news Image
2012.11.17
07:14
| A A A
Sərhəd mühafizəsində son illər böyük işlər görülür
Elçin Quliyev: "DSX-də görülən işlər yaxın müddətdə işğal altındakı sərhədlərimizi tam nəzarət altına götürmək şəraitini yaradacaq"

"Azərbaycan sərhəd mühafizəsində son illər böyük işlər görülür. Bura ən yeni silah və texnikaların tətbiqi, həmçinin sərhəd zastavalarının komendantlıqlarının və qarnizonların inşası daxildir". Bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev deyib. O bildirib ki, sərhədlərin mühafizəsi prosesində ən müasir silah və texnikaların tətbiqi davam edir və edəcək: "Bu yeni silah və texnikaların tətbiqi bir tərəfdən xidməti döyüş fəaliyyətini gücləndirir, digər tərəfdən isə Azərbaycan ordusunun inkişafını göstərir". E. Quliyev son illər ərzində Sərhəd Qoşunlarında gedən inkişaf prosesinin davam edəcəyini də qeyd edib: "Azərbaycan sərhədlərində müəyyən təhdidlər olsa da, o təhdidlərə qarşı dövlət zəruri tədbirlər görür. Biz dövlətimizin iqtisadi nailiyyətlərindən yararlanaraq sərhəd mühafizəsində üzərinə düşən addımları atırıq".

Bu arada qeyd edək ki, Beyləqanda dövlət sərhəd xidmətinin komendatlığının yeni binası istifadəyə verilib. Komendatlığın ərazisində 200 nəfərlik əsgər yataqxanası, zabit və gizir heyəti üçün 24 mənzilli yaşayış binası tikilib. Mənzillər həm də avadanlıqla təchiz olunub. Komendatlığın qərargah binası əsaslı təmir olunub.

Yeni binanın açılışında Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev iştirak edib. O, hərbi hissə ilə tanış olub, əsgərlərin şəraiti ilə maraqlanıb, hərbiçilərin ailələri ilə söhbət aparıb.

E.Quliyev jurnalistlərə deyib ki, İran sərhəd mühafizə qurumunun rəhbərliyi ilə yaxın vaxtlarda görüş olacaq. O, İran-Azərbaycan sərhədinin pozulması hallarını təsdiqləyib.

E. Quliyev deyib ki, bu gün ölkə prezidentinin tapşırığı altında DSX-də görülən işlər yaxın müddətdə işğal altındakı sərhədlərimizi tam nəzarət altına götürmək şəraitini yaradacaq: "Biz sərhəd mühafizəsinin təşkilinə yeni texnikalar cəlb edirik. Bu proses davam edəcək".