Əlaqə Arxiv
news Image
2012.11.16
07:35
| A A A
Bakıdan Avropa qarşısında mühüm tələb
Bu tələbin yerinə yetirilməsi Dağlıq Qarabağ münaqişəsinin də həllinə ciddi təsir göstərmək iqtidarındadır

Enerji sahəsində Azərbaycan və Rusiyanın Avropada getdikcə daha böyük rəqibə çevrilməkdə olduqları özünü getdikcə aydın şəkildə büruzə verməkdədir. Burada daha çox diqqət cəlb edən məqamlardan biri isə ondan ibarətdir ki, Avropa Rusiyanın enerji hegemonluğundan xilas olmaq üçün əsas ümidlərini daha çox Azərbaycana bağlamaqdadır.

Hadisələrin inkişafı göstərir ki, qarşıdakı illər ərzində Avropa Azərbaycandan daha böyük həcmdə qaz almaqda, əvəzində isə Rusiyanın "Qazprom" şirkətindən aldığı "mavi yanacağın" həcmini azaltmaqda maraqlıdır. Hazırda "köhnə qitə"də bu istiqamətdə fəal iş aparılır. Təbii ki, bütün bunlar Moskvanı kifayət qədər qıcıqlandıran hallar kimi çıxış edir və Kreml müəyyən qabaqlayıcı tədbirlər də görməyə çalışır. Məsələn, Rusiyanın "Qazprom" şirkəti "Cənub axını" boru kəmərinin tikintisinin başlandığını elan edib.Təbii qazın Avropaya nəql edilməsi ilə bağlı irimiqyaslı layihənin həyata keçirilməsi işlərinə dekabr ayında başlanacaq.

"Qazprom" şirkətinin idarə heyətinin sədri Aleksey Millerin bildirdiyinə görə, "Cənub axını"nın tikintisinə 2012-ci ilin dekabr ayının 7-də start veriləcək.

Noyabrın 14-də qaz boru kəmərinin Qara dənizdəki sahəsinin investisiyalaşdırılması ilə bağlı sənədin imzalanması da həyata keçirilib.

Noyabrın 15-də isə Rusiya və Bolqarıstan nümayəndələri kəmərin Bolqarıstan ərazisindən keçən hissəsi üzrə investisiya müqaviləsinə imza atıblar. Üç həftədən sonra inşaatçılar kəmərin tikintisi işlərinə başlayacaqlar.

"Cənub axını" kəmərinin inşası Qara dənizin dibindən keçməklə, Bolqarıstana, oradan isə bir boru xətti Avstriyaya, digəri isə İtaliyaya ötürülməklə planlaşdırılır. Boru kəməri "Nabukko"ya, həmçinin Azərbaycanın inşasına gələn ildən start verəcəyi "TransAnadolu" (TANAP) kəmərinə rəqib layihə hesab olunur. "Cənub axını" layihəsi hal-hazırda 21 milyard dollar (16,5 milyard avro) həcmində qiymətləndirilir. Bundan başqa Rusiya bir sıra Avropa ölkələri ilə, məsələn, Almaniya, Avstriya ilə enerji sahəsində daha yaxından əməkdaşlıq etmək üçün ciddi səylər göstərir.

Qarşıdakı illər ərzində daha çoz qaz hasilatına başlamağı düşünən Azərbaycan da öz növbəsində Avropa bazarları uğrunda fəaliyyətini genişləndirir. Azərbaycan bildirib ki, gələcəkdə Avropa Birliyinə ildə 50 milyard kubmetr qaz sata bilər. "EUobserver" internet qəzetinin yazdığına görə, Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev Brüsseldə diplomatlara, rəsmilərə və jurnalistlərə bildirib ki, Azərbaycanın 2025-ci ilədək potensial qaz ixracatının həcmi ildə 40-50 milyard kubmetrə çatacaq. O, deyib ki, bu qazın çox hissəsi Avropaya axacaq.

Qəzet yazır ki, bu, olduqca böyük rəqəmdir və Avropa Birliyinin qaz istehlakının 10 faizini təşkil edə bilər. "EUobserver" bildirir ki, bu həcmdə qaz Avropanın Rusiyadan asılılığını xeyli dərəcədə azaldardı.

O da qeyd olunur ki, Bakı Avropa Birliyinə Türkiyə, Avstriya və ya İtaliyadan keçən kəmərlər üçün nə qədər qaz ayıracağı barədə gələn il qərar verəcək. Qəzet yazır ki, Brüsseldəki görüş həm də Azərbaycan Dövlət Neft Şirkətinin Avropa Birliyinin paytaxtında ofisinin açılışı ilə əlamətdar olub. Qəzet iddia edir ki, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov enerji sahəsində əməkdaşlıq əvəzində Azərbaycan üçün Avropa sammitlərində Çin, Rusiya və hətta ABŞ-a verilən xüsusi "strateji əməkdaş" statusunun verilməsini istəyib.

"EUobserver" yazır ki, Azərbaycan hazırda Avropa Birliyinin Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanı da əhatə edən "Şərq Əməkdaşlığı" siyasətinə daxildir.

Məqalədə qeyd olunur ki, Araz Əzimov adı çəkilən görüşdə Azərbaycanın hazırkı statusu barədə deyib: "Azərbaycana belə bir yanaşma məqbuldurmu? Düşünürəm ki, yox…Strateji münasibətlərin zamanı artıq gəlmişdir". Araz Əzimov az sonra, "EUobserver" qəzetinə deyib ki, Azərbaycana Avropada yeni statusun verilməsi hazırda Minsk Qrupunda Fransa, Rusiya və ABŞ-dan daha çox Bakıya dost olan İsveçrə və Türkiyəyə üstünlük verilməsinə imkan yaradardı. Bu isə öz növbəsində Dağlıq Qarabağ münaqiəşsinin də həllinə təsir göstərərdi.

Siyasi şərhçilər isə bildirir ki, əslində, Avropa Azərbaycanın istəklərini nəzərə almalıdır. Çünki Avropanı enenrji təhlükəsizliyi getdikcə Azərbaycandan daha çox asılı vəziyyətə düşəcək. Digər tərəfdən alternativ mənbələrdən, əsas etibaır ilə də Türkmənistandan Avropaya qaz daşınması üçün də əsas tranzit məkan məhz Azərbaycandır.

Yeri gəlmişkən qeyd edək ki, Avropa Birliyi və ABŞ türkmən qazının Avropa bazarlarına tədarük olunacağı "Transxəzər" qaz kəməri layihəsinin reallaşdırılması üzrə qərar qəbul etməyə razı salmağa çalışır. ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisinin müavini Linn Treysi "Türkmənistan nefti və qazı - 2012" beynəlxalq konfransının açılışında çıxışı zamanı bildirib: "ABŞ Türkmənistan, Azərbaycan və Avropa İttifaqının danışıqlar apardığı "Transxəzər" boru kəmərinin inşasını dəstəkləyir.

Əgər Türkmənistan və Azərbaycan yalnız onların ərazi sularından keçəcək və başqa heç bir ölkənin bu qərara veto qoya bilməyəcəyi boru kəməri barədə razılığa gələ bilsələr, ABŞ bu fikri dəstəkləyər". Türkmənistan və Azərbaycan sahilləri arasında Xəzərin dibi ilə çəkiləcək qaz kəməri Avropaya qaz nəqli üçün nəzərdə tutulan "Nabukko" və "Cənub dəhlizi" layihələrinin bir hissəsidir. Avropa Birliyinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Patritsiya Flor isə qeyd edib: "Transxəzər" boru kəmərinin tikintisi Türkmənistan üçün əlavə ixrac bazarları qazandırmaqla yanaşı, həm də ölkəyə əhəmiyyətli sayda Avropa sərmayədarlarını cəlb edəcək".
Sizin Reklam Yeriniz