hələ də bir nəticə vermir. BMT-nin Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş məlum 4 qətnaməsi də icrasız və tələbsiz olaraq qalmaqdadır. Bu fonda Azərbaycan tərəfi məsələnin çözülməsində hərb yolunu da daim alternativ variant kimi gündəmdə saxlayır. Müdafiə Nazirliyinin mətbuat xidmət rəisi Eldar Sabiroğlu isə belə bir vaxtda bildirib ki, yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad edilməsinin şahidi olacağıq.

Nazirlik əməkdaşı həmçinin onu da qeyd edib ki, Ermənistanın elə obyekti Azərbaycanın hədəfindədir ki, bir neçə dəqiqə ərzində onu vura bilər: "Bu da bir dövlət kimi Ermənistanın taleyini sual altına qoyur".

Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, danışıqlar prosesində heç bir irəliləyiş olmadığı halda Müdafiə Nazirliyinin rəsmisi tərəfindən yaxın tezlikdə torpaqların azad olunacağına dair açıqlama verilir. Bu isə Azərbaycanın məhz güc yolundan istifadə edəcəyini və bunu yaxın tezlikdə reallaşdıracağı ehtimalını artırır.

Ekspertlər də hazırda gedən proseslərin fonunda müharibə barəsində müxtəlif fikirdədirlər. Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri hesab edir ki, bu gün belə bir müharibə təhlükəsi var: "Bu, təkcə Azərbaycan və Ermənistan daxilində səslənən yox, artıq dünya ekspertlərinin fikirlərinə çevrilib. Bütün müşahidələr də göstərir ki, uzun müddətli sülh danışıqları nəticə vermirsə, prosesin masadan hərbi müstəviyə keçməsi riski artır. Bu təhlükə var və hər an da alova çevrilə bilər. Bunun üçün çox kiçik hərəkət belə tərəfləri cəbhədə ciddi addımlar atmağa vadar edə bilər. Ancaq digər tərəfdən nəzərə almaq lazımdır ki, regionda hərbi siyasi vəziyyət gərgindir. Odur ki, belə bir münaqişənin başlaması nəinki regional, hətta qlobal səviyyədə qarşıdurmaya aparıb çıxara bilər. Ona görə də burada tək tərəflərin qərarları yetərli deyil. Tərəflər regional faktorları nəzərə almaq məcburiyyətindədirlər. Bunun çərçivəsində Yaxın Şərqdə Suriya və bizim regionda İranla olan gərgin münasibətləri misal gətirmək olar. Belə bir münaqişənin regionda başlaması böyük dövlətlərin prosesə qoşulması təhlükəsini yaradır. Ona görə də tərəflər ehtiyatlı davranmaq məcburiyyətindədirlər. Fransadakı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü də bu kontekstdə dəyərləndirmək lazımdır. Yəni, məhz müharibə təhlükəsinin qaşısını almaq üçün dünya gücləri münaqişə tərəflərini masa arxasına çəkir. Əslində heç masa arxasında da hansısa ciddi məsələnin həllini görmək mümkün deyil. Amma dünya gücləri fikirləşir ki, hərbi müstəvidənsə, danışıqların aparılması və yaxud da belə bir görüntünün yaradılması daha məqbuldur. Ona görə də bu gün Minsk qrupu status - kvonun saxlanılmasında maraqlıdırlar".

Azərbaycanın hədəfində olan Ermənistan obyektləri məsələsinə gəldikdə isə ekspert bunların strateji obyektlər olduğunu bildirir: "Yəqin ki, bunların içərisində həm hərbi, həm elektrik, qaz infrastrukturları və "Metsamor" Atom Elektrik Stansiyası nəzərdə tutulur. Ona görə də onu nəzərə alaq ki, çox az vaxt çərçivəsində Azərbaycan bütövlükdə Ermənistanın həyatını iflic edə bilər. Yəni, bütün enerji və qaz infrastrukturlarının dağıdılması nəticəsində orada həyat iflic ola bilər. Üçüncü - son nöqtə də Atom Elektrik Stansiyasıdır ki, onun vurulması kiçik Ermənistanın məhvinə gətirə bilər. Amma onu da nəzərə alaq ki, Atom Elektrik Etansiyası vurularsa, bunun fəsadları təkcə Ermənistana yox, İran, Türkiyə, Azərbaycan və Qara dəniz ətrafı bir çox ölkələrdə də hiss ediləcək. Bu da arzuolunmazdır. Amma Ermənistan Azərbaycanın hansısa strateji obyektlərini vurmağa cəhd edərsə, Azərbaycan da bu addımları atmaq hüququnu özündə saxlayır".

Hərbi ekspert Üzeyir Cəfərov isə məsələyə bir qədər fərqli yanaşır: "2013 - cü ildə müharibə ola bilməz. Çünki, gələn il Azərbaycan və Ermənistanda prezident seçkiləridir.

Amma bütövlükdə bu məsələnin həlli həm də Rusiyaya bağlıdır. Rusiyanın hoqqabazlığının nəticəsidir ki, Ermənistana havadarlıq etməklə torpaqlarımızı işğal altında saxlayıb. Fəaliyyətsiz ATƏT-in Minsk qrupu da heç bir konkret addımlar atmaq iqtidarında deyil. Biz isə dünya dövlətləri arasında özümüzə yer almışıqsa, BMT-nin məlum 4 qətnaməsini əsas tutub, tələblər etməliyik. Əgər BMT heç bir məsələni həll etmək iqtidarında deyilsə, bu qətnamələr nəyə lazımdır? Onda imkan verin Azərbaycan özü torpaqlarını işğaldan azad etsin. Buna da Azərbaycanın gücü çatır. Yaxud da Azərbaycan beynəlxalq qurumlar qarşısında konkret vaxt qoymalıdır. Əgər həmin vaxta qədər məsələ həllini tapmasa, Azərbaycan bütün vasitələrdən istifadə edib, ərazi bütövlüyünü bərpa etməlidir. Onda beynəlxalq qurumlar Ermənistana təzyiq göstərəcəklər".

Ekspert nazirlik rəsmisinin fikrinə istinadən bildirir ki, Ermənistanı çökdürə bilən yeganə obyekt "Metsamor" Atom Elektrik Stansiyasıdır: "Başqa obyekt yoxdur. Çünki, Ermənistan o qədər də böyük əraziyə malik deyil. Əgər tərəfimizdən ona zərbə vurularsa, bundan qardaş Türkiyə, Gürcüstan və Azərbaycanın özü də əziyyət çəkə bilər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs