Əlaqə Arxiv
news Image
2017.11.07
10:18
| A A A
Mahir Məmmədov: "Şahmatçılarımız fantastik çıxış etdilər"

"Hamı bizi çempion elan edir, mən isə rəsmi şəxs olduğumdan baş hakim Takis Nikolopulosun qərarı elan etməsini gözləyirdim. Bu səbəbdən, sevincimi bölüşməyə tələsmirdim. Lakin bu gün bura gələndə özümlə Azərbaycan bayrağı götürmüşdüm".

Movqe.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov yığma komandanın Yunanıstanın Krit adasında qazandığı Avropa çempionluğunu şərh edərkən deyib.

AŞF rəsmisi baş hakimin təsdiq cavabını aldıqdan sonra təəssüratlarını bölüşüb. O, Azərbaycan yığmasının bütün üzvlərinin çempionat ərzində fantastik çıxış etdiklərini bildirib: "Şəhriyar Məmmədyarov çempionat ərzində yüksək reytinqini saxladı. Teymur Rəcəbov sabit çıxışı ilə seçildi. Arkadi Naydiç 2 partiyanı təkbaşına çıxardı. Bu gün də Ukrayna şahmatçısı Ruslan Ponomaryova qarşı gözəl oynayırdı. Udmalı idi, amma son anda qələbəni əldən verdi.

Rauf Məmmədov gözəl çıxışı ilə reytinqini 2709-a çatdırdı. Bir sözlə, hamı gözəl oynadı. Hətta ehtiyat şahmatçımız Qədir Hüseynov da. O, çıxış etdiyi 2 görüşdə də uğurlu təsir bağışladı".

M.Məmmədov çempionluq münasibətilə AŞF prezidenti Elman Rüstəmovun da komandanı təbrik etdiyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan yığması eyni - 14 xala malik Rusiyanı əlavə göstəricilərdə üstələyib. Daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionluğu qazanılıb.

Sizin Reklam Yeriniz