Əlaqə Arxiv
news Image
2012.04.18
02:32
| A A A
Bakı şəhərinin mərkəzində heç bir yerdən qəzet köşkü götürülməyib

Məlum olduğu kimi, Mətbuat Şurası paytaxtın mərkəzindən köşklərin yığışdırılmasına aydınlıq gətirilməsi, qəzet satışına normal şərait yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Eyni zamanda, bir sıra mətbuat orqanları bununla bağlı narahatlıqlarını ifadə ediblər. Məsələyə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Media forum" saytına müsahibəsində münasibət bildirib: "Cənab prezident İlham Əliyevin tapşırığı əsasında mən bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, eləcə də bir sıra yerli icra hakimiyyəti orqanları ilə müzakirələr aparmışam. Bakı şəhərinin mərkəzində heç bir yerdən qəzet köşkü götürülməyib. Nə "Qasid"in köşkləri, nə "Azərmətbuatyayımı"nın, nə də "Qaya"nın. Əvvəlki illərdə Bakıda qəzet köşklərinin yerdəyişməsinə dair müəyyən hallar olmuşdu, amma son illərdə, demək olar ki, bir dənə də köşk götürülməyib. Sadəcə olaraq yeri dəyişdirilib. Misal üçün Bakı Şəhər İcra Hakimiyyəti şəhərin mərkəzində istər "Qasid"in, istərsə də digər firmaların qəzet köşklərini yeniləyir. "Press-köşk" adlanan yeni köşklər qoyulur və ola bilsin ki, bu yeni köşklərdə qəzet-jurnal satışı nizama düşməyib. Amma nizama düşmək üzrədir və mən hər gün onların fəaliyyəti ilə bağlı monitorinq aparıram, bu fəaliyyət tənzimlənir.

Şəhər ətrafında, o cümlədən rayonlarda əvvəlki köşklər qalır. Bəzi köşklərin yeri dəyişdirilib, şəhərin abadlığı, küçələrin genişləndirilməsi, yaşıllaşdırılması ilə bağlı belə hallar olub. Düşünürəm ki, bu ilin sonuna qədər köşklərin bütün ölkə üzrə tam yenilənməsi və sayının da adekvat vəziyyətə gətirilməsi prosesi tamamlanacaq. Ümumiyyətlə, digər problemlər varsa, bunlar öyrənilir və aradan qaldırılır. Azərbaycanda söz, mətbuat, məlumat azadlığı dövlətin prioritet siyasətlərindən biridir. Azərbaycan dövləti bunlarsız nə özünü təsəvvür edir, nə də öz cəmiyyətini".


Sizin Reklam Yeriniz