Əlaqə Arxiv
news Image
2012.04.20
13:33
| A A A
Azərbaycan böyük həcmdə qızıl ehtiyatı yaradır
Artıq daxili ehtiyatlar və dünya bazarlarından alınan qızıl ehtiyatının həcmi 3,5 tona çatmaq üzrədir Dünya bazarlarında qızılın sürətlə bahalaşması və hazırda bir unsiyasının 1650 dolları keçməsi sözügedən qiymətli metala olan marağın daha da artmasına səbəb olub. İnvestorlar əvvəlki dövrlərdən fərqli olaraq indi qızıla daha böyük həcmdə sərmayə yatırmaqdadırlar. Eləcə də dünyanın ən böyük qızıl ehtiyatı cəmləşdirən ölkələri kimi tanınan ABŞ, bəzi Avropa ölkələri, Rusiya və Çin də bu metala yüz milyonlarla dollar həcmində sərmayələr yatırmaqdadırlar.
Artıq Azərbaycan da həm daxili ehtiyatlar, həm də dünya bazarlarından böyük həcmdə qeyd edilən nəcib metalın alışı hesabına böyük həcmdə qızıl ehtiyatı yaratmaqdadır. Məlumdur ki, Azərbaycanda qiymətli metalların hasilatı və emalı sahəsində istismar işləri davam etdirilir. "R.V.İnvestment Group Services, LLC USA" şirkətinin Gədəbəy qızıl filiz yatağında apardığı işlər nəticəsində xeyli miqdarda qızıl və gümüş istehsal edilib. Rəsmi məlumata görə, hasilat dövrü başladıqdan indiyədək Azərbaycanın payı olaraq 513,6 kq qızıl (999,9 əyarlı) saxlanması üçün Mərkəzi Banka təhvil verilib. Azərbaycanın qızıl yataqlarının işlənməsi üzrə "R.V.İnvestment Group Services, LLC USA" şirkətilə bağladığı saziş əsasında Qoşa (Tovuz rayonu) yatağında kəşfiyyat işləri başa çatdırılıb.
2012-ci ilin ilk üç ayı ərzində ölkədə 309,1 kq qızıl istehsal edilib. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə bildirib ki, Azərbaycan qızıl istehsal edən ölkələr sırasına çıxıb və son illərdə artıq 4,5 ton qızıl emal olunub. Nazir onu da bildirib ki, hazırda Daşkəsən rayonu ərazisində Çovdar qızıl yatağında istismara hazırlıq və zavod tikintisi işləri başa çatdırılmaq üzrədir. Cari ilin sonunadək Gədəbəy və Çovdar qızıl yataqlarından birlikdə 7,5 ton qızılın çıxarılması proqnozlaşdırılır.
H.Bağırov deyib ki, geoloqlarımızın səyləri nəticəsində son iki ildə Göygöl rayonunda yeni Tülallar qızıl yatağı aşkarlanıb, 80 ton qızıl, 290 ton gümüş ehtiyatı hesablanıb. Hazırda yataq istismar işlərinə hazırlanır. Daşkəsən rayonunda Qoşqardağ-Çanaqçı qızıl yatağı aşkarlanmış və 20 ton qızıl ehtiyatları proqnozlaşdırılıb. Onun sözlərinə görə, Şəmkir rayonu ərazisində ölkədə ilk dəfə platin qrupu metalları müəyyənləşdirilib və yataq aşkarlanıb. Proqnoz ehtiyatları 50 ton hesablanmış yataqda geoloji qiymətləndirmə işləri aparılır.
Beləliklə, göründüyü kimi daxili ehtiyatlar hesabına Azərbaycan yaxın perspektivdə böyük miqdarda qızıl ehtiyatı toplaya biləcək. Bununla yanaşı, qeyd olunduğu kimi dünya bazarlarından da qızıl alınır. Xatırladaq ki, cari ilin əvvəllərindən etibarən Dövlət Neft Fondu investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədi ilə qızıla investisiya etməyə başlayıb. Ölkə prezidentinin 2011-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Neft Fondunun İnvestisiya Siyasətinə əsasən, 2012-ci il ərzində fondun investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər.
Bu məqsədlə 1 fevral 2012-ci il tarixindən etibarən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələrin alışına başlanılıb. 1987-ci ildən fəaliyyət göstərən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası Londonun qızıl və gümüş külçələr bazarındakı beynəlxalq bankları, istehsalçıları, daşıma və saflaşdırma şirkətlərini əhatə edir. 2012-ci ilin ilk rübü ərzində Dövlət Neft Fondunun aldığı qızılın miqdarı 2 ton 804 kq (90 143 unsiya) təşkil edib. Beləliklə, daxili ehtiyatlar və dünya bazarlarından alınan nəcib metal sayəsində bu gün Azərbaycanın qızıl ehtiyatının 3,5 tona çatmaq üzrə olduğunu demək olar. Lakin yaxın tezlikdə bu rəqəmin artacağı və hətta ilin sonuna kimi 10 tona qədər çata bilməsi istisna edilmir. Bu həm də Azərbaycanı qızıldan daha çox gəlir əldə etməsini şərtləndirən amillərdən birinə çevriləcək. Çünki qızılın qiyməti son illərdə yalnız artımla müşayiət olunub. Dünyanın 3-cü ən böyük qızıl istehsalçısı olan "AngloGold Ashanti" şirkətinin direktoru Mark Kutifani bildirir ki, cari ilin sonuna qədər dünya bazarlarında bir unsiya qızılın qiyməti 2 min dollara qədər bahalaşa bilər. Onun sözlərinə görə, dünyanın əsas qızıl alıcılarından olan Çin və Hindistan daha çox qızıl satın almağa başlayıblar: "Bu isə yaxın tarixlərdə qızılın qiymətinin yüksəlməsinə gətirib çıxaracaq". Bahalaşma prosesini, dollarla yanaşı, avro da sürətləndirir. Avronun məzənnəsinin düşməsi Yunanıstanda baş verən iqtisadi böhran, eləcə də bu böhranın Yunanıstandan Avropa İttifaqı və ya avro bölgəsi digər ölkələrə keçməsilə bağlıdır. Təbii ki, Yunanıstanda iqtisadi iflasla yaşananlar avrozonanın digər ölkələrində də bu narahatlığın yaşana biləcəyilə bağlı müəyyən narahatlıqlara gətirib çıxarıb. Bu da investorların avroya olan inam və marağının azalmasına qızıla daha iri həcmdə sərmayə yatırılmasına səbəb olub.
Səməd CƏFƏROV

Sizin Reklam Yeriniz