Əlaqə Arxiv
news Image
2012.11.20
10:29
| A A A
Qış turizmi hələ də astagəl inkişaf yolundadır
Bunun səbələrini araşdıran ekspertlər maraqlı məqamlara toxunurlar

Bu gün dünyada ən sərfəli bines növlərindən biri də turizm hesab olunur. Lakin səmərəli, itkisiz biznes fəaliyyəti olan turizmdə uğur əldə etmək üçün qızıl qaydalara əməl etmək də vacibdir. Burada infrastrukturun olması, təbiətin gözəlliyi, xidmətin keyfiyyəti, turistlərin ilin bütün günlərində maraqlarını təmin edəcək istirahət yerlərinin olması və əlbəttə ki, ölkənin beynəlxalq aləmdə reputasiyası başlıca amillərdən hesab olunur. Turizm potensialı kifayət qədər olan Azərbaycanda bu sahədə son illər bir sıra uğurlara imza atılıb. Yay turizminin inkişafı sahəsində görülən işlər təqdirəlayiqdir. Heç kəsə sirr deyil ki, ölkəmizdə insanların bir çoxunun şüurunda "istirahət" sözü "yay" sözü ilə assosiasiya olunur. Qış turizmi haqqında isə daha çox dərsliklərdən, qəzet və jurnallardan, telekanallardan məlumat alırıq. Qışda istirahətə getmək çoxlarının ağıllarının ucundan belə keçmir. Bizim üçün qış iş, zəhmət, var-dövlət toplamaq fəslidir. İşgüzar fəslimizdə hətta istirahət etmək fikrinə düşsək də, üz tutacağımız ünvan isti odun sobasının kənarı olacaq. Əksər statistik azərbaycanlının düşüncəsinə görə qış istirahəti isinmək, sümüklərimizi qızdırmaq, yaxşı yeyib-içməkdən ibarətdir. Böyük əksəriyyəti bu aylarda qarlı dağlara səyahət edib xizəklə sürüşməyi, alpinistlik etməyi ağlına sığışdıra bilmirlər. Ən yaxşı halda bu fəsil ov fəslidir. Ovçuların böyük əksəriyyəti pul-para qazanmaq üçün ov ovlayıb, quş quşlayırlar.

Doğrudur, bütün dünyada qış turizmi yay turizmi qədər populyar, çeşidli və tələbatlı deyil. Amma inkişaf etmiş ölkələrdə, xüsusilə, Avropa və Asiyanın bəzi ölkələrində qarlı, soyuq havanın dadını çıxarmaq istəyənlər mövcuddur. Onların əksəriyyəti istirahət üçün qışda Pribaltika ölkələrinə, Rusiyaya, Kanadaya üz tuturlar.

Azərbaycan hökuməti qış turizmini inkişaf etdirmək üçün bir sıra layihələri həyata keçirib. Bunlardan biri kimi Qusarda qış turizm mərkəzinin yaradılmasını qeyd etmək olar. Bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin xəttilə yerli və beynəlxalq səviyyəli turoperatorlar tərəfindən Azərbaycanda qış turizminin təbliği istiqamətində aparılan kampaniyalar nə qədər vacib olsa belə, Azərbaycan bu sahədə hələ də rəqabət qabiliyyətli güc mərkəzinə çevrilə bilməyib. Ölkəmizdə turizm günlərinin sayının azlığı "mövsümi turizm" anlayışlarının hələ də gündəmdə olmasını şərtləndirir. İqtisadçı ekspert Zöhrab İsmayılın sözlərinə görə, Azərbaycanda qış turizminin inkişaf etdirilməsi mümkündür: "Bunun üçün ilk növbədə infrastruktur yaradılmalıdır. İnsanları qış turizminə aparan yol yüksək səviyyədə olmalıdır. Turisti traktorla dağa aparacaqlarsa, oteldə qaz, işıq problemi olacaqsa, arzumuz gözümüzdə qalacaq. Mənə elə gəlir ki, Azərbaycanda mövcud qış turizm mərkəzləri daha çox elitar səviyyəlidir. Fikir verirsinizsə, hətta qış turizm obyektləri reklam belə olunmur, yaxud da çox az reklam edilir. O da qeyd olunmalıdır ki, Azərbaycanda qış turizminə tələbat yoxdur. Xarici ölkə vətəndaşlarının da qış turizmi sahəsində təcrübəsi olan tanıdıqları ölkələrin sırasında Azərbaycanın adı yoxdur. Turizm sektoru elədir ki, orada hər şeyi tələb-təklif müəyyənləşdirir".

Sizin Reklam Yeriniz