news Image
2013.02.02
08:04
| A A A
Aksiz vergisi qazlı içkilər probleminə son qoya bilər
Eyyub Hüseynov: "Problemdən çıxış yolu əhalinin maarifləndirilməsi və qazlı içkilərə aksiz vergilərin tətbiqindən ibarətdir"

Son araşdırmalar göstərir ki, Azərbaycanda qazlı içkilərin satışı xeyli yüksəlib. Xüsusən də gənclər qazlı enerji içkilərindən geninə- boluna istifadə edirlər. Təqdim olunan bir çox reklamlarda qazlı içkilər sinir sisteminin fəaliyyətini gücləndirən və iş qabiliyyətini yaxşılaşdıran içki kimi göstərilir.

Lakin o da faktdır ki, qazlı içkilər insanın həddən artıq kökəlməsinə və biri sıra digər xəstəliklərə gətirib çıxarır. Bu cür içkilərin tərkibində olan stimullaşdırıcılar qan təzyiqini qaldırır. İsveç Milli Komissiyası qazlı enerji içkilərinin ölümə yol açdığını sübuta yetirib. İrlandiyadan olan basketbolçu Ross Cooney isə 3 qutu enerji içkisi qəbul etdikdən bir neçə saat sonra məşq zamanı vəfat edib. Bu növ içkisinin tərkibində kofein, taurin və qlukuronolakton olur. Bəzi enerji içkilərinin tərkibirdə isə xaş-xaş toxumu var. Taurin maddəsi amin turşusunun bir növüdür. Stress və sıx fiziki fəaliyyət zamanı bədən taurin itkisinə məruz qalır. Taurin kimi kofein və qlukuronolakton da bədənə enerji verir. Bu maddələrin davamlı istifadəsi bir çox zərərli nəticələrlə sonuclanır. Enerji içkilərindən ürək xəstəliyi olanlar, hamilə qadınlar, pəhriz saxlayanlar, idmanla mütəmadi məşğul olanlar, uşaqlar və spirtli içkilər istifadə edən şəxslərin istifadə etməsi qəti qadağandır.

Bəzi Qərb universitetlərinin araşdırmalarına görə bu növ içkilər sayıqlama, yuxusuzluq, ürək problemləri, şəkər xəstəliyi və ruhi xəstəliklərə yol aça bilər. Bütün bunları nəzərə alan bir çox ölkələr əhalinin qazlı içkidən istifadəsini azaltmaq üçün müxtəlif tədbirlərə əl atırlar. Məsələn, Böyük Britaniya qazlı içkilərin satışına aksiz vergisi tətbiq edib. Belədə həmin içkilərin qiymətində bahalaşma baş verir ki, bununla da əhalinin qazlı içkilərə həddən çox aludə olmasının qarşısını ala biləcəklərini düşünürlər. Görəsən, qazlı içkilərin satışının azaldılması üçün anoloji tədbir ölkəmizdə də tətbiq oluna bilərmi?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu qənaətdədir ki, Azərbaycanda da qazlı içkilərə münasibətdə aksiz vergilər tətbiq olunmalıdır: "Qazlı içkilərin çox qəbul edilməsinin insan orqanizminə ziyanının olduğunu mütəxəssislər dəfələrlə vurğulayıblar. Ona görə də çalışmaq lazımdır ki, insanlar qazlı içkilərdən az istifadə etsinlər. Bunun üçünsə müxtəlif tədbirlər görmək olar ki, onlardan biri də Britaniyada olduğu kimi, qazlı içkilərə aksiz vergisinin tətbiqidir. Görünür, Azərbaycan da Britaniyanın bu təcrübəsindən istifadə etməlidir. Digər tərəfdən, bu istiqamətdə istehlakçılar arasında ciddi maarifləndirmə işləri aparılmalıdır ki, belə içkilərə kütləvi boykot tətbiq edilsin. Qazlı içkilər uşaqlar, gənclər və yaşlılar üçün də yararsız içkidir. Amma nə etmək olar ki, əhalinin istehlak mədəniyyətində problemlər yaşanır. Ona görə qazlı içkilərə qarşı aksiz vergilər tətbiq olunmalıdır ki, qiymətində dəyişiklik olsun və əhali belədə bu içkilərdən az istifadə etməyə alışsın. Hər şeyin kökündə istehlakçıların hüquqlarının müdafiəsi məsələsinin zəif olması dayanır. Azərbaycanda istehlakçı hüquqları haqda qanun olsa da, təəssüf ki, ona əməl edən yoxdur. Bu səbəbdən də digər zərərli içkilər kimi, qazlı içkilər də ölkə bazarlarını bürüyüb. Problemdən çıxış yolu ikidir: əhalinin maarifləndirilməsi və inzibati tədbir olaraq qazlı içkilərə də aksiz vergilərin tətbiqi. Bunlar baş verərsə, problemin həllində əsaslı dönüşə nail olmaq olar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs