news Image
2017.05.30
13:46
| A A A
Formula 1 Azərbaycan Qran Prisi üçün yeni ayaqüstü zonalar açılır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yarış həyəcanını yaxından yaşamaq istəyənlərə aşağı qiymətə birgünlük biletlər təklif edir.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, tamaşaçılar bir biletlə Sahil və Sabir parklarında yerləşən yeni ayaqüstü zonaların hər ikisinə daxil ola biləcəklər. Formula 1 həvəskarları yarışı canlı izləməklə yanaşı onlar üçün bu zonalarda təklif olunan qida və əyləncə imkanlarından da yararlana biləcəklər.

Yeni zonalara giriş imkanı verən birgünlük biletlərin qiyməti cümə günü (23 iyun)üçün 10 AZN, şənbə günü (24 iyun) üçün 20 AZN və əsas yarışın baş tutacağı bazar günü (25 iyun) üçün 40 AZN təşkil edir. Hər üç bileti bir arada almaq istəyənlər cəmi 50 AZN ödəməlidirlər. Sabir və Sahil parklarına olan biletlər yalnız şəhərin kassalarında satışda olacaq.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim Bakıda keçiriləcək növbəti Formula 1 yarışının hamı üçün əlçatan olmasına çalışdıqlarını bildirib:

“Biz bu il tamaşaçılara geniş əyləncə imkanları ilə dolu daha maraqlı yarış təqdim etmək əzmindəyik. Çalışırıq ki, ev sahibliyi etdiyimiz yarışa ölkə cəmiyyəti arasında böyük maraq yaransın və bu yarış hər kəs üçün əlçatan olsun. Bu baxımdan tamaşaçılara Formula 1 Azərbaycan Qran Prisini müxtəlif yerlərdən izləməyə imkan verən fərqli bilet seçimləri təklif edirik. Bu gün sizə təqdim etdiyimiz biletlər trekin həyəcanverici hissələrindən birində dayanaraq yarışı canlı izləməyə imkan verəcək”.

Sahil parkında olan tamaşaçılar trekin birinci sürətlənmə xəttinin sonununda yerləşən 3-cü döngədəki həyəcanlı anları, Sabir parkında olan tamaşaçılar isə trekin ən dar hissəsindən çıxaraq 11 və 12-ci döngələrə tərəf yüksək sürətlə hərəkət edən bolidlərin gərgin mübarizəsini yaxından izləyə biləcəklər.

Sabir və Sahil parklarında yerləşən ayaqüstü zonalarda tamaşaçılara DJ, şar ustası və rəqs qrupunun iştirakı ilə müxtəlif əyləncə proqramları təqdim olunacaq. Bundan başqa, Formula 1 həvəskarları trekin ətrafında dayanaraq yarışa yaxından tamaşa etməklə yanaşı Sahil parkda quraşdırılmış böyük ekranda da yarışı canlı izləyə biləcəklər. Hər iki zonada tamaşaçılara qida və içkilər də təqdim olunacaq.

Bulvar ərazisində yerləşən digər ayaqüstü zonadan fərqli olaraq Sahil və Sabir zonalarına bileti olan tamaşaçılar yalnız bu zonalarda yarışa tamaşa edə biləcəklər və onların bulvar ərazisinə daxil olmalarına icazə verilməyəcək.

Dənizkənarı bulvar zonasında baş tutacaq bütün əyləncə tədbirlərində, o cümlədən dünya ulduzlarının iştirakı ilə keçiriləcək canlı konsert proqramlarında iştirak etmək istəyən Formula 1 həvəskarları bu zonaya giriş imkanı verən biletə sahib olmalıdırlar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs