Əlaqə Arxiv
news Image
2012.11.21
11:46
| A A A
Kreditlərin sığortalanması gündəmə gəlir

Ekspertlər bu halda problemli kreditlərin miqdarının azalmasını mümkün sayırlar 


Ölkəmizdə bank sektor üçün problemli sayılan kreditlərin ciddi başağrısı olması danılmaz həqiqətdir. Ekspertlər bu məsələnin həll yolunu kreditlərin sığortalanmasında görürlər. Lakin qeyd olunan müstəvidə ölkədə müəyyən problemlər özünü göstərir. Məsələn, qeyd olunur ki, Azərbaycanda kənd təsərrüfatı təyinatlı kreditlərin sığortalanması üzrə yaxşı məhsul təqdim edən şirkət yoxdur.

"Finca Azərbaycan" bank olmayan kredit təşkilatının ölkə üzrə direktoru Maniş Sane bir müddət əvvəl bununla bağlı bildirmişdi ki, Azərbaycanın sığorta sahəsi inkişaf edir: "Lakin bu iş istənilən səviyyədə deyil. Bu sektorda kənd təsərrüfatı təyinatlı kreditlərin sığortalanması üzrə bazar yaxşı inkişaf etməyib. Gələcəkdə bizim tələblərə uyğun bu cür sığorta məhsulu olarsa, bu məhsulları müştərilərə təqdim edəcəyik".

Ekspertlər xatırladır ki, təkcə bank deyil, müştəri də (borcalan) kredit riski daşıyır. Kreditor həmişə öz müştərisinin ödəmə qabiliyyətinə şübhə ilə yanaşır, çünki o da öz növbəsində maliyyə çətinliklərinin olmayacağına dair tam təminat vermir. Kredit borcunun qaytarılmaması riskinin sığortalanması ikitərəfli kreditləşmə riskini azaldır. Sığorta pulların banka qayıtmasına təminat verir. Borcalan isə kredit ilə bağlı daha loyal şərtlər əldə edir. 

Azərbaycan praktikasından bu məhsul, yəni kreditin qaytarılmaması riskindən sığorta - bəzən kredit məsuliyyətindən sığorta adlanır. Bir qayda olaraq sığortanın təşkili məsələləri ilə bank özü məşğul olur, amma bəzi borcalanlar müstəqil şəkildə sığorta kompaniyalarına müraciət edirlər. Kreditin qaytarılmaması riskindən sığorta zamanı elə borcun (ipoteka, avtokredit, ipoteka, istehlak və ekpress kredit) özünün rəsmiləşdirilməsi zamanı tələb olunan sənədləri təqdim etmək lazım gəlir. Bundan əlavə sığorta şirkətləri lazımi hesab etdikləri istənilən bir sənədi də əlavə olaraq tələb edə bilərlər.

Sığortalanan tərəf faktiki olaraq bank olur, belə ki, sığorta haqqını da məhz o, ödəyir. Kreditin sığortalanması xərcini isə borcalan həyata keçirir, bu, isə kredit dəyərini nəzərəçarpacaq qədər yüksəldir. Belə ki, sığortanın dəyəri sığortalanan məbləğin bir neçə faizinə çatır. Amma əgər kreditləşmə dövrü kifayət qədər uzun müddət olarsa, aylıq ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artmır.

Kredit üzrə girov məbləği nə qədər böyük olarsa, sığorta bir o qədər ucuz başa gəlir. Bundan əlavə, əgər borcalanın əlavə borcun rəsmiləşdirilməsi anından başqa kredit borcu olmazsa, bu da sığortanın qiymətini aşağı sala bilər. Sığorta hadisəsi o zaman baş verir ki, müqavilə ilə müəyyən edilmiş zamanda və ya həcm də kredit ödənişləri həyata keçirilmir. Sığorta hadisəsinin baş verməsi sənədlər ilə təsbit edilir.

Sığorta şirkəti kreditin təyinatı üzrə istifadəsinə nəzarət etmək hüququna malikdir. Əgər borcalan ondan asılı olmayan səbəblər və şərtlər üzündən krediti ödəmək iqtidarında deyilsə və kredit vəsaiti təyinatı üzrə istifadə olunubsa, sığorta kompaniyası sığorta hadisəsini rəsmən tanıyır və banka dəymiş zərəri ödəyir. Əks təqdirdə sığorta kompensasiyasının ödənişindən imtina etmək edilə bilər. Əgər borcalanın maliyyə imkanları yaxşılaşarsa, o, vəsaitin bir hissəsini sığorta xaricinə çıxara bilər, bu da öz növbəsində aylıq ödənişlərin azalmasına gətirib çıxarır. Müəyyən şərtlər daxilində sığorta haqqının 50%-nin geri qaytarılması mümkün ola bilər.

Hələlik isə bu, mümkün olmadığından problemli kreditlərin miqdarı artır. Bu səbəbdən  kreditlər üzrə faiz dərəcələri yüksək olaraq qalmaqdadır və bu da kreditlərin qaytarılmasında ciddi problemlər yaradıb. Ekspertlər də deyir ki, Azərbaycanda bank sektorunun ciddi problemlərindən biri faiz siyasətinin qüsurlu olmasıdır. Bu, hətta zaman-zaman banklarda böhranların yaranmasına gətirib çıxarıb. Bankların həyata keçirdikləri faiz siyasəti banklarda yeni böhrana yol açır. İqtisadçılar bildirir ki, Mərkəzi Bankın uçot stavkası bankların faiz siyasətinə, eləcə də maliyyə resursları ilə təminatına təsir göstərmir. Belə ki, Mərkəzi Bankın uçot stavkasının 5,25 faiz olmasına baxmayaraq, banklar 20 və bundan daha artıq faizlə kredit təklif edir. Bankların kreditlər üzrə faiz dərəcələri Mərkəzi Bankın uçot stavkasından 4-5 dəfə çoxdur. Eyni zamanda Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin umumi bank aktivində payı 5 faizdən artıq deyil. 

İqtisadçıların fikrincə, Mərkəzi Bankın uçot stavkası siyasəti kommersiya banklarının faiz siyasətinə təsir etmir. O cümlədən, bankların maliyyə resursları ilə təminatında problemlərin aradan qaldırılmasına imkan vermir. Mütəxəssislər bildirir ki, istər əmanətlər üzrə dividend siyasətinə, istər uçot siyasətinə və faiz siyasətinə yenidən baxılmalıdır. 


Səməd CəFƏROV 

Sizin Reklam Yeriniz