Əlaqə Arxiv
news Image
2012.11.03
07:47
| A A A
İrandan Azərbaycana böyük narkotik təhdidi
Cənub qonşumuzda narkotik maddə sənayesi sintetik narkotikin rekord istehsalına nail olub

Danılmaz həqiqətdir ki, bu gün Azərbaycana daxil olan narkotik maddələrin böyük əksəriyyəti cənub qonşumuz İran vasitəsilə ölkəmiz ərazisinə daxil olur. Azərbaycan hüquq-mühafizə orqanlarının zərərsizləşdirdiyi cinayətkar qrupların təhlili göstərir ki, Əfqanıstanda istehsal olunan opium, eləcə də kustar üsulla istehsal edilən heroini İran vasitəsilə Azərbaycana keçirmə cəhdləri, eləcə də Azərbaycan üzərindən Rusiyaya aparılma halları müşahidə edilir.

Xüsusilə də, İran vasitəsilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən keçməklə Gürcüstan və daha sonra Türkiyə-Avropaya çatdırılma halları müşahidə olunur. Bu isə sübut edir ki, Əfqanıstan narkotiklərinin İran vasitəsilə Azərbaycana keçirilməsi təhlükəsi hələ də qüvvədədir.

Belə bir vaxtda ABŞ-ın nüfuzlu mətbu orqanlarından olan "Washington Post" qəzeti yazır ki, Qərbin sanksiyaları ölkənin iqtisadiyyatını tükəndirdiyi bir vaxtda bəzi iranlılar "gözlənilməz" mənbədən "qaz vurub, qazan doldururlar". Hətta İran rəsmiləri də etiraf edirlər ki, narkotik maddə sənayesi çox güclü sintetik narkotikin rekord istehsalına nail olub.

Qəzetin müxbiri Cobi Varrik yazır ki, dünyada tiryək aludəçilərinin ən yüksək sayına malik ölkələrdən biri olan İrandan narkotik qaçaqmalçılığının kəllə-çarxa vurması Avropadan tutmuş Cənub-Şərqi Asiyaya qədər bir çox ölkələrdə kəşfiyyat orqanlarının həyəcanına səbəb olub. Söhbət ondan gedir ki, İranda yüksək keyfiyyətli metamfetamin maddəsi istehsalının gəlhagəli başlanıb. Metamfetamin təbabətdə istifadə olunsa da, ABŞ da daxil olmaqla, əksər ölkələrdə təhlükəli narkotik maddə kimi qadağan olunub və nəzarət altındadır.

müəllif yazır ki, narkotik maddələrlə bağlı zorakılıq indi İrandan Qafqaza yayılmaqdadır. Region rəsmiləri bildirirlər ki, narkotik maddə qaçaqmalçıları polis və sərhəd qoşunları ilə amansız döyüşlərə girməkdən belə çəkinmirlər. Qəzet yazır ki, İranın şimal qonşusu olan Azərbaycanda İran qaçaqmalçılarının təkmilləşdirilmiş sürət katerləri Azərbaycanın dəniz patrulları tərəfindən təqib olunur. Qərb və Yaxın Şərq rəsmiləri bildiriblər ki, İranın narkotik maddə qaçaqmalçıları ABŞ istehsallı gecə durbinlərindən, bombalardan və hətta sərhəd-buraxılış məntəqələrini vurub keçmək üçün zirehli maşınlardan istifadə edirlər.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəis müavini general-mayor Fərhad Tağızadə "Washington Post" qəzetinə müsahibəsində deyib ki, onalr irəlidə olmaq üçün daim yeni metodlardan istifadə edir.

Hakimiyyət deyir ki, narkotik qaçaqmalçıları İranla Əfqanıstan arasında tikilmiş divarda deşiklər açmaq üçüb ağır silahlardan istifadə ediblər.

"Partlayıcı maddələr ilə dolu maşınların və hətta tankların iştirakı ilə divarlarda deşiklər açılıb", - adının açıqlanmaması şərtilə qəzetə müsahibə verən, Azərbaycanın yüksək rütbəli təhlükəsizlik rəsmisi belə deyib. O həmçinin qeyd edib ki, ələ keçirdiyi hərbi texnika haqqında, o cümlədən ABŞ birkası daşıyan "müasir gecə vaxtı görmə ləvazimatları" haqqında ABŞ diplomatlarını xəbərdar edib.

Avqust ayında Tağızadənin gəmilərindən biri kiçik iranlı gəmiyə yetişəndə "Qaçaqçılar iddia etdi ki, onlar balıq tuturlar, lakin aydın idi ki, bu yalandır" - məqalədə Fərhad Tağızadədən sitat gətirilir.

Gəmidə qeyri-qanuni maddələr tapılmasa da, əməkdaşlar gəminin ərazisində üç gün sualtı axtarış apardıqdan sonra sellofanda bükülmüş 10 kiloqram heroin tapıb.

ABŞ-nin İranla dimlomatik münasibətlərin olmamasına görə, məqalədə Azərbaycanla İran arasında narkotik maddələrin qaçaqlığına qarşı mövcud olan ittifaqın əhəmiyyəti qeyd olunub.

Qəzet yazır ki, İran rəsmiləri ölkədə narkomaniya probleminin olmasını etiraf edirlər, lakin bildirirlər ki, İran yüzlərlə polisin və sərhədçinin öldürüldüyü bu döyüşdə qurbandır.

Tehran bəyan edib ki, təkcə bu il 3 tonadək metamfetamin maddəsi müsadirə edilib və onlarca narkotik maddə qaçaqmalçısı edam olunub. İran Milli Polisinin başçısı, briqada generalı İsmayıl Əhmədi-Moghaddam İnterpolun bu il Tehranda keçirilən konfransında 11 ölkədən gəlmiş rəsmiləri əmin etmək istəyib ki, İranın metamfetaminə və heroinə münasibəti eynidir.

Lakin ABŞ və Qərb kəşfiyyat rəsmilərinin qənaətinə görə, İran ölkədən çıxan narkotik maddələrdən daha çox ölkəyə gələn narkotik maddələrlə maraqlanır və bu sahədə xarici partnyorlarla əməkdaşlıq etmir. ABŞ hüquq-mühafizə orqanlarının vəzifəli rəsmilərindən biri qəzetə deyib ki, "İran qaranlıq bir quyudur". "Washington Post" yazır ki, narkotik maddələr nəqlinin bir sıra marşrutlarını İnqilab Keşikçilərinin Qüds Qüvvələri himayə edir.

Qəzetin yazdığına görə, Qüds Qüvvələri Latın Amerikası da daxil olmaqla, dünya boyunca narkotik maddə nəqlinə nəzarət edən və Livanda mənzillənmiş "Hizbullah" təşkilatı ilə əlbirdir. ABŞ Narkotik Maddələrlə Mübarizə Administrasiyasının keçmiş əməliyyat rəisi Maykl Braun deyib: "Hər iki təşkilat hazırda qlobal narkotik maddə ticarətində yaxından iştirak edir". O bildirib ki, bu iştirak onlara Qərb yarımkürəsində və başqa yerlərdə terrorçu və kriminal fəaliyyətlə məşğul olmağa geniş imkanlar yaradır.

Ümumiyyətlə, İranda narkotiklərlə bağlı vəziyyət çox ağırdır. İranda narkotik vasitələrin istifadəçilərinin çox olmasına qonşu Əfqanıstanda ildən-ilə daha çox narkotik vasitələrin istehsalı böyük təsir edir. Bununla yanaşı, İran həşiş istehsalına görə dünyada birinci yerdədir.

Ölkədə istifadə olunmayan narkotik vasitələr isə qonşu ölkələrə, əsasən də Azərbaycan Respublikasına ixrac edilir. Diqqət edilsə, son illər İran-Azərbaycan sərhədində tutulan qaçaqmalçıların, demək olar ki, hamısı narkotik alverçiləridir. Fars narkobaronlar bu baxımdan işğal olunmuş ərazilərimizdən də istifadə edirlər. Hələlik isə Azərbaycana İrandan narkotik vasitələrin külli miqdarda daxil olması halları artmaqdadır. MTN və DİN-in keçirdiyi əməliyyatlar, sərhəd qoşunlarının sayıqlığı sayəsində həmin maddələrin ölkəyə daxil olmasının qarşısı əhəmiyyətli dərəcədə alınır. Lakin İranda narkotik maddələr istehsalının çoxalması bu maddələrin daha böyük miqdarda Azərbaycan ərazilərinə keçirilməsi üçün cəhdlər ediləcəyini də deməyə əsas verir.
Sizin Reklam Yeriniz