Əlaqə Arxiv
news Image
2012.11.21
07:24
| A A A
İranın Urmiya gölü siyasətinin məkrli niyyətləri üzə çıxır
Gölü qurudan Tehran hakimiyyəti bunu məsuliyyətini həm də Azərbaycanın üzərinə yıxmağa çalışır

Məlum olduğu kimi Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 30-31 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20,3 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir.

Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Respublikanın əsas su arteriyaları olan Kür və Araz çayları ölkə ərazisinə daxil olana qədər müxtəlif kimyəvi element və birləşmələrlə, üzvi maddələrlə çirklənməyə məruz qalır. Sərhəd xətlərində bu çayların sularında neft məhsulları, fenollar, mis, bismut, titan, manqan və digər elementlər yol verilən qatılıq həddindən artıqdır. Ermənistan ərazisindən Azərbaycana daxil olan Araz çayında çirklənmə dərəcəsi digər çaylardan daha çoxdur. Çay suları respublika ərazisində də müxtəlif mənşəli çirklənmələrə məruz qalır. Lakin sonradan bu sular təmizlənərək, içməyə yararlı hala salınaraq ölkə əhalisinə verilir.

Belə bir vaxtda isə cənub qonşumuzun atdığı addımlar şirin su ehtiyatı ilə bağlı ölkəmizdə müəyyən problemlərə yol aça bilər.

Söhbət Araz çayının suyunun Urmiya gölünə axıdılmasından gedir. Məlumat verildyi kimi İranın Energetika Nazirliyinin MDB ölkələri və sərhəd çayları üzrə baş idarəsinin direktoru Cabbar Vətənfəda deyib ki, iqlim şəraiti səbəbindən Urmiya gölünün qurumasının qarşısını almaq üçün bəzi tədbirlərə əl atılması nəzərdə tutulur: "Həmin tədbirlər sırasında Araz çayından Urmiya gölünə suyun axıdılması planı da var. Təbii ki, Araz çayının suyunun Urmiya gölünə axıdılması Azərbaycanla bağlanmış müqavilələr çərçivəsində mümkün olacaq və bununla bağlı rəsmi Bakı ilə lazımi müzakirələr aparılacaq. Azərbaycan hökumətindən qonşuluq haqqı və ətraf mühitə yardım naminə İranın su payının iri həcminin Urmiya gölünə axıdılması məsələsində razılığa gəlməsini istəyirik".

Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi İranın Araz çayının suyunun Urmiya gölünə axıdılması üçün Azərbaycanın razılığını istəməsi məsələsinə aydınlıq gətirib. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib ki, artıq bu məsələ ilə bağlı nazirlik tərəfindən müəyyən təkliflər hazırlanaraq Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim olub.

Onun sözlərinə görə, Azərbaycanın qoşulduğu müxtəlif beynəlxalq konvensiyalar var və onların müddəalarına əməl olunmalıdır: "1992-ci ildə qəbul olunan və Azərbaycanın 2000-ci ildə qoşulduğu Helsinki Konvensiyasında da transsərhəd çayları və beynəlxalq göllərin mühafizəsi ilə bağlı məsələlər öz əksini tapıb. Azərbaycan da mövcud məsələyə bu konvensiyanın maddələrindən çıxış edərək yanaşır. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu konvensiyanın müddəalarından irəli gələrək bəzi təkliflər hazırlayaraq Xarici İşlər Nazirliyinə təqdim edib. Yekun bir qərar qəbul olunandan sonra bu məsələyə yenidən qayıtmaq olar". Nazir müavini təkliflərin mahiyyətini açıqlamasa da, burada söhbətin hər hansı razılaşmadan getmədiyini vurğulayıb: "Təkliflərin nəticələri Xarici İşlər Nazirliyinin yekun qərarından sonra açıqlanacaq".

Ekspertlər isə deyir ki, Urmiya gölünün qurumasının qabağını almaq üçün Araz çayının suyunun ora axıdılması Azərbaycan üçün böyük problemlər yarada bilər. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov qeyd edir ki, belə bir köçürülmə baş verərsə, Azərbaycan ərazisinin 40 faizi səhralaşmaya məruz qalar, su qıtlığına, biomüxtəlifliyin məhvinə səbəb olar: "Kənd təsərrüfatı sıfra enə, insanların miqrasiyası ilə nəticələnə bilər".

Xatırladaq ki, Urmiya gölü İranın azərbaycanlılar yaşayan ərazisində yerləşir. Gölün yaxınlığında məskunlaşan azərbaycanlılar, göl quruyarsa, onun ətrafında yaşayan insanlara zərər dəyəcəyindən qorxduqlarını bildirirlər. İsveçdə yaşayan və əslən İrandan olan azərbaycanlı hüquqşünas Saleh Kamrani isə bildirir: "İran istəyir ki, güney azərbaycanlıların zehnində bu fikri yaratsın ki, quzey Azərbaycan əslində bu işi görə bilər, amma görmür". Onun fikrincə, Araz çayının suyu yönləndirilərsə, Araz hövzəsinin özü quraqlıq və ətraf mühit fəlakətilə üzləşə bilər.

Urmiya gölünün qurumasına etiraz olaraq bir neçə ildir ki, Təbrizdə və İranın digər şəhərlərində etiraz aksiyaları keçirilib. Saleh Kamrani bildirir: "Hökumət Urmiya gölünün hövzəsində olan çayların qabağını kəsir, sədd vurur və lazımi suyu Urmiya gölünə ötürmür. Urmiya gölünün öz suyunu saxlaması üçün əsas təminat mənbəyi yağış, həmçinin ətrafında axan çaylar və yeraltı sulardır". Cənab Kamrani deyir ki, gölün ətrafında axan çaylara həddən artıq su səddi qurulub: "Onlar vurulmamalıdır, dövlət bunu azı 3-4 ildir ki, bilir və amma davam etdirir".

Onun fikrincə, ikinci mühüm səbəb əkinçilik üçün ərazidə qazılan su quyularının sayının həddindən artıq çox olmasıdır: "Dövlət bunun qabağını ala bilərdi və indi də ala bilər". Kamrani BBS-yə açıqlamasında bir çox quyuların ağzının bağlanmasını çarə olaraq görür: "Daha bir mühüm səbəb ətraf mühit məsələlərinə riayət edilmədən Urmiya gölünün üzərindən körpünün salınmasıdır. Beynəlxalq konvensiyalara görə, belə körpülərin salınmasında ən yüksək texnologiyalardan istifadə olunmalıdır və ekspertlik üçün beynəlxalq təşkilatlardan yararlanmaq olar. Körpü salınmazdan öncə ətraf-mühit sertifikatı alınmalı idi, amma Ürmiya gölündə buna riayət olunmayıb. Ən az bilikli ekspert də bilir ki, bu işləri burda görməzlər, İran dövlətinin niyə bunu etməsi sual doğurur". Onun sözlərinə görə, Urmiya gölünün qurumasına qarşı etirazlar dörd ildən artıqdır davam edir və onlar insanların həbsilə nəticələnir: "İndi İran məsələni qarışdırmaq üçün istəyir topu atsın Azərbaycan dövlətinin yerinə".
Sizin Reklam Yeriniz