Əlaqə Arxiv
news Image
2012.11.08
07:12
| A A A
Bazarlarda satılan köhnə ətlər
İmran Abdullayev : «Hər bir bazarda soyuducu anbarlar olmalıdır ki, ət və digər məhsullar orada yerləşdirilsin»

Azərbaycanda əhalinin ət və ya ət məhsullarına olan tələbatın yüksək səviyyədə olması danılmaz həqiqətdir. Əhalinin ətə olan tələbatı ildə 340 min ton təşkil edir. Tələbatın 80-85 faizini daxili istehsal hesabına təmin edirik. Lakin daxili imkanlar hesabına bazara çıxarılan ətin keyfiyyət məsələsi ciddi mübahisə mövzusudur.

Sağlam, erkək heyvan ətləri kənd rayonlarında 7,5-8 manata olduğu halda, Bakı bazarlarında 6, 7 manata da ət tapmaq mümkündür. Xatırladaq ki, qiymət məsələsi indi ətin keyfiyyətinin əsas göstəricisi hesab olunur. Bazarlarda satılan ətin keyfiyyətilə maraqlanmaq üçün şəhərdəki bir neçə məşhur ticarət mərkəzinə üz tutduq.

"8-ci kilometr" adlanan bazarda apardığımız müşahidələr göstərdi ki, burada istənilən qiymətə ət tapmaq olar. Keyfiyyət məsələsinə önəm verməyən qeyri-müsəlmanlar, həmçinin kafe, restoran müdirləri çox vaxt buradan bazarlıq edirlər. Hətta 4-5 manata da "8-ci kilometr"də ət tapmaq mümkündür. Satıcılar "heç kəs öz ayranına turş deməz" ifadəsinə dayanaraq ətləri tərifləməklə məşğuldular.

Sərraf adlı satıcı "satdığımız ət öz fermamızdan -dır. Hamısı erkək mal ətidir. Həkim razılığı da var. İnanmırsız arayışa baxın". Bazarda diqqətimizi çəkən bəzi ətlərin rəngi oldu. Rəngini dəyişmiş ətlər elə ilk baxışdan keyfiyyətsiz olduğunu sübut edir. Adətən erkək dananın əti ağ piy və qırmızı qabarıq ətlərlə bol olur. Camış ətində ağlılıq daha çoxdur və ət sürüşkən olur. Qoca, xəstə inəyin əti sarıya çalır, sümüklərin iriliyi diqqət çəkir.

Kənd yerində yaşamayanlar sağlam və qeyri-sağlam hşeyvanın ətini çətinliklə bir-birindən ayırırlar. Ətin keyfiyyətdən düşməsinin digər səbəbi onların soyuducuda saxlanılmamasıdır. Səhərdən axşama qədər vitrində saxlanılan ət istidən keyfiyyətini itirir.

Yararsız ət satışına görə daha çox adı hallanan "Təzə Bazar"a üz tuturuq. Restroranlar, kafelər, şadlıq evləri, dönərçilər ətləri daha çox bu bazardan alırlar. İndiki fəsildə bazarda daha çox zay ət məhsullarına rast gəlmək mümkündür. Payızda heyvanlar tövləyə bağlanılır. Əksər fermer ota, yemə qənaət etmək üçün çıxdaş olunmuş heyvanlarını bazara çıxarır. Hansı həmin heyvanların qışdan çıxma ehtimalı azdır. Onlar rayonlarda kəsilir, ətləri isə bazarlara çıxarılır. Bazarda ət satışını həyata keçirənlərdə danışmağı artıq hesab etdik. Görünən dağa nə bələdçi. Bir də ki, burada bazarın baytarı ilə yanaşı, vətəndaşların da günahı az deyil. Vətəndaş 5, 6 manatlıq ətin zay olduğunu anlamırsa, onun zahiri görüşünün heyvanın xəstə olmasından xəbər verdiyini sezə bilmirsə və nəhayət özünün, ailəsinin sağlamlığının qeydinə qalmırsa, bu halda bütün tənqidləri bir tərəfin üzərinə yönəltmək nə dərəcədə ədalətlidir?

Ümumiyyətlə, apardığımız müşahidələr göstərdi ki, bazarların əksəriyyətində əti yerləşdirmək üçün lazımi qədər soyuducular yoxdur. Düzdür, şəhərdəki sallaqxanalarda soyuducular mövcuddur. Burada işləyənlər iki-üç gün soyuducuda qalmış ətləri təzə kəsilmiş heyvanın əti ilə qarışdırıb istehlakçılara sırıyırlar. Bazarlarda isə ümumiyyətlə soyuducular çox azdır. Yalnız satılmadığı halda ətlər gecələr soyuduculara yerləşdirilir ki, bu da çox gec olur. Səhəri gün soyuducudan çıxarılmış ətin zay olması ilk baxışdan hiss olunmur. Amma alıb evə gətiriləndən sonra ətin donu açıldıqda məhsulun ağırlaşdığının şahidi olursan.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bizimlə söbətində bildirdi ki, bazarlarda zay ət məhsullarının satılmasından xəbərdardırlar və buna qarşı mübarizə aparırlar: "Ətin saxlanma qaydaları var. Bazardakı həkimlər bunu bilirlər. Hər bir bazarda soyuducu anbarlar olmalıdır ki, ət və digər məhsullar orada yerləşdirilsin. Həqiqətən də elə hallar olur ki, ət saatlarla piştaxtada asılqandan asılır. Bizim nümayəndələr belə hallara qarşı ciddi mübarizə aparır. Təlimatları pozanlar tərəfimizdən cərimələnir. Yaxşı olardı ki, vətəndaşlar da bu halda diqqətli olsunlar. İstehlakçı ət alarkən onun keyfiyyət nişanının olub-olmadığını yoxlamalıdır. Keyfiyyət nişanı olmayan ətləri almaq düzgün deyil".
Sizin Reklam Yeriniz