Əlaqə Arxiv
news Image
2012.11.17
07:20
| A A A
Banklarının sayının 43 olması Azərbaycan üçün çoxdur
"İslam bankçılığının tətbiqinə qanunverici bazanın yoxluğu mane olur"

"Azərbaycanda bank xidmətlərinə olan tələbatı 20 bank da tam ödəyə bilər". Bu barədə jurnalistlərə Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Cahangir Hacıyev Mərkəzi Bankın bu yaxınlarda kapitallaşdırma haqqında qərarını şərh edərkən deyib.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 10 milyon manatdan 50 milyon manatadək artırılıb. Fəaliyyətdə olan banklar üçün bu qərar 1 yanvar 2014-cü ildən qüvvəyə minir.

"Banklarının sayının 43 olması Azərbaycan üçün çoxdur", - Hacıyev qeyd edib. Onun sözlərinə görə, kapitala qarşı tələbin artırılması bazarda onların sayının tənzimlənməsinin yollarından biridir, digər tədbirlər də var.

"Korporativ müştərilər ilə işləyən iri banklar minimum tələb artırılmadan da kapitallarını artırardılar, çünki bu, öz əməliyyatlarının maliyyələşdirilməsi üçün lazımdır", - ABB rəhbəri bildirib.

Onun fikrincə, mikromaliyyələşdirmə ilə məşğul olan banklar belə böyük kapitala ehtiyac duymurlar. Onlar indiki kapital həcmi ilə də normal fəaliyyət göstərə bilərlər.

"Mən həmişə bank sektorunun bazar yolu ilə tənzimlənməsinin tərəfdarı olmuşam və hamını eyni çərçivəyə daxil etmək düzgün deyil", - Hacıyev vurğulayıb.

ABB-nin yerli bazarda kiçik bankların əldə edilməsi üzrə planlarına gəlincə, Hacıyev deyib ki, bankın belə niyyəti yoxdur, çünki bu, məqsədəuyğun deyil.

Cahangir Hacıyev bildirib ki, Azərbaycanda İslam bankçılığının tətbiq edilməsinə qanunverici bazanın yoxluğu mane olur.

O deyib: "İslam bankının dini etiqada heç bir aidiyyatı yoxdur. İngiltərə kimi bir ölkədə İslam bankı fəaliyyət göstərir. Digər xristian ölkələrində də islam bankları var. Bu, sadəcə, kredit, depozit cəlb edilməsi və bank sisteminin inkişafı deməkdir. Hazırda ölkəmizdə islam bankçılığının yaradılmasına qadağa qoyulmayıb. Bu səbəbdən, bankımızın daxilində islam maliyyələşdirilməsi şöbəsi yaradılıb".
Sizin Reklam Yeriniz