news Image
2012.11.02
07:31
| A A A
İcarədarlar büdcədən milyonlar yayındırırlar
Ruslan Atakişiyev: “Müqavilənin bağlanmamasında hər iki tərəf maraqlıdır” Nazim Məmmədov: “Bunun əsas məqsədi vergidən yayınmaqdır”

Məlumdur ki, bu gün şəhərlərimizdə olan xidmət, ticarət və s. obyektlərinin bir qismi icarə əsasında fəaliyyət göstərir. Amma iş burasındadır ki, həmin obyektlərin demək olar ki, çoxu icarə əsasında fəaliyyət göstərsə də, rəsmi icarə müqavilələri olmur. Olsa belə orada ikili mühasibatlıqdan istifadə edilir. Bu isə milyonlarla manat həcmində vəsaitin vergidən, beləliklə də büdcədən yayınmasına səbəb olur.

Onu da bildirək ki, qeyd olunan xüsusda respublikamızda fəaliyyət "İcarə haqqında" qanunla tənzimlənir. Lakin bir çox icarədar və icarəçilər əsasən vergidən yayınmaq üçün müvafiq qanun tələblərinə riayətdən yan keçə bilirlər. Amma ekspertlərin fikrincə, burada tərəflərin tək məqsəd vergidən yayınmaq deyil. İqtisadi Resusrların Öyrənilməsi Mərkəzinin rəhbəri iqtisadçı ekspert Ruslan Atakişiyev qeyd edir ki, tərəflər arasında icarə müqavilələrinin bağlanmaması hüquq pozuntularının genişlənməsinə, xüsusilə də sonradan öhdəliklərin yerinə yetirilməməsinə gətirib çıxarır: "Çox vaxtı icarə müqaviləsinin olmamasından insanlar sonda icarə verdiyi yerdəki icarəçinin məhsullarına sahib çıxmaq iddiası ilə çıxış edə bilirlər". Ekspert bildirir ki, icarə müqaviləsindən yayınmaların bir neçə səbəbi var: "Birincisi, burada mülkiyyətə sahiblik məsələsidir. Bir sıra hallarda icarədarın mülkiyyət sahibi hüququ olmur. Ona görə də o, əmlakı icarəyə verərkən rəsmiləşmədən qaçmağa çalışır. İkincisi, öhdəlik olmadığına görə məsuliyyətdən asanlıqla yayına bilmə məsələsidir. Bundan başqa razılaşmada ödəniş məbləğini bildirməmək üçün müqavilə bağlanılmır. Müqavilələr bağlananda belə, orada çox cüzi məbləğ göstərilir. Halbuki razılaşmada məbləğ çox böyükdür. Həmçinin istədiyi vaxtda razılaşmanı pozmaq da müqavilədən yayınmağa gətirib çıxarır. Burada həmçinin icarəçinin özü də müqavilənin bağlanmamasında maraqlı olurlar. Birinci səbəb ondan ibarət olur ki, müqaviləyə uyğun dövlət ödənişlərini etməsin. İkincisi isə əgər bir neçə yerdə əmlakı varsa, onu gizlətmək mahiyyəti daşıyır".

Ruslan Atakişiyev onu əlavə etdi ki, bu sahədə "İcarə haqqında" qanun mövcuddur: "Qanunvericilikdə proseslər öz əksini tapıb. Ona görə də yayınmaların aradan qaldırılması üçün qanunvericilik daha da işlək hala gətirilməlidir. Həmçinin bu sahəyə nəzarət güclənməlidir. Üçüncü məqam isə ondan ibarətdir ki, həm icarədar, həm də icarəçi maarifləndirilməlidir. Çünki, onlar bilməlidirlər ki, icarə müqaviləsi olduqda proses zamanı yaranan bütün problemlər qanunvericilik çərçivəsində yolunu tapır. Maarifləndirmə olanda tərəflərin özləri müqavilənin olmasında maraqlı olacaqlar. Bundan başqa beynəlxalq təcrübə tətbiq olunmalıdır".

Digər iqtisadçı ekspert Nazim Məmmədov da bu gün həm evlərin, həm də biznes obyektlərinin kirayəyə verilməsinin müqavilə əsasında həyata keçirilmədiyini bildirir: "Əgər müqavilə olduqda belə o, ikili müqavilə olur və məbləğ çox aşağı göstərilir. Bunun da əsas məqsədi vergidən yayınmaqdır. Ancaq kommersiya obyektlərinin vergidən yayınması ilə bağlı önləyici tədbirlərdən biri kimi Nazirlər Kabinetinin qiymətləndirmə ilə bağlı qərarı var. Belə ki, Bakı şəhərində, o cümlədən Azərbaycanın müxtəlif yerlərində rayonlar müəyyən olunur. Həmin rayonlarda minimal kvadrat metr müəyyən olunur. Xidmət, istehsal və s. ticarət sahələri üçün minimal qiymətlər təyin olunur. Bu qiymətdən aşağı qiymətdə müqavilə bağlayan fiziki və hüquqi şəxslərə vergilər nazirliyi qanunla cərimə tətbiq edə bilər. O, normaları tətbiq etməklə dövlətin büdcəsinə olan vergiləri tam ödətdirə bilər. Eyni zamanda vergilər nazirliyinin xronimetraj aparmaq funksiyası da var. Yəni, hansısa müəssisədə şübhələr varsa, onun ətrafında olan obyektlərin müvafiq müqavilələrini ortaya çıxarda bilər. Əgər həmin rəqəmlər bir-birindən kəskin dərəcədə fərqlənirsə, mübahisələndirə və əlavə hesablamalar apara bilər".

Nazim Məmmədov onu da əlavə etdi ki, Mülki Məcəllədə bildirilir ki, 2 fiziki və ya hüquqi şəxsin aralarındakı müqavilə onların özlərinə aiddir: "Danışıq yolu ilə istənilən qiyməti müəyyənləşdirə bilərlər. Ancaq kəskin şübhə varsa, bunun üçün vergilər nazirliyi müfaviq tədbirlər görə bilər. Amma Azərbaycanda qiymətləndirmə institutu çox zəifdir. Vaxtı ilə Milli Məclisdə olanda reyester fəaliyyəti haqqında qanun lahiyəsi təqdim etdim, amma müzakirə olunmadı. Orada makler haqqında fəaliyyətin qanun səviyyəsində olması göstərilirdi. Maklerlər reyesterlər olmalı və lisenziya almalıdırlar. Özləri bir-birinə etibar edərək assosiasiya yaratmalıdırlar. Onların da rəyinə normal yanaşılmalıdır. Çünki, bazar iqtisadiyyatı yer almış bütün ölkələrdə ekspertlərin qiymətləndirməsinə çox normal yanaşıb, düzgün hesab edirlər. Amma Azərbaycanda bu sahə qanunla nizamlanmadığına görə qiymətləndirmə də müxtəlif ola bilər. Ona görə də burada qeyri - həqiqiliyə və sui - istifadələrə də yol açıla bilər".