news Image
2012.04.24
14:30
| A A A
Banklar plastik kartla kredit verməkdən yayınır
İlham Hüseynli: «Azərbaycandakı banklar Avropa banklarının göstərdikləri xidmətlərin 30-40 faizini göstərə bilmirlər» Vüqar Bayramov: «1000-2000 nəfər üçün belə bir xidmət sahəsini açmaq banklara sərf etmir» Azərbaycanda maliyyə-bank sektorunun ildən-ilə inkişaf etməsinə baxmayaraq bu sahədə hələ də bir sıra çatışmazlıqlar var. Məsələn, xarici ölkələrdə hansısa bankın kredit kartını cibində gəzdirən şəxs heç vaxt pulsuzluq dərdi çəkmir. Hətta bank hesabında pul qurtarsa belə.

Çünki kartı vasitəsilə əlavə kredit götürmək imkanına malik olur. Məsələn, mağazadan 150 manatlıq mal almaq istəyən, lakin kartında cəmi 100 manatı olan şəxs asanlıqla yerindəcə bankdan əlavə 50 manat kredit götürə bilir. Azərbaycanda isə bank kartı vasitəsilə kredit götürmək mümkün deyil.

Məsələ ilə bağlı söhbət etdiyimiz iqtisadçı ekspert İlham Hüseynlinin sözlərinə görə, dünyanın əksər ölkələrində banklar vətəndaşlara hərtərəfli xidmətlər göstərir: "Məsələn, Azərbaycanda yaşayan ingilis asanlıqla, hətta burada heç bir filialı olmayan Amerika və ya Avropanın hansısa bankından kredit götürə bilir. Əgər şəxs bankın kreditorudursa, daimi əməkdaşlığı varsa, problem yaşamadan borca pul götürə bilir. Düzdür, orada banklar bundan fayda götürürlər. Ümumiyyətlə, banklar istənilən xidmət üzrə qazanc götürürlər. Mən banklardan humanizm gözləmirəm. Onların sərt qanun-qaydaları var. Amma söhbət xidmətin rəngarəngliyindən gedir. Azərbaycandakı bankları Avropa banklarının göstərdikləri xidmətlərin 30-40 faizini göstərə bilmirlər".

İ.Hüseynli hesab edir ki, Avropa bankları kartla kredit götürən vətəndaşlara vəsaiti olduqca aşağı faizlə verirlər və təxminən iki ay müddətinə faiz nəzərdə tutulmur: "Azərbaycanda isə bu müddət maksimum 1 aydır. Bu müddət ərzində kreditini qaytara bilməyənlərə 25-30 faiz arasında faiz hesablanır.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda bank-vətəndaş münasibətlərinin zəif olmasının başlıca şərti ikincinin maliyyə gəlirlərinin aşağı olması və qazancının 70 faizə qədərinin istehlak xərclərinə getməsidir: "Bizdə banklardan plastik kartlar vasitəsilə kredit götürmək populyar deyil. Əhalinin yalnız 25-30 faizi bu və ya digər formada banklarla əməkdaşlıq edir. Kredit kartı olanlar daha çox pul çıxarırlar, amma kredit götürə bilmirlər. Plastik kartla kredit götürmək üçün debit kartı olmalıdır. Azərbaycanda əksər banklar debit kartlar verir. Kredit kartında pul qurtarırsa, sən heç bir əməliyyat apara bilmirsən. Amma debit kartında pul qurtaranda belə, sənin üçün açılmış kredit xəttilə əlavə kredit götürə bilirsən. Bəzi banklarda bu xidmət fərqlidir. Elələri var ki, kart kreditinə görə, iki ay ərzində heç bir faiz tətbiq etmir".

Ekspertin sözlərinə görə, dünyanın əksər ölkələrində debit kartlar vətəndaşa pulsuz verilir: "Azərbaycanda yalnız UNİBank Visa kartını pulsuz verir. Sadəcə kart alarkən 100 manatlıq balansın olmalıdır. Həmin vəsaiti vətəndaş istədiyi vaxt çəkib götürə bilər. Amma həmin kart üzrə kredit xətti açılmır. Kredit xətti açdırmaq üçün sığorta haqqı ödəməlisən. Bundan başqa götürdüyün hər bir kreditə görə, məbləğdən asılı olaraq faiz və saxlama haqqı ödəməlisən. Bu da Azərbaycan vətəndaşlarına sərf etmir. Ona görə də Azərbaycan vətəndaşları bu kimi bank əməliyyatlarını daha çox fərdi müqavilələri olan xarici banklarla aparır".

V.Bayramov hesab edir ki, Azərbaycanda bankların gəlirləri az olduğu və rəqabət aparmadıqları üçün bu kimi əlavə xidmətlər göstərməkdə həvəsli olmurlar: "Bu o demək deyil ki, Azərbaycan banklarının bu kimi xidmətlərdən xəbərləri yoxdur və ya bunu bacarmırlar. Sadəcə bizdə tələbat aşağı səviyyədədir. 1000-2000 nəfər üçün belə bir xidmət sahəsini açmaq banklara sərf etmir. Həmin xidmətdən əldə olunacaq gəlirlər xidmət üzrə işçilərin aylıq əməkhaqqından qat-qat aşağı olur".

R.Qaçayoğlu

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs