Əlaqə Arxiv
news Image
2013.02.05
16:47
| A A A
Təhsil nazirliyi TQDK-ya cavab verməyə vaxt istədi
Bayram Hüsenzadə: "Nazirlik öncə bu nəticələrin hansı məktəblərin məzunları arasında qeydə alındığını araşdırmalıdır" Təhsil nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edən abuturiyentlərin bilik səviyyəsi ilə bağlı açıqladığı statistik məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə Movqe.az-a açıqlamasında əvvəlcə jurnalistləri ara qarışdırmaqda suçlayaraq bildirib ki, mətbu orqanlar TQDK-nın jurnalda dərc etdiyi statistik məlumatları bu qurumundan adından verilən bəyanatlar kimi təqdim etməklə bu iki qurumu biri-birinə qarşı qoymaq istəyirlər: " Mən bu gün TQDK-nın mətbuat xidməti ilə danışmışam. Onlar heç bir bəyanat yaymayıblar. Sadəcə jurnalistlər statistik məlumatları bu qurumun bəyanatı kimi yayırlar. O ki, qaldı orta məktəblərdə şagirdlərin keçirilən materialların çox az hissəsini mənimsəməsinə, buna Təhsil nazirliyi araşdırma aparmadan cavab verə bilməz. Bunun müəllimlərin tələbkarlığının aşağı olması üzündən də baş verib-vermədiyi araşdırılmalıdır. Nazirlik öncə bu nəticələrin hansı məktəblərin məzunları arasında qeydə alındığını araşdırmalıdır. Axı orta məktəblərə bütün müəllimlər işə nazirliyin vasitəsilə qəbul olmayıb. 40-45 il bundan əvvəl işə qəbul olunan müəllimlərin bilik səviyyəsi hazırki kimi imtahan edilməyib. Odur ki, bu məsələ araşdırılmalıdır. Yalnız bundan sonra Təhsil nazirliyi TQDK-nın hazırladığı bu statistik hesabata cavab verəcək. Bizə 5-6 gün vaxt verin".
Qeyd edək ki, TQDK-nın hazırladığı statistik təhlildə orta statistik abituriyentin məktəb proqramının yalnız 25-53 faizini mənimsədiyi göstərilib. Məlumatda bildirilib ki, bunun başlıca səbəbi ümumtəhsil müəssisələrində tələbkarlığın aşağı olmasıdır. Belə ki, TQDK  ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda orta statistik portretini müəyyənləşdirib. Məlum olub ki, Azərbaycan bölməsində orta statistik abituriyent ana dili fənnindən test tapşırıqlarının 40,73, ədəbiyyatdan 32,93, riyaziyyatdan I, II qruplarda 27,33, III, IV qruplarda 25.18, fizikadan 24.90, kimyadan 27,42, biologiyadan 34,35, tarixdən 30,42, Azərbaycan tarixindən 39,19, coğrafiyadan 31,21, ingilis dilindən I qrupda 28,38, II, III qruplarda 36.69 faizinə düzgün cavab verib. Rus bölməsində orta statistik abituriyent isə rus dili fənnindən test tapşırıqlarının 49.26, ədəbiyyatdan 43.62, riyaziyyatdan I, II qruplarda 32.87, III, IV qruplarda 30.42, fizikadan 31.13, kimyadan 34.18, biologiyadan 40.31, tarixdən 29.24, Azərbaycan tarixindən 36.44, coğrafiyadan 30.68, ingilis dilindən I qrupda 46.10, II, III qruplarda 52.62 faizini düzgün cavablandırıb. Abituriyentlərin cavablarının göstəricilərindən aydın olur ki, hər iki bölmədə orta statistik abituriyent testlərin yalnız 25-53 faizinə düzgün cavab verib. Test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun məktəb proqramının 47-75 faizini mənimsəmir. TQDK hesab edir ki, bu isə ümumtəhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Bundan əlavə məlumatda bildirilir ki, ötən il Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 43,21 faizi (41682 nəfər) imtahan verdikləri fənlərin ən azı birindən sıfır bal toplayıb. IV qrupda fizika fənni üzrə sıfır balın faizi daha çoxdur.

Sizin Reklam Yeriniz