Əlaqə Arxiv
news Image
2012.11.15
07:17
| A A A
İstiliklə bağlı problemlər yenidən baş qaldırır
Zirzəmisi isti, mənzilləri soyuq olacaq binaların sayının bu qış da yetərincə olacağı gözlənir

Noyabrın 15-dən etibarən ölkənin qış rejiminə keçməsi fonunda mənzillərin istiliklə təchiz olunması da strat verilir. Lakin proseslərin gedişi göstərir ki, bu sahədə əvvəl özünü göstərən problemlər yenidən qabaracaq. Söhbət zirzəmisi isti, mənzilləri soyuq olacaq binalardan və onların sakinlərindən gedir.

"Azəristiliktəchizat" Səhmdar Cəmiyyəti bildirir ki, onların balansında olan bütün yaşayış binaları istilik sistemləri ilə tam təmin olunub. Həmçinin, binaların birbaşa isti su ilə təminatı istiqamətində işlər görür. 2013-cü ildə binalara isti suyun verilməsi üçün qazanxanaların tikintisinə başlanacaq. Ölkə üzrə 2600 yaşayış binası istiliklə tam təchiz olunmağa hazırdır. Həmçinin sosial obyektlər, səhiyyə və təhsil müəssisələrinin istilik təchizatı bərpa olunub. Ölkə üzrə 420 qazanxana, 130 istilik məntəqəsi evlərimizin istiliyi üçün işə başlayacaq. Lakin bu istilikdən faydalana bilməyən vətəndaşlar da var. "Azəristiliktəchizat"da bunu bəzi hallarda vətəndaşların öz günahı hesab edirlər. Bildirilir ki, sakinlər təmir zamanı mənzillərdəki istilik sistemini kəsməklə prosesə maneə törədirlər. Problem də elə bundadır. Belə ki, bəzi vətəndaşlar boru təmirlərini yenidən bərpa etmək üçün maddi imkanlarının olmadığını bildirirlər. Bəzən olur ki, vətəndaş bu təmirin dövlət vəsaiti hesabına həyata keçrilməsini istəyir. Nəticədə yarana vəziyyət bütün bir binanın istiliklə təchiz olunmasına imkan vermir. Ekspertlər isə qeyd edir ki, artıq bir neçə ildir özünü göstərən bu problemin çözümü elə "Azəristiliktəchizat"a həvalə olunmalıdır. Çünki bu quruma büdcədən hər il bir neçə milyon manat ayrılır. Qurum isə bəyan edir ki, onlar mənzillərin daxilindən keçən borunu bərpa və ya təmir etmirlər.

Sadəcə, qeyd olunur ki, istilik borularını mənzillərin içindən keçirmək üçün abonentlərin özləri istədiyi ustaya sifariş edə bilər. "Azəristiliktəchizat" isə yalnız texniki dəstək verə bilər. Amma mənzillərin istilik təchizatı ilə qurulması sakinlərin öz öhdəsindədir. Bildirilir ki, dövlət investisiyası əsasında işlənilən layihələrə "Azəristiliktəchizat" aşağı paylayıcı istilik sistemin bərpasını salır, yəni sistemi binanın zirzəmisinə qədər gətirir. Mənzildaxili istilik sisteminə gəlincə, bildirilir ki, bu gün Azərbaycanda mənzillərin 95 faizi özəlləşib. Mənzil Məcəlləsinin müvafiq maddələrinə görə də mənzildaxili xətlərin çəkilməsi abonentin öz öhdəsindədir. Yəni "Azəristiliktəchizat" mənzillərə girə bilmz. Yuxarıda qeyd olunduğu kimi isə bu halda bəzən bütün bir bina istilik almaqdan məhrum olur. Ekspertlər isə hesab edir ki, istiliyi binanın zirzəmisinə qədər gətirən "Azəristiliktəchizat" onun bina daxilində paylanmasını da həyata keçirməlidir. Əks halda isə görülən işlərin heç bir effekti olmayacaq.

Bəzi ekspertlər tərəfindən isə belə fikirlər də səsləndirilir ki, yeni Mənzil Məcəlləsinə görə, çoxmərtəbəli bina mülkiyyətçiləri binanın saxlanması, damının təmiri, istilik kimi kommunal xidmətlər onların özləri tərəfindən yerinə yetirilir. Lakin hazırkı vəziyyətdə Mənzil Məcəlləsinə istinad etmək düzgün deyil, çünki ekspertlərin fikrincə, bu məcəllə tam gücü ilə işə düşməyib. məcəllədə qeyd olunan müddəa isə o zaman işləyəcək ki, çoxmərtəbəli bina mülkiyyətçilərinin öz birliyi yaranacaq və ödədikləri kommunal xidmət hansısa mənzil istismar sahəsinin büdcəsinə yox, birliyin hesabına keçəcək. Bu vəsait hesabına da pilləkənlərin təmiri, istilik sisteminin qurulmasıdır, bu tipli məsələlər birliyin hesabına görüləcək. İndilikdə bu olmadığından məsələnin həllində "Azəristiliktəchizat"ın əsas rol oynamalı olması məqbul sayılır. "Azəristiliktəchizat" isə bunu etmək istəmir.

Qeyd edək ki, evlərə istilik verilən zaman bayırdakı havanın temperaturu nəzərə alınır. Məsələn, əgət bu gün havanın temperaturu müsbət 8 dərəcədirsə, qazanxanın temperaturu 63 dərəcə olmalıdır. Bəzən qurulan istilik sistemləri evləri yetərincə qızdırmır. "Azəristiliktəchizat" isə bunu müxtəlif səbəblərlə izah edirlər. Hesab olunur ki, mərkəzləşdirilmiş istilik sisteminə qoşulan binaların xətlərinin bəziləri köhnəlib. Boruların içərisi ərp bağlayıb və onların istilik keçirmə qabiliyyəti aşağı düşüb. Qurumda hesab olunur ki, belə xətlərin vətəndaşlar tərəfindən ya dəyişdirilməsi, yaxud da təmizlənməsi yaxşı olardı.
Sizin Reklam Yeriniz