news Image
2012.04.23
17:12
| A A A
Nazirlər Kabinetindən yeni qərar
Azərbaycanda təhsil müəssisələrinin infrastrukturunun normativləri açıqlanıb

Azərbaycan Nazirlər Kabineti "Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri"ni təsdiq edib.

Nazirlər Kabinetindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu normativlər "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanıb. Onlar təhsilin pillələri üzrə təhsil müəssisələrinin maddi-texniki bazasını və təhsil infrastrukturu normativlərini müəyyən edir.

Təhsil müəssisələrinin maddi-texniki bazası və təhsil infrastrukturu onların tikintisi üçün ayrılmış torpaq sahəsindən və tədris binasından (binalarından) ibarətdir.

Məktəbəqədər təhsil müəssisəsinin layihələndirilməsi üçün ayrılmış torpaq sahələrinin yaşayış məntəqələrində magistral küçələrdən, kommunal və sənaye obyektlərindən, avtomobil nəqliyyatı müəssisələrindən kənar sahələrdə yerləşdirilməsi nəzərdə tutulur.

Yeni layihələndirilən məktəbəqədər təhsil müəssisələrinin ərazisində səs-küy, vibrasiya və elektromaqnit şüalanması mənbəyi olan avadanlıqların yerləşdirilməsinə yol verilmir.

Məktəbəqədər təhsil müəssisəsinin ərazisi hündürlüyü 1,6 m olan hasarla və yaşıllıq zolağı ilə əhatə olunur. Mürəkkəb relyefli ərazilərdə uşaqların oyun meydançalarının subasmadan mühafizəsi məqsədi ilə leysan və sel sularının kənarlaşdırılması üçün drenaj kommunikasiya sistemi nəzərdə tutulur.

Bu təhsil müəssisələrinin binaları bir-birindən ayrılıqda layihələndirilir. Şəhərlərdə çoxmərtəbəli tikililərin sıx yerləşdiyi ərazilərdə, eləcə də yeni tikilən şəhərlərdə tutumu 140 yerdən artıq olmayan məktəbəqədər təhsil müəssisəsinin sərbəst giriş-çıxışa malik hasarlanmış ərazidə olmaq şərtilə binalara bitişik tikilməsinə yol verilir. Məktəbəqədər təhsil müəssisəsinin binası yaşayış binasından əsaslı divarla ayrılır. Məktəbəqədər təhsil müəssisəsinin yaşıllıq zonasının sahəsi ümumi sahənin 50 faizindən az olmamalıdır.

Ümumi təhsil müəssisəsinin tikintisi üçün torpaq sahəsinin ölçüləri mövcud şəraitdən və yerli xüsusiyyətlərdən asılı olaraq, layihəqabağı işlər zamanı yerli icra hakimiyyəti və ya bələdiyyə orqanları ilə razılaşdırılmalı və müvafiq qaydada təsdiq olunmuş baş plan və ya müfəssəl planlaşdırma layihələrində öz əksini tapmalıdır.

Ümumi təhsil müəssisələrinin binaları layihələndirilərkən, onların yerləşdirilməsi üçün torpaq sahələrinin ölçüləri aşağıdakı hesabla müəyyənləşdirilməlidir:

40 şagirddən 400 şagirdədək hər bir şagird üçün - 50 m2;

400 şagirddən 500 şagirdədək hər bir şagird üçün - 60 m2;

500 şagirddən 600 şagirdədək hər bir şagird üçün - 50 m2;

600 şagirddən 800 şagirdədək hər bir şagird üçün - 40 m2;

800 şagirddən 1100 şagirdədək hər bir şagird üçün - 33 m2;

1100 şagirddən 1500 şagirdədək hər bir şagird üçün - 21 m2;

1500 şagirddən 2000 şagirdədək hər bir şagird üçün - 17 m2;

2000 şagirddən çox hər bir şagird üçün - 16 m2.

Ayrılmış sahənin ən azı 50 faizi yaşıllıq sahə kimi nəzərdə tutulur.

Ümumi təhsil müəssisəsi böyük kompleks şəklində də layihələndirilə bilər. Belə komplekslər bir qayda olaraq, 2-3 müxtəliftutumlu tədris müəssisəsindən və ümumi təhsil məktəb zallarından və inzibati-xidmət otaqlarından ibarət olur.

İlk peşə-ixtisas təhsili müəssisəsələrinin yerləşdiyi torpaq sahələrinin ərazisində tədris binaları, tədris kabinetləri və laboratoriyaları, auditoriyalar, rəsmxət zalları, tədris-istehsalat emalatxanaları, kitabxana, bədən tərbiyəsi - idman qurğuları, akt zalı və dərnək otaqları, yeməkxana, tibbi xidmət otaqları, eləcə də köməkçi otaqlar nəzərdə tutulmalı və yerləşdirilməlidir.

Orta ixtisas təhsili müəssisəsinin əsas binası nəqliyyat hərəkət edən yoldan 25 metr aralı məsafədə, binanın önündə açıq meydan nəzərdə tutulmaqla yerləşdirilməlidir.

Orta ixtisas təhsili müəssisəsinin ərazisində tələbələrin təhsil aldığı auditoriyalardan normaya uyğun məsafədə idman meydançaları, yaşıllıq zolağı əhatəsində passiv istirahət üçün sahələr, binanın özündə isə müasir tələblərə cavab verən idman kompleksi, qiraət zalı və yeməkxana nəzərdə tutulmalıdır.

Ali təhsil müəssisəsinin əsas binası nəqliyyat hərəkət edən yoldan 25 metr aralı məsafədə, binanın önündə açıq meydan nəzərdə tutulmaqla yerləşdirilməlidir.

Ali təhsil müəssisəsinin planı ali təhsil müəssisəsi üçün ayrılmış torpaq sahəsindən, mərtəbələrinin sayı isə təhsil alacaq tələbələrin sayından və ixtisaslarından asılı olaraq müəyyənləşdirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs