Əlaqə Arxiv
news Image
2012.11.20
10:12
| A A A
Alış-verişdə nağd pulun miqdarına limit qoyulacaq?!
Bu metod vergi hesabına daha böyük həcmdə büdcə gəlirlərini də təmin etmək iqtidarındadır

Bu gün iqtisadi böhranın əlində əsir qalan Avropa ölkələri maliyyə gəlirlərini artırmaq üçün müxtəlif metodlardan istifadə edirlər. Onlardan biri olan İspaniyada 2,5 min avrodan çox məbləği nağd ödəməyi qadağan edən qanun qüvvəyə minir. "El Mundo" qəzeti yazır ki, burada yalnız turistlər istisnalıq təşkil edir - onlara 15 min avroya qədər məbləği nağd ödəməyə icazə verilir.

Qeyri-qanuni pul köçürməsi halının qeydə alındığı andaca məbləğin 25%-i həcmində cərimə tətbiq olunacaq. Eyni məbləğ pulu bir neçə hissəyə bölməklə göndərməyə çalışan şəxslər üçün də tətbiq olunacaq. Məsələn, əgər 4 min avronu əldən-ələ hərəsində 2 min avro olmaqla iki dəfə göndərdikdə, belə inspektorları 1000 avro cərimə edəcəklər. Hansı tərəfin bu cəriməni ödəməsinə isə Maliyyə Nazirliyi qərar verəcək. İstisna olunmur ki, bu zaman hər iki tərəf cərimələnəcək. İspaniya hökuməti hesab edir ki, bu ölkənin gəlirlərini artıracaq.

Yeni qanun maliyyə fırıldaqçılığı ilə mübarizədə həyata keçirilən kompleks tədbirlər sisteminə daxildir. İri məbləğlərin nağd ödənilməsinə cərimələrin tətbiq olunması hələ üç əvvəl tətbiq olunmalı idi, lakin daha sonra kiçik biznesin lehinə olaraq, bu müddət dəyişdirildi. Madriddə ümid edirlər ki, yeni qəbul ediləcək qərar "qara bazarda" dövr edən pulların həcmini azaltmağa imkan verəcək və büdcə gəlirlərini artıracaq.

Azərbaycanda da uzun müddətdir ki, nağdsız ödənişin stimullaşdırılması üçün alış-verişdə nağd pulun həcminə limtin tətbiq olunması gündəmdədir. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması üzrə hazırlanan və 2012-2016-cı illəri əhatə edən xüsusi dövləti proqramı hökumətə təhvil verilib. Proqramın detalları hələ məlum olmasa da, artıq nağd ödənişlərin yuxarı limiti barədə müxtəlif fikirlər səsləndirilir. Məsələn, belə fikirlər səslənir ki, 1000 manatdan artıq bütün satınalmalar nağdsız gerçəkləşdirilməlidir. Bu məbləğin 5 min manat olmasını təklif edənlər də var.

Qeyd edək ki, inkişaf etmiş Qərbi Avropa ölkələrində ödənişlərin 80-90%-i, Skandinaviya ölkələrində isə 95%-ə qədəri nağdsız üsulla gercəkləşdirilir. Qərbi Avropa ölkələri nağdsız ödənişləri hər vasitə ilə stimullaşdırmaqla həm iqtisadiyyatda maksimum şəffaflığa nail olublar, həm də vətəndaşları üzərlərində iri məbləğdə pul daşımaq riskindən xilas ediblər. Şimal qonşumuz Rusiya da bu yolla getmək istəyir və 2014-cü ilin yanvarın 1-dən bu ölkədə 600 min rubldan yuxarı ödənişlərin hamısının nağdsız gerçəkləşdiriləcəyi bildirilir.

Beləliklə, dünya təcrübəsindən yararlanan Azərbaycan hökuməti də nağd ödənişlərə məhdudiyyət qoymaqla bazarı nəzarətə götürmək istəyir. Amma ölkənin bu sahədə görəcəyi işlər həddindən çoxdur, çünki Azərbaycanda nağdsız ödənişlərin səviyyəsi çox aşağıdır. Bunun nəticəsidir ki, əhalinin nağdsız alış-verişdən istifadəsi elə də böyük faizlə ölçülmür. Əhalinin əksəriyyətində, xüsusilə də pensiyaçılarda bank kartları olmasına baxmayaraq, əhali kartla alış-veriş etməyə maraq göstərmir. Araşdırmalara görə, orta statistik azərbaycanlıların getdiyi orta həcmli marketlərdə pos-terminal quraşdırılsa da, istifadə səviyyəsi çox aşağıdır. Pos-terminallarla ödəniş yalnız xarici vətəndaşların, yaxud da xarici şirkətdə işləyən azərbaycanlıların getdiyi iri supermarketlərdə təsadüf edilir. Lakin həmin ticarət obyektlərində də nağdsız ödənişlərin payı yüksək deyil.

Halbuki ticarət dövriyyəsində nağdsız hesablaşmaların artması Azərbaycan dövlətçiliyi və əhali üçün çox əlverişlidir. İlk növbədə, ona görə ki, pos-terminalların quraşdırılmasının xüsusilə də neftdən kənar bölmə üzrə vergi ödənişlərinin artmasına səbəb olacağı ehtimal edilir. Ekspertlərin fikrincə, istənilən halda vergi dərinliyi artacaq, çünki pos-terminallarda ödəniş bank vasitəsi ilə gerçəkləşdirilir və ticarət nöqtəsi bu cür fəaliyyəti heç cür gizlədə bilməz. Bu, istehlakçılar üçün xüsusilə əlverişlidir, çünki alıcını kağız pulların yaratdığı problemlərdən azad edir. Yəni müştərinin üzərində daşıdığı kağız pulun təhlükəsizliyi, ona qaytarılan qalıq pulun saxta olub-olmaması ilə bağlı qayğıları aradan qalxır.

İndi isə ekspertlərin fikrincə, Azərbaycanda da alış-veriş zamanı nağd pula limitin tətbiqinin faydası böyük olardı. Belə ki, bu, büdcə gəlirlərinin artmasına böyük təkan verərdi.

Sizin Reklam Yeriniz