news Image
2012.04.18
01:39
| A A A
Neftimizin azalması ilə bağlı məlumatlar yalan çıxdı
İmran Cəfərzadə: “Azərbaycanda ildə 100 milyon ton neft və 100 milyard kubmetr qaz çıxartmaqla hələ görünməyən müddətə neft hasil ediləcək” İlham Şaban: “Azərbaycanda ola bilsin neftimiz 2040-cı illərə qədər özümüzə bəs etsin”

Azərbaycanda 2010-cu ildən başlayaraq neft hasilatında azalma tendensiyası müşahidə olunur. Xatırladaq ki, məhz həmin il neft hasilatı öz inkişafının ən yüksək səviyyəsinə çatmışdı. Belə ki, 2010-cu ildə ölkədə 50 milyon ton neft hasil edilmişdi. Hazırda isə əvvəlki illərlə müqayisədə artıq bir qədər az miqdarda neft çıxarılır. Amma bu o demək deyil ki, ölkədə artıq neft hasilatının dayanmaq üzrə olduğunu düşünək.

Əksinə, bir sıra proqnozlara görə Azərbaycanın neft hasilatı indiki templə ən azı 30 il davam edəcəkdir. Lakin buna baxmayaraq, bəzi xarici  dövlətlərin mətbuat orqanlarında belə məlumatlar yayılır ki, Azərbaycanın neft ehtiyatları tükənmək üzrədir. Halbuki, Azərbaycan hökuməti tərəfindən neft hasilatının 2025-ci ilə qədər indiki səviyyədə saxlanılması istiqamətində proqram hazırlanıb.

Azərbaycan Dövlət Neft Akademiyasının prorektoru İmran Cəfərzadə qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanda neft ehtiyatlarının azalması ilə bağlı məlumatlar düzgün deyil: "Neftin azaldığı barədə söhbət etmək hələ ki, tezdir. Ölkənin neft strategiyası üç istiqamətdə aparılır. Birincisi axtarılıb tapılaraq, hazırda istifadə olunan yataqlardır ki, bu yerlərdə neft ehtiyatları hələ də tükənməyib. Həmin yataqlar ildə təxminən 50-55 milyon ton neft, 27 milyard kubmetr isə qaz verir. İkinci istiqamət axtarılıb tapılan, lakin hələlik istifadəyə verilməyən yataqlardır. Üçüncü mərhələ isə neftin ehtimal olunan mənbələrindən ibarətdir. Bu üç istiqamət üzrə təhlillər göstərir ki, uzun müddət ərzində Azərbaycanda təxminən ildə 100 milyon ton neft və 100 milyard kubmetr də qaz çıxartmaq yolu ilə hələ görünməyən müddətə neft hasil ediləcək. Digər tərəfdən məsələ ondadır ki, neft ehtiyatı hələ azalmayıb, sadəcə olaraq nəqli azalıb. Rusiya bazar qiymətilə bizdən neft və qaz alır, amma onun nəqlini həyata keçirməklə bizdən də çox qazanır. Məsələn, hər barrel neftin nəqlinə görə cəmisi 5 sent pul verilməlidir, amma Rusiya tərəfi onu 25 sentlə alırdı. Başqa bir amil isə odur ki, bizim yüksək keyfiyyətli neftimiz Novorossiyskidə Rusiyanın parafin neftilə qatılmaqla dünya bazarına aşağı qiymətə satılır. Ona görə də bizim üçün Novorossiyski marşrutu sərfəli deyil. Türkiyə marşrutuna gəldikdə, yeni bazarlar tapılmadığından həmin kəmərlə neft nəqli əvvəlki səviyyədə göndərilir. Bunları sadalamaqla demək istəyirəm ki, Azərbaycanda neft ehtiyatlarının tükənməsilə bağlı problem yoxdur, problem sadəcə olaraq neftin nəqlilə bağlıdır. Azərbaycanın neft hasilatının daha neçə müddətə qədər tükənməyəcəyi barədə fikir bildirmək isə çətindir. Gələcəkdə neftlə bağlı vəziyyətin necə olacağı da məlum deyil. Həmin proses Amerika ilə İranın münasibətlərindən asılıdır. Ekspertlərin proqnozlarına görə, İrana qarşı hansısa bir əməliyyat həyata keçirilsə, onda Azərbaycanın neft və qazla bağlı imkanları daha çox olacaq. Ona görə də neft hasilatının haçan tükənəcəyilə bağlı proqnoz vermək istəməzdim. Bu işlərlə dərindən məşğul olduğumdan bildirirəm ki, onu demək düzgün deyil. İndiyə kimi dənizdən çıxardığımızdan min qat artıq yataqlarımızda neft məhsulu var. Quruda isə onun ən dərin mezozoy qatında indiyə kimi çıxardığımızdan 10 qat artıq neft mövcuddur. Hələlik qazma işlərində möhkəm metallardan istifadə etmək mümkün olmadığından Abşerondakı quruda olan yataqlarımız dondurulub".

Digər iqtisadçı ekspert İlham Şaban isə bildirdi ki, hələ 2040-cı ilə qədər neft ehtiyatlarının tükənməsi barədə düşünmək yersizdir: "Bəzi ölkələrin, xüsusən də Ermənistan  mətbuatının neft ehtiyatlarımızın azaldığı barədə səhv fikirləri onların Azərbaycanın mövqeyinin möhkəmlənməsindən ehtiyatlanmalarından qidalanır. Əslində Azərbaycanda ola bilsin neft yataqlarındakı hasilat   2040-cı illərdə bitə bilər. Amma qaz yataqlarında mavi yanacaqla birgə kondensat da hasil olunacaq. Onun istehsalı ölkənin daxili tələbatı üçün yetərincə olmasa da, Azərbaycan neft hasilatçısı ölkəsi kimi qalacaq. Bu baxımdan inşa ediləcək neft kompleksində təxminən 30 ildən sonra ağır tipli neftləri, yəni Rusiya və Qazaxıstan neftini emal etmək nəzərdə tutulur".

Rüfət NADİROĞLU  

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs