Əlaqə Arxiv
news Image
2012.11.07
07:31
| A A A
Banklarda qızıl dövrü başlanacaq?!
Yerli kommersiya banklarının bu məsələdə qardaş Türkiyənin təcrübəsindən istifadə etməsi zəruri sayılır

Dünya miqyasında hazırda bank sektorunu maraqlandıran əsas məqamlardan biri əhalidən və digər növ müştərilərdən daha çox əmanət qəbuluna nail olmaqdır. Çünki Qərb ölkələrində yaşanan iqtisadi böhran fonunda burada banklardan əmanətlərin kütləvi şəkildə geri çəkilməsi prosesi gedir. Bu isə indi bir çox Avropa banklarının ciddi maliyyə problemi ilə üzləşməsinə səbəb olub.

Belə vəziyyət bütövlükdə dünya iqtisadiyyatına təsir göstərir. Məsələn, dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda banklar daha Avropadan aşağı faizlə istədikləri həcmdə kreditlər cəlb edə bilmirlər.

Belə vəziyyətdə bankları maraqanlandıran əsas məsələ yuxarıda qeyd olunduğu kimi əhalidən müxtəlif formada daha çox əmanət qəbuluna nail olmaqdır. Bel əmanət növlərindən biri qismində isə qızıl çıxış edir. Xatırladaq ki, beynəlxalq ticarətdə qızıl çox vacib yer tutur. Hər ölkədə əldə edilən qızılın təxminən 60%-i dövlət tərəfindən külçə halında saxlanır. Hazırda Azərbaycanda bəzi özəl kommersiya bankları əhaliyə qızıl külçələrinin alqı-satqısını təklif edir. Məsələn, "Bank Respublika" əhaliyə Rusiya, "Xalq Bank" Avropa və Rusiya, "Bank Standard" isə İsveçrə istehsalı olan qızıl külçələrin satışı üzrə xidmətlər təklif edir. Lakin əsas məsələ əhalidən necə qızıl əmanətlərinin qəbuluna nail olmaqdır. Bu xüsusda qardaş Türkiyə bankları artıq müəyyən nailiyyətlərə imza atıblar. Qiymətləndirmələrə əsasən, Türkiyənin sakinlərində dəyəri 320 milyard dollar həmində olan qızıl külçə, sikkə və digər bəzək əşyaları var. Türk bankirləri əmindir ki, sözün əsl mənasında bu "qızıl ehtiyatlar" ölü yük kimi yatmalı deyil və bu vəsaiti yenidən maliyyə bazarına qaytarmaq üçün bir sıra tədbirlər görülür.

Dünya Qızıl Şurasının (WGC) qiymətləndirməsinə əsasən, Türkiyənin ev təsərrüfatlarında hal-hazırda 5 min ton qızıl var və onların dəyəri müqayisə üçün İrlandiyanın ÜDM-ni üstələyir. Türkiyənin "İşbank" bankının sədrinin müavini Erdal Aral məsələ ilə bağlı bildirir: "Türkiyə ümid edir ki, bu var-dövlətin heç olmasa bir qismini ölkənin bank sisteminə geriyə qaytarmaq mümkün olacaq. Onlar idxalın həcmini azaltmaq və xarici borclanmanı ixtisar etmək istəyirlər. Bu, ödəmə balansındakı problemin həlli yolunda çox vacib bir addım olardı". Xalqın qızıl ehtiyatlarına çıxış əldə etmək üçün Türkiyə maliyyə institutları müxtəlif maliyyə vasitələrinə əl atırlar. Ölkənin qabaqcıl banklarından olan "İşbank" və "Turkiye Garanti Bankası" əhaliyə qızıl müqabilində kreditlər ("qızılı kreditlər") götürməyi təklif edir. Onlar müxtəlif qızıl əşyaları və qəpiklərin saxlanması əvəzində müştərilərə qızılın dəyəri civarında yerli valyutada pul təklif edirlər.

"Turkiye Garanti Bankası" hətta qızıl depozitinə bağlı olan məxsusi kredit kartı da buraxıb. Bundan əlavə bank müştərilərinə söz verir ki, gələcəkdə onlar öz əmanət hesabından vəsaiti nəinki Türkiyə lirələrində və ya əcnəbi valyutada, həmçinin də qızıl ekvivalenti kimi çıxarmaq imkanı əldə edəcəklər. Artıq bu ilin 7 ayı ərzində "banker" portalının məlumatına görə, Türkiyədə qızıl depozitlərinin həcmi 15% artıb. Bu isə adi əmanət hesablarındakı yığımların artım tempini nə az, nə çox düz üç dəfə üstələyir. "Yapi Kredi Bankı"nın verdiyi məlumata əsasən öz vəsaitlərinin 51%-dən çoxunu qiymətli metallara sərmayə qoyan ixtisaslaşmış investisiya fondlarına edilən yatırımların miqdarı 2012-ci il ərzində 62% artıb. Aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan "Turkiye Iş Bankasi" isə qeyd edir ki, ötən iki il ərzində, 2012-ci ilin iyununa qədər olan müddətdə - onun qızıl depozitlərinin həcmi 10 dəfə çoxalıb. Eyni zamanda Türkiyə bankları "qızıl yatırımlar epoxası" ilə bağlı iri miqyaslı reklam kampaniyalarının təşviqində davam edirlər. Onların əsas auditoriyası isə əhalinin, elə həmişə toy və ya digər mərasimlərdə qızılı ən yaxşı hədiyyə hesab edən hissədir.

"Bank Asya"nın baş vitse-prezidenti Gökan Çevikər isə hesab edir ki, türklərə qızılı öz evlərində saxlamaq kimi adəti tərgitmək üçün hələ kifayət qədər uzun müddət lazım gələcək: "Amma tədricən qızılı banklara aparmaq istəyən əhalinin sayı artacaq, bu yeni resurs bizə daha böyük həcmdə kreditləri rəsmiləşdirmək imkanı verəcək, bu da öz növbəsində Türkiyə iqtisadiyyatının inkişafına xidmət edəcəkdir". "İşbank"ın sədr müavini Erdal Aralın fikrinə əsasən, həm də yerli Mərkəzi Bankın maliyyə institutlarının rezerv kapitalındakı qızıl payının miqdarını 25-dən 30%-a çatdırmaq ilə bağlı təlimatları da bankları əhalidəki qızıl ehtiyatlarını cəlb etməyə səfərbər edir.

Azərbaycan bankları da əhalidən analoji qaydada qızıl depozitlərinin qəbulu üçün kampaniyalara start verə bilərlər. Hələlik isə Azərbaycanda qızıl əməliyyatları hələ o qədər də inkişaf etməyib. Amma bu gün dünyada qızıl biznesi və maliyyə əməliyyatlarının qızılla həyata keçirilməsi daha məqbul hesab olunur. Ekspertlər bildirir ki, beynəlxalq valyuta növlərinə o qədər də inam qalmayıb. Dollar və ya avro hər zaman nüfuzunu itirə bilər. Ona görə də indi vətəndaşlar da qızıl külçələr alıb banklarda, evlərində saxlamaqda maraqlı görünür. Qızıl depoziti pul formasında da həyata keçirilə bilər. Yəni vətəndaş qızılın qiymətinə uyğun olaraq banka pul qoyur. Bank əməliyyatları məhz dünya bazarında qızılın qiymətinin qalxıb-enməsinə uyğun olaraq tənzimlənir. Burada depozitorun iki xeyri var. Dünya bazarında qızılın qiyməti qalxarsa, vətəndaşın depozitinin üstünə pul gəlir. Bir də bütün hallarda vətəndaşın depozitinin aylıq faizi hesablanır. Qızılın qiyməti aşağı düşəndə isə faiz gəlir, amma birinci qazancdan məhrum olur.
Sizin Reklam Yeriniz