news Image
2012.11.03
07:55
| A A A
Ölümə aparan avtobuslar
Natiq Ələkbərov: “Son 2 ildə Bakı şəhərində sürücü kontingenti cavanlaşıb” Vaqif Əsədov: “Sərnişindaşımada çalışan sürücünün ən azı 5 il təcrübəsi olmalıdır”

Bəllidir ki, bu gün insan tələfatının böyük vüsət aldığı məkanlardan biri də avtomobil yollarıdır. Özü də müharibələri, kütləvi epidemiyaları nəzərə almasaq, elə yol qəzaları ölüm saçan ən böyük meydandır, deyə bilərik. Dünya üçün xarakterik bu problem Azərbaycanda da getdikcə aktuallıq qazanmaqdadır. Statistik rəqəmlər onu göstərir ki, bu ilin 9 ayında yol polisi əməkdaşları tərəfindən 727 min 14 yol hərəkəti qayda (YHQ) pozuntusu qeydə alınıb. Qeydə alınmış qəzalar nəticəsində 838 nəfər həlak olub.

Amma diqqət çəkən məqam ondan ibarətdir ki, göstərilən dövr ərzində avtobus qəzalarının sayında kəskin atım var. Belə ki, ilin 9 ayı ərzində sərnişindaşımada baş vermiş 86 qəzada 198 insan yaralanıb, 45 nəfər həyatını itirib. Elə sonuncu bu qisimdə olan hadisə 2 noyabr tarixində qeydə alınıb. Hadisə səhər saat 08:00 radələrində Zabrat-Maştağa yolunda qeydə alınıb. 198 saylı xətt avtobusu qarşıdan gələn digər sərnişin avtobusu ilə toqquşub, daha sonra isə işıqforun dirəyinə çırpılıb. Nəticədə hər iki avtobusda olan 10-dan çox sərnişin xəsarət alıb.

Ekspertlər isə hesab edirlər ki, son vaxtlar intensivləşən avtobus hadisələrinin kökündə digər amillər olsa belə, burada əsasən cavan sürücü faktoru rol oynayır. "Müstəqil Nəqliyyatçılar" Məsləhət və İnformasiya İctimai Birliyinin rəhbəri Natiq Ələkbərov bildirir ki, avtobus hərəkəti qəzalarının hər birində insan faktoru var: "Çünki, hadisədə sürücünün rolu böyükdür. Sürücü hərəkət qaydalarını pozduğu üçün bu hadisələr baş verir. Xüsusən də son 2 ildə Bakı şəhərində sürücü kontingenti dəyişib. Peşəkar sürücülər sərnişindaşımadan gediblər. Onları qeyri - peşəkar, cavan, sərnişindaşımada təcrübəsi olmayan sürücülər əvəz ediblər. Cavanlar da bu peşənin tələblərinə, müəyyən vərdişlərə hələ yiyələnə bilməyiblər. Onlarda hələ ki, sərnişindaşıma məsuliyyəti formalaşmayıb. Ona görə də onlar yol hərəkət qaydalarına əməl və daşınan insanların taleyində məsuliyyət hiss etmirlər. Peşəkar sürücülərin əksəriyyəti də qocalıb və bəziləri iş gərginliyindən bezib qaçıblar. Cavan sürücülərin isə müəyyən hissəsinin sürücülük kateqoriyası uyğun gəlmir. Hansısa sürücülük kursunda formal olaraq adını yazıb arayış gətirməklə yox, praktiki olaraq həmin sürücülər ən azından bir ay peşəkar avtobus sürücüsünün yanında təlim keçməlidir. Bundan başqa tez - tez dəyişən yol şəraitinin də müəyyən qədər təsiri vardır. Digər tərəfdən hadisələrə sürücülərin iş şəraiti də təsir edir. Çünki, sürücü gündəlik plan qarşısında məsuldur. Planı doldurmaq üçün yol şəraiti onun sürətini azaldırsa, vaxt tənzimləyə bilmir. O zaman avtobusu sürətlə idarə etməyə məcbur olur. Bu da müəyyən qəzalara səbəb olur".

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovnik - leytenantı Vaqif Əsədov bildirir ki, ümumiyyətlə, hadisələr sürücülərdən birinin və yaxud da hər ikisinin yol hərəkət qaydalarının pozulmasından qeydə alınır: "Yol polisi səlahiyyəti çərçivəsində də müəyyən tədbirlər həyata keçirilir. Yol hərəkəti qaydaları pozanları aşkar edib məsuliyyətə cəlb etməklə törədilən xətaların qarşısını almağa çalışırıq. Yaxud da Bakı şəhərində 400 nöqtədə 2000 - ə yaxın kamera var ki, gün ərzində bu kameralar vasitəsi ilə hərəkətə nəzarət edib hərəkət qaydalarını pozanların məsuliyyətə cəlb edilməsi üçün fotomateriallar hazırlayırıq. Bu da gün ərzində 500 - 700 qədər sürücüdür. Bütövlükdə funksional vəzifəmizə aid olan bütün göstəricilərə uyğun fəaliyyətimizlə hərəkətin təhlükəsizliyini təmin etməyə çalışırıq".

Vaqif Əsədov onu da əlavə etdi ki, sərnişindaşımada çalışan sürücünün ən azı 5 il təcrübəsi olmalıdır: "Küçə və yolları, kəsişmələri əzbər bilməlidir. Yalnız belə olan halda bu tipli sürücülər sərnişindaşımada iştirak edə bilərlər. Çox təəssüflər olsun ki, bu gün avtobus idarə etmək üçün müvafiq idarəetmə sənədi olan sürücülərimiz azdır. Sərnişindaşımada istər nəqliyyat nazirliyi, istərsə də Dövlət Yol Polisi tərəfindən daim nəzarət olub və olacaq. Bu gün də hər iki təşkilatın birgə tədbirləri davam etdirilir. Məqsədimiz sərnişindaşımada nizam - intizam yaratmaqdır. Ancaq bütövlükdə bu işin aidiyyatı qurumların üzərinə atılması da düzgün deyil. Çünki, müəyyən problemlər var ki, onlar bizdən asılı deyil. O problemlər də kökündən həll edilməlidir. Açıq etiraf etmək lazımdır ki, bu gün sərnişindaşıma ilə bağlı bir neçə təhlükəli vərdişlərimiz var. İlk növbədə, avtobus dayanacaqlarında piyadalar hərəkət zolağına çıxıb avtobus gözləməməlidir. Çünki, artıq müasir standartlara uyğun avtobus dayanacaqları istifadəyə verilib. İkinci mənfi məqam taksi fəaliyyəti ilə məşğul olan sürücülərin avtobus dayanacaqlarını zəbt etməsidir. Bundan başqa sərnişinlər hər yerdə sürücünün avtobusu dayandırmasını tələb etməməlidir. Avtobuslar ancaq dayanacaqda dayanmalıdır. Odur ki, ümumilikdə hər kəs yol mədəniyyəti nümayiş etdirməlidir. Qanunun tələblərinə riayət etməliyik. Yol polisi olmadan da öz hərəkətimizi tənzimləməyi bacarırıqsa, yol nəqliyyat hadisələrinin sayını minimuma endirə bilərik".