Əlaqə Arxiv
news Image
2012.11.24
07:21
| A A A
2013-cü ilin ortalarına pensiyaların təyinatı avtomatlaşdırılacaq
“Gələn ilin əvvəlindən işləməyən və DSMF-də qeydiyyatdan keçməyən belə şəxslərə müraciət etməyi planlaşdırırıq”

"Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaçılara öz stajı haqqında informasiya vermək xahişi ilə müraciət edəcək". Bu barədə DSMF sədri Səlim Müslümov jurnalistlərə bildirib. "Əmək pensiyalarının avtomatlaşdırılmış təyinatına keçid üçün yeganə problemi həll etmək qalır. Bu, 2006-cı ilə qədər pensiyaya çıxmış pensiyaçıların iş stajı haqqında məlumatın toplanmasıdır. Əgər bizdə staj haqqında məlumatlar olarsa, onda biz qanunvericiliyə uyğun olaraq hər ili 170 manata vurmaqla bu şəxslərin 2006-cı il yanvarın 1-nə olan pensiya kapitalını əldə edəcəyik. Bizdə 2006-cı ildən sonra bütün şəxslərə sosial ödənişlər haqqında məlumatlar var", - Müslümov bildirib.

Onun sözlərinə görə, məlumatların toplanması prosesi gedir, lakin bir az yubanma var.

"Biz güman edirdik ki, bu prosesi cari ilin sonuna kimi başa çatdıracağıq, ancaq təcrübə göstərir ki, bu, bir qədər mürəkkəb prosesdir. Biz pensiyaçılar haqqında informasiyanın 80 faizini işəgötürənlərdən və Fondda fiziki şəxs kimi qeydiyyatdan keçmiş şəxslərdən topladıq. Lakin Azərbaycanda Fondda qeydiyyatdan keçməyən və pensiya hüquqlarına malik xeyli sayda insan var. Biz onlar haqqında informasiya toplamalıyıq. Buna görə də biz gələn ilin əvvəlindən işləməyən və DSMF-də qeydiyyatdan keçməyən belə şəxslərə müraciət etməyi planlaşdırırıq ki, hər bir vətəndaş Fondun yerli bölmələrinə öz stajı haqqında informasiya versin. Nəticədə həmin məlumatlar mərkəzə göndəriləcək", - Müslümov bildirib.

Onun sözlərinə görə, DSMF gələn ilin ortalarına pensiyaların avtomatlaşdırılmış təyinatına keçməyi planlaşdırır. "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda bu prosesin tamamlanması 2013-cü ilə nəzərdə tutulub.

"Əlillik və ya ailə başçısının itirilməsinə görə pensiyaların avtomatlaşdırılmasına gəlincə, müvafiq dövlət strukturlarının (Ədliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) məlumat bazalarını formalaşdırmaları lazımdır ki, biz də onlara çıxış əldə edək. Bu istiqamətdə də işlər gedir", - Müslümov deyib.

Hazırda ölkədə pensiyaçıların ümumi sayı 1,272 milyon nəfərə çatır, lakin Fondda fərdi hesablara malik sığortalanmış şəxslərin sayı 2,150 milyon nəfərdir. Beləliklə, ölkə əhalisinin 37 faizi DSMF-nin xidmətlərindən istifadə edir.
Sizin Reklam Yeriniz