news Image
2012.11.20
07:20
| A A A
Gənclər üçün ipoteka kreditlərinin faiz dərəcələri aşağı düşür
“Gələn ildən gənclər sadələşdirilmiş ipoteka kreditlərini əldə edə biləcəklər”

Gənclər və İdman Nazirliyi tərəfindən sosial ipoteka ilə bağlı təkliflər paketində kateqoriyaların sayı artırılıb. Bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bura bir neçə kateqoriya də əlavə edilib. "Gənclər və İdman Nazirliyi tərəfindən sosial ipoteka ilə bağlı təkliflər paketi hazırlanaraq artıq Nazirlər Kabinetinə təqdim olunub. Müəyyən razılaşmalar, əlavə və düzəlişlər edildikdən sonra gənclərə sosial ipotekaların verilməsi bu və ya digər şəkildə tətbiq olunacaq. Güman edirəm ki, gələn ildən gənclər sadələşdirilmiş ipoteka kreditlərini əldə edə biləcəklər. Yeni təkliflərdə sosial ipoteka kreditlərinin verilməsi şərtlərinin dəyişdirilməsi və faiz dərəcələrinin aşağı salınması öz əksini tapıb".

İ.Babayev qeyd edib ki, dəyişikliklər ipoteka kreditinin həcmində əksini tapacaq, yəni kreditin maksimum məbləği indiki ilə müqayisədə 35 min manat artırılacaq. İpoteka kreditlərinin təkcə gənc ailələrə deyil, subay gənclərə də verilməsi nəzərdə tutulub:

"Eyni zamanda, təkliflərdə kateqoriyaların sayı da genişləndirilib. Artıq ipoteka kreditlərinin verilməsi ilə bağlı təkliflər daha geniş gənclər kütləsini əhatə edəcək. Əvvəlki təkliflərdə sosial ipotekanın dövlət qulluqçuları, hərbçilər, elmi dərəcəsi və ya adı olan insanlara verilməsi nəzərdə tutulurdusa, yeni təkliflərdə dərəcəsi olmayan, lakin elmi fəaliyyətlə məşğul olan gənclərə də ipoteka kreditlərinin verilməsi nəzərdə tutulur".

Nazir müavininin fikrincə, ola bilər ki, gəncin elmi dərəcəsi olmasa da, bu və ya digər elmi tədqiqat işləri ilə məşğul olsun.

"Bu da onun fəaliyyətini stimullaşdırmaq üçün əlavə imkan verəcək. Eyni zamanda, fəxri adlara layiq görülən gənclərə də ipotekaların verilməsi, mənzillərin verilmə qaydalarının yüngülləşdirilməsi təklif olunub. Bütün bu təklilər qəbul olunarsa, ipoteka alacaq gənclərin dairəsi kifayət qədər genişləndiriləcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs