Əlaqə Arxiv
news Image
2017.05.25
09:30
| A A A
İdmançıları sağlamlıq üzünə həsrət qoyan protein
«İtirilmiş enerjini təbii qidalanma ilə bərpa etmək daha yaxşıdır»

Məşq zallarına üz tutan gənclərin çoxu az keçməmiş idmançı görkəmi almaq, öz bədən görünüşü ilə seçilmək üçün müxtəlif vasitələrə əl atırlar. Əzələ kütləsini  idman etməklə gözəçarpacaq dərəcədə artırmağın mümkün olmadığını görənlər müxtəlif proteinlərdən istifadə etməyə başlayırlar. Son vaxtlar elə ölkəmizdə də proteinlərlərin qəbulu ilə bağlı müəyyən təhlükə də yaranıb. Bu günlərdə Ağdam rayon sakini Sabir İbrahimovun protein qəbul etməsi nəticəsində dünyasını dəyişməsi, həmin qidaların zərərli olub-olmaması məsələsini yenidən gündəmə gətirdi. 

Protein qəbulunun insan səhhətinə təsirini araşdırmazdan öncə gənclərin necə protein aludəçisi olduğunu araşdırdıq. Artıq bir ildir ki, Binəqədi rayonunda yerləşən idman zallarından birinə məşqə gedən Zaur Hüseynov protein qəbul etdiyini etiraf edir. Həmsöhbətimiz deyir ki, hazırda peşəkar idmanla məşğul olmayanlar belə görüntü xətrinə  protein həbləri qəbul edirlər. Z. Hüseynovun sözlərinə görə, gənclər bu həblərin qəbuluna elə məşq salonlarında, idman arenalarında başlayırlar: “Məşqə getdikdən bir müddət sonra başa düşürsən ki, “ideal kişi” bədəninə sahib olmaq üçün mütləq protein qəbul etmək lazımdır. Çünki nə qədər məşq etsən də əzələni gözəçarpacaq dərəcədə böyütmək mümkün deyil. Peşəkar idmançılar da belə bədən görünüşünə proteinlər sayəsində nail olurlar. Biz məşqə gedəndə özümüz şahid oluruq ki, idmana gələn gənclər müəllimə əzələlərinin böyüməməsi ilə bağlı narazılıq edirlər. Təbii ki, heç bir məşqçi istəmir ki, onun yanına gələnlər narazı getsin, qazancı azalsın. Ona görə də, qısa müddətdə əzələnin böyüməsi üçün məşqçilər özləri idmana gələnlərə protein qəbul etməyi məsləhət görürlər”. 
Həmsöhbətimiz deyir ki, bəzən məşq zallarına gedən gənclər biri-biriləri ilə məsləhətləşərək kortəbii protein qəbul edirlər: “Məşqçilər proteindən nə qədər və nə vaxt istifadə etmək barədə idmanla məşğul olanlara düzgün məsləhət verirlər. Amma gənclər bəzən digər həmyaşıdlarının sözləri ilə də protein qəbul edirlər. Bu zaman doza həddini aşan, gündə 3-4 həb qəbul edənlər olur ki, istədikləri nəticəni tez əldə etsinlər”. 
Məşqçi Elşən Əliyev isə idman qidalarından ölüm riskinin az olduğunu söyləyir. Onun sözlərinə görə, ölüm halları əsasən kimyəvi tərkibli həblərdən və inisulin iynəsindən istifadə zamanı baş verir: “Təbii proteinin doza həddinə əməl etməklə qəbulu insan səhhətində problemə yol açmır. Bilirsiniz ki, idmançılar məşq zamanı çox enerji itirirlər.Onlar itirdikləri enerjini heç vaxt təbii yolla qidalanma ilə bərpa edə bilməzlər. Nəzərə alsaq ki, təbii yolla bu qədər enerjini bərpa etmək təbii qidalanma ilə çox baha başa gəlir, bu zaman idmanla məşğul olanlar üçün ən uğurlu variant bioproteinlər qəbul etməkdir. Hansı ki, onların normal dozada qəbulu insan səhhəti üçün heç bir problem yaratmır. İdmançıların itirdikləri enerjini bərpa etmələri üçün biz onlara   amin turşuları təklif edirik. Amin turşuları proteinlərin yaranmasında və quruluşunda əsas rol oynayan komponentlərdir. Qəbul olanan proteinləri bədən parçalayaraq amin turşulara ayırır və asan qarışır. Bədənin 20%i amin turşulardan ibarətdir. Xüsusən əzələ toxumasının yaranmasında və inkişafında çox böyük rol oynayan amin turşular, idmançılar tərəfindən sıxca istifadə edilir. Amma mədəsində turşuluq olanlara bu məsləhət görülmür”.
Məşqçi deyir ki, protein qəbulu kortəbii olmamalıdır. Mütləq doza həddinə əməl edilməlidir. Amma bununla belə E. Əliyev ölüm hallarının əsasən enerjini bərpa edən, əzələ və kütləni artıran kimyəvi tərkibli həblərdən istifadə zamanı baş verdiyini söyləyir. Onun sözlərinə görə, bəzən göbəyə inisulin vurmaqla iştah artıran, bu yolla enerjini bərpa edənlər var ki, bu da artıq dozada ölümə yol aça bilər: “Əgər məşqə gələn şəxs müəllimin dediyinə əməl edirsə, hətta protein qəbul etdikdə də təbii əlavələrə üstünlük verirsə, bu zaman heç bir təhlükə yaranmır”.
E. Əliyev bəzən gənclərin başqalarının fikrinə uyaraq kortəbii protein qəbul etdiyini, hətta əzələni böyütmək üçün müxtəlif kimyəvi tərkibli iynələr də vurdurduğunu söyləyir. 
Professor Adil Qeybulla isə protein qəbulu zamanı bir çox məqamlara diqqət etməyin vacib olduğunu söyləyir: “Əlbəttə, itirilmiş enerjini təbii qidalanma ilə bərpa etmək daha yaxşıdır. Amma idmançılar, məşqə gedənlər bəzən proteinlərə də üstünlük verirlər. Əzələ kütləsini artırmaq, bədən formasını dəyişmək üçün istifadə edilmiş proteinlərin istehsalı zamanı rafinə olunması qaydası düzgün aparılmalıdır. Çünki, bitki və heyvanlardan sintez olunur. Bu zaman rafinə prosesi düzgün aparılmalıdır.Əks halda insan səhhətinə ciddi fəsad verə bilər”.
A.    Qeybulla proteinlərdən kortəbii istifadənin maddələr mübadiləsi və hormonal pozğunluğa yol açma ehtimalının da olduğunu söyləyir. Onun sözlərinə görə, proteinlərdən uzun müddət və dozadan artıq istifadə cinsi aktivliyi azalda bilər: “Çünki, bu həblər bədəndə testestronların funksiyasını poza bilər. Kişilərin bədənində kişi hormonları azala bilər. Testosteron androgen qrupundan olan steroid hormondur. O, kişi cinsiyyət hormonudur. Bəzi idmançıların bədənlərini inkişaf etdirmək üçün testosterondan xarici bir maddəsi kimi istifadə etdikləri məlumdur. Bunun səbəbi testosteronun əzələləri daha tez inkişaf etdirməsi və ya idmançının normal yollardan çata bilməyəcəyi gücə çatmasını təmin etdiyi inancıdır. Ona görə də, proteinlərdən istifadə zamanı dietoloq tövsiyəsi, nəzarəti vacibdir”.
Qeyd edək ki, Türkiyənin Nevroloji Dərnəyinin baş katibi professor Siren Sezər idmanla məşğul olan gənclərin yüksək dozada zülallı məhsullar və ya zülal tozundan istifadə etməsinin böyrəyi yorduğunu açıqlayıb. Professor bildirib ki, xüsusi ilə də əzələli görünmək üçün protein tozundan istifadə edən gənc oğlanların dializdən asılı olma ehtimalı yüksəkdir. Protein tozundan istifadə indi adi hal kimi qəbul olunsa da, həkimlər bu məhsuldan şikayət edənlərin sayının durmadan artdığını bildiriblər. Siren Sezerin sözlərinə görə, gənclər protein tozuna maraq göstərsə də, əslində zərərlidir. Professor Siren Sezər onu da bildirib ki, zülal tozları böyrək çatışmazlığına yol açır. Bundan başqa, yüksək təzyiq, ürək əzələlərində böyümə, erkən infarkt və ürəkdə ritm pozğunluğuna şərait yaradır. Protein tozundan daimi istifadə hətta dializə qədər gətirib çıxara bilər.

 

Sizin Reklam Yeriniz