Əlaqə Arxiv
news Image
2011.11.30
16:50
| A A A
İranlı ayətullahlar antiazərbaycan təbliğatını gücləndirir
Onlar yenə də ölkəmizdə islamofobiyanın mövcudluğuna dair sərsəm fikirlər səsləndirməkdədir

Beynəlxalq xəbərdarlıqlara baxmayaraq, İranın nüvə proqramını inkişaf etdirməkdən çəkinməməsi bu ölkəyə qarşı daha sərt addımlar atılmasını qaçılmaz edir. Elə bunun nəticəsidir ki, İranla bağlı Qərb ölkələri tərəfindən daha sərt reaksiyalar həyata keçirilir və yenilərinin tətbiqi üçün müvafiq addımlar atılır.

Bütün bunlar İranın beynəlxalq təcrid vəziyyətini daha da dərinləşdirir və hadisələrin qeyd olunan səpkidə inkişafı cənub qonşumuzun sonunda ciddi iqtisadi problemlərlə qarşılaşacağını istisna etmir. Maraqlıdır ki, belə vəziyyətdə İran yaxın qonşuları ilə münasibətləri gərgin məcraya sürükləyən addımlar atmaqdan çəkinmir. Əslində bu, reallıq prizmasından yanaşdıqda heç də normal olmayan siyasət kimi dəyərləndirilməlidir. Çünki qonşu ölkələrlə münasibətləri indiki durumunda daha da sıxlaşdırmaq və intensivləşdirmək əvəzinə İran tərəfindən bunun əksi olan fikirlər səsləndirilir.

Sözügedən kontekstdə İranın Azərbaycanın da ünvanına müxtəlif hədyanlar səsləndirməsi heç də başadüşülən deyil. Bu işdə həmişəki kimi iranlı ayətullahlar yenə ön sırada yer alırlar. Onların ölkəmiz barədə dəyişməz sərsəmləmələri isə guya Azərbaycanda islamofobiyanın mövcudluğudur. Bu dəfə belə cəfəng fikrin müəllifi qismində Tehran şəhərinin müvəqqəti imam cüməsi Ayətullah Kazim Sədiqi çıxış edib. Təbriz şəhərində keçirilən mərasimdə çıxış edən Ayətullah Sədiqi ölkəmizdə islam dininin təbliğinə və inkişafına məhdudiyyətlər yaradıldığına dair yeni cəfəng fikirlər səsləndirib. Onun sözlərinə görə, Azərbaycan xalqı imam hüseynçidir: "Onların qəlbi Hüseyn ibn Əli ilədir. Sovet hökumətinin dağıldığı ilk illərdə bu ölkə qadınlarının hicab barədə məlumatı yox idi. Bununla belə, onlar imam Hüseyni sevirdilər. Məhərrəm ayında da əzadarlıq edirdilər. Sovet hökumətinin dağılmasından artıq illər keçib və həmin qızlar və xanımlar hicaba meyillidirlər. Amma çox təəssüf olsun ki, dövlət yenə hicabı qadağan etməklə onlarla və dindarlarla üz-üzə dayanıb". Tehranın müvəqqəti imam cüməsi bildirib ki, Azərbaycan dövləti özünü dindarlarla üz-üzə qoymaqla səhvə yol verir: "İsrail din xadimləri Azərbaycanda sərbəst hərəkət etdiyi halda, müsəlman alimlərin öz hümməti ilə görüşlərinə məhdudiyyət qoyulur. Bu ölkənin müsəlman xalqı bu hüquqdan məhrum olmalarına dözə bilməzlər. İndi Azərbaycan Respublikasında şiələr İranda təhsil almış ruhaniləri moizə etməyə dəvət edə bilmirlər. Bu vəziyyət gərək dəyişsin".

Xatırladaq ki, daha əvvəl buna bənzər mövqe İranın Ali Ruhani Məclisinin üzvü, Ayətullahül-üzma Nasir Məkarim Şirazi tərəfindən sərgilənmişdi. Dəfələrlə Azərbaycanda islamofobiyanın olduğunu iddia edən bu şəxs İran mediasına müsahibəsində bu mövzuya toxunarkən bildirmişdi: " Azərbaycanlıların əksəriyyəti şiələrdir. Amma hakimiyyət son zamanlar insanlara təzyiqlər edir və məscidləri dağıdır". Ayətullah dini ədəbiyyatın - risalələrin yayılmasına qadağalardan da təəssüfünü bildirmişdi: "Son zamanlar tələbə və məmurların məsciddə ibadət etməsinin yasaq olunduğu bildirilir".

Onu da xatırladaq ki, İran Konstitusiyasının tələbinə görə, yüksək çinli din xadimləri, müctəhidlər və təqlid mərcələri həm də dövlət məmurlarıdır. Bütün bunlar isə o deməkdir ki, İran ayətullahlarının açıqlamaları eyni zamanda rəsmi mövqe kimi qəbul oluna bilər. Bu isə İranın dini zəmində Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərindən başqa bir şey deyil.

Belə bir vaxtda daha bir maraqlı açıqlama Ayətullah Fazili Lənkəraninin oğlu Məhəmməd Cəvad Lənkərani tərəfindən gəlib. Məhəmməd Cəvad Lənkərani müraciətində yazıçı Rafiq Tağının öldürülməsini dəstəklədiyini bildirib. Xatırladaq ki, Rafiq Tağı noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanmışdı. O, çoxlu bıçaq yarası alsa da, əməliyyatdan sağ çıxa bilmişdi. Müsahibəsində o, edilmiş sui-qəsd olayının arxasında İranın dayandığından şübhələndiyini bildirmişdi. Rafiq Tağı İran rejimi əleyhinə tənqidi yazılarla tanınırdı. Məhəmməd Cəvad Lənkəraninin isə onun ölümü barədə verdiyi açıqlama İran ayətullahlarının mövqeyinin təhlükəli məcraya qədəm qoyduğunu real təsdiqi kimi çıxış edir. Ekspertlərin fikrincə, İranın dövlət məmurları və din xadimlərinin Azərbaycan Respublikasındakı məsələlərə münasibəti dinlə əlaqəli olmayıb, sırf İranın şovinist-millətçilik prinsipləri üzərində qurulmuş siyasətdir. O da mühüm məqamdır ki, İrandan başqa heç bir islam ölkəsindən Azərbaycandakı dini durumla bağlı tənqidlər səslənmir.

Səməd CƏFƏROV


Sizin Reklam Yeriniz