Əlaqə Arxiv
news Image
2013.02.01
06:58
| A A A
Azərbaycan Rusiyadan S-300 raketlərinin yeni partiyasını alacaq?!
Əks halda ölkəmiz Rusiyanı məhkəməyə verə bilər

Məlumat verildiyi kimi Rusiya prezidenti Vladimir Putin Azərbaycana S-300 PMU-2 "Favorit" zenit raket sisteminin satılmasını qadağan edib. Rusiyada nəşr olunan "Nezavisimaya qazeta" Müdafiə Nazirliyindəki mənbəyə istinadən yazıb ki, V. Putin bu addımı Rusiya ilə Azərbaycan arasında Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı aparılan danışıqların uğursuz nəticələnməsindən sonra atıb.

Qəzet Azərbaycan tərəfinin ermənilərin Xocalı aeroportundan istifadə zamanı təyyarələri vurması ilə bağlı bəyanatını da şərh edib. Şərhdə bildirilir ki, Azərbaycan təyyarələri vurmaq imkanını 2010-cu ildə Dmitri Medvedyevin prezidentliyi dövründə Moskvanın Bakıya müasir tipli, bəzi parametrlərinə görə dünyada analoqu olmayan iki ədəd "Favorit" zenit raket sistemi satması nəticəsində əldə edib. Azərbaycan Xocalı aeroportundan istifadə edəcək təyyarələri bu raket vasitəsi ilə asanlıqla vura bilər. Bu zenit raket sistemi texniki xarakteristikasına görə, bütün Dağlıq Qarabağ səmasını nəzarətdə saxlamaq imkanına malikdir.

Rusiya Müdafiə Nazirliyindəki hava hücumundan müdafiə üzrə mütəxəssis qəzetə bildirib ki, bu sistem 150 km məsafədə istənilən hədəfi yüz faiz dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. Bu isə o deməkdir ki, Xocalı aeroportundan istifadə edəcək istənilən hava gəmisi "Favorit" zenit raket sistemi vasitəsilə məhv edilə bilər. Bununla belə qəzet Ermənistanın müdafiə naziri Seyran Oqanyanın bu yaxınlarda səsləndirdiyi "Ermənistan HHM qüvvələri İrəvandan Stepanakertə (Xankəndi) uçan mülki təyyarələrin tam təhlükəsizliyini təminetmə imkanına malikdir" sözlərinə şübhə ilə yanaşıb: "Ermənistanın HHM qüvvələri rəqibin yalnız hərbi aviasiyadan gələn zərbələrini dəf etmək imkanına malikdir.

Ancaq "Favorit"-dən istifadə edildiyi halda, bu demək olar ki, mümkün deyil", - deyə ekspert bildirib. "Rusiya Mudafiə Nazirliyində olan mənbələr xəbər verirlər ki, qeyri-rəsmi səviyyədə Rusiya nümayəndəliyinin təmsilçiləri təkidlə Qarabağ ərazisi üzərindən uçuşları hələ həyata keçirməməyi tövsiyə edirlər", - materialda qeyd olunub.

Ekspertlər isə hesab edir ki, əgər qəzetin yaydığı məlumat doğrudursa belə, Azərbaycan Rusiyadan "Favorit" zenit raket sisteminin üçüncü sistemini də ala bilər. Çünki, məlumatlara görə, bununla bağlı müqavilə də Putinin prezidentliyi dövründən əvvəl imzalanıb. Bu səbəbdən raketlər verilməyəcəyi halda Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verə bilər. Qeyd edək ki, sovet dövründə Bakının hava hücumundan müdafiə sistemi çox güclü olub və yalnız Moskva ilə Leninqradın müdafiəsindən geri qalıb. 1990-cı illərdə bu sistem dağılmağa başlayıb və indi Azərbaycan sistemi yeniləyir. Bu fonda isə Azərbaycan Türkiyədən uzaq mənzilli raket sistemləri alıb. T-300 "Qasırğa" adlı, 300 mm çaplı reaktiv raket sistemləri (Türkiyə Silahlı Qüvvələrində "Qasırğa" adı verilib) raket sistemləri 2010-cu ildə imzalanmış 244 milyon ABŞ dolları dəyərində satınalma müqaviləsi çərçivəsində alınıb.

Bu raketlər hazırda Türkiyə Silahlı Qüvvələrində istifadə olunan analoqları ilə müqayisədə daha təkmildir. Müqavilə çərçivəsində Azərbaycana həmçinin əlavə olaraq ROKETSAN istehsalı olan digər raket sistemləri də çatdırılıb.

Modern sistemlərlə təchiz olunmuş T-300 rəqibin 100 km-dən artıq uzaqlıqdakı kritik hədəflərini məhv etmək üçün hazırlanıb. Hazırda Türkiyə Silahlı Qüvvələrinin silahlanmasında yer alan bu sistem 6x6 və ya 8x8 taktik təkərli nəqliyyat vasitələrinin üzərində yerləşir. Sistemə hər birinin uzunluğu 5 metr olan 4 buraxıcı boru daxildir. Raketlər 6 saniyə intervala buraxılır. T-300 sistemi avtomatik atış-kontrol sistemi ilə təchiz olunub.
Sizin Reklam Yeriniz