Əlaqə Arxiv
news Image
2012.11.17
07:00
| A A A
Rusiya da yeni müstəqil dövlətlərə parçalanır
ABŞ-ın ardınca şimal qonşumuzun ərazisində yeni müstəqil subyektlərin yaranması qaçılmaz sayılır

Son dövrlər dünyanın siyasi gündəmini zəbt edən əsas mövzulardan biri də xəritədə yeni müstəqil dövlətlərin peyda ola biləcəyi ilə bağlıdır. Hazırda ABŞ və Rusiya ərazisində yeni müstəqil dövlətlərin yaranma ehtimalı isə digərləri ilə müqayisədə daha yüksək dəyərləndirilir.

Xatırladaq ki, ABŞ seçkilərindən 1 həftə sonra prezident Barak Obamanın səsvermədə qalib gəldiyi 7 ştatın sakinləri dövlət tərkibindən çıxmaq üçün hökumətə petisiya ünvanlayıb. Bir qayda olaraq əksər seçkilərdə respublikaçılar partiyasından olan namizədlərə səs verən Texas, Luiziana, Cənubi Karolina, Alabama, Corciya, Tenessi və Florida ştatlarında, müraciətə baxılması üçün yetərli olan 25 mindən çox imza toplanıb.

Təkcə mühafizəkarların mərkəzləşdiyi Texasda, ştatın müstəqil dövlətə çevrilməsini 100 mindən çox insan öz imzası ilə təsdiq edib. Qeyd edək ki, Texas ştatı 1846-cı ildə Birləşmiş Ştatlara müstəqil dövlət kimi daxil olub və ştatın istənilən vaxt ABŞ tərkibini tərk etmə hüququ var. Xatırladaq ki, sonuncu dəfə ABŞ-dan 11 ştat 1860-1861-ci illərdə ayrılıb. Onlar Avraam Linkolnun prezident seçilməsinə qarşı çıxıb və müstəqil konfederasiya yaradıb. Ardınca isə ABŞ-ın cənub və şimalı arasında vətəndaş müharibəsi yaranıb və yalnız 1865-ci ildə dövlətin ərazi bütövlüyü bərpa olunub. İstisna olunmur ki, ABŞ ərazisində bəxi ştatlar adlarını artıq müstəqil dövlət olaraq dünya tarixinə yazdırsınlar.

Şimal qonşumuz Rusiya Federasiyasının da yeni müstəqil dövlətlərə parçalana biləcəyinə dair elə bu ölkənin özündə çoxsaylı fikirlər səslənməkdədir. Məsələn, rusiyali politoloq Dmitri Bıkov Rusiyanın yeni müstəqil dövlətlərə parçalanacağını proqnozlaşdırır. "SSRi 20 il sonra: bundan sonra nələr olacaq" məruzəsində politoloq Bıkov Rusiyanın vahid ərazi kimi yaşamaq imkanını itirdiyini deyib. Onun sözlərinə görə, Tatarıstan Rusiyanın içində anklavdır. Onlardan rus yaratmaq mümkün olmayacaq və buna ehtiyac da yoxdur. Bu ərazi bir çox mənada Rusiya üçün itirilib. Bıkovun sözlərinə görə, gələcəkdə müstəqil Qafqaz, müstəqil Sibir və müstəqil Uzaq Şərqlə qonşuluqda yaşamağa vərdiş etmək lazımdır.

Hazırda Rusiyanın tabeçiliyində olan Şimali Qafqaz ölkələrinin müstəqil subyektlərə çevrilmə ehtimalı getdikcə artır. Rusiyanın indilikdə gördüyü qabaqlayıcı tədbirlər isə müəyyən zaman üçün təsirli ola bilər. Bundan sonra Şimali Qafqazda müstəqil dövlətlərin yaranması gözlənir.

Hazırda Dağıstanda cərəyan edən proseslər açıq-aydın göstərir ki, Moskva regionu nəzarətdə saxlaya bilmir. İndi Şimali Qafqaz respublikalarında, xüsusən də Dağıstanda müstəqillik meylləri xeyli artıb. Şübhəsiz ki, Moskvada bunu çox gözlə anlayırlar, lakin təsirli mexanizm işləyib hazırlaya bilmirlər. Onu da bildirək ki, son illərdə Şimali Qafqaza Rusiyanın böyük sayda erməni əhalisi köçürmək istiqamətində fəal siyasət yürütməsi də aydın müşahidə olunur. Lakin Şimali Qafqaz xalqları burada məskunlaşdırılan ermənilərlə yola getmir. Lakin Rusiya erməniləri burada yerləşdirməkdə israrlı görünür. Məlumatlara görə, indi Şimali Qafqazda olan ermənilərin sayı yarım milyonu keçir. Lakin onların Şimali Qafqaz xalqları ilə münasibətlərinin kəskinləşməsi fonunda ermənilərin buradan köçünün başlanması və ən yaxşı halda üçdə birinin burada qala biləcəyi istisna olunmur. Xatırladaq ki, artıq Livanda ermənilər bu təcrübəni yaşayıb. Livanda 1974-cü ildə vətəndaş müharibələri zamanı müxtəlif Livan qruplaşmaları buradakı erməni əhalisindən istifadəyə çalışırdı. Nəticədə sözügedən ölkədə cəmi 100 min erməni qaldı. Analoji situasiyanın Şimali Qafqazda da yaşana biləcəyi vurğulanır.

Lakin qeyd olunduğu kimi, Rusiya məsələyə fərqli yanaşır, Şimali Qafqazdakı erməni əhalisinin sayının nəinki azalmasına imkan vermək, əksinə, onların sayını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Moskvanın nəyə görə belə bir addım atması isə Şimali Qafqazdakı gərgin vəziyyətlə izah olunur. Həqiqətən də Şimali Qafqaz respublikalarında - Dağıstanda, Kabardin-Balkariyada, İnquşetiyada, Çeçenistanda, Şimali Osetiyada vəziyyət daim gərgin xarakter daşıyıb. Bu respublikalar sözün əsl mənasında Rusiya üçün ciddi başağrısı olub.

Bu fonda sözügedən bölgədə gərginliyin durmadan artması, silahlı konfliktlərin miqyasının genişlənməsi və Rusiyanın getdikcə nəzarəti itirməsi Şimali Qafqaz respublikalarının Moskvanın yurisdiksiyası altından çıxmasını zaman məsələsinə çevirir. Şimali Qafqaza nəzarət itərsə, bunun ardınca Moskva Stavropol və Krasnodar kimi vilayətləri də itirə biləcəyini yaxşı başa düşür. Yeri gəlmişkən qeyd edək ki, sonuncu iki vilayətdə yaşayanların çoxunu qeyri-ruslar təşkil edir. Krasnodar itirilərsə, növbə Rostova, Həştərxana və digərlərinə çatacaq.
Sizin Reklam Yeriniz