Əlaqə Arxiv
news Image
2018.11.16
22:20
| A A A
Evdə "donuz" kimi yaşayan məşhur futbolçu məhkəməyə verildi

Ötən il Neymar Barcelona-dan ayrılandan sonra onun əvəzinə Usman Dembele heyətə gətirildi. Kataloniya klubu Neymara görə PSG-dən aldığı 222 milyon avrodan 115 milyonu Dembelenin transferi üçün Borussia-ya ödəməli oldu. İndi Barcelona rəhbərliyi, bəlkə də peşman olub. Çünki istedadlı futbolçu öz davranışları ilə klubun baş ağrısına çevrilib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Bild qəzeti 21 yaşlı Dembelenin yaxın günlərdə məhkəmə qarşısına çıxacağını yazıb. Futbolçunu Herd Vayzenberq adlı alman məhkəməyə verib. Dembele Kataloniya paytaxtına gəlməzdən əvvəl Dortmundda həmin almanın evində kirayə qalıb. Ev sahibinin dediyinə görə, Usman mənzili bərbad günə qoyub: “Donuz kimi yaşayıb. Kommunal xərclər ödənilməyib, divarlarda xeyli ləkə əmələ gəlib. Döşəmənin üstündə zibil əlindən yer yoxdur. Şkafın arxasında, soyuducuda xarab olmuş yemək qalıqları tapdım. İydən evə girmək olmur. Gedərkən açarları da mənə verməyib. Paltarları mənzildə qalıb. Kataloniyaya elə əynindəki geyimlə gedib. Təssəvvür edin ki, evi əvvəlki görkəminə salmaq üçün 20 min avro xərcləməli oldum. Məhkəməyə müraciət etmişəm. Dembele həmin pulu qaytarmalıdır”.

Usman öz kaprizləri ilə rəhbərliyi bezdirib. Barcelona-nın prezidenti Xosep Mariya Bartomeu, Baş direktor Xosep Sequra və klubun texniki katibi Erik Abidial Dembelenin agenti ilə görüşüb. Klub rəhbərliyi agentdən xahiş edib ki, davranışlarının narahatlıq yaratdığını futbolçuya çatdırsın. Qeyd edək ki, fransalı məşqlərə vaxtında gəlmir, komandaya adaptasiya olunmaq istəmir. İspan dilini bilmədiyi üçün heç kimlə ünsiyyyət qura bilmir. Yalnız klubdakı həmyerliləri Samuel Umtiti və Klemen Lanqle ilə danışır. Bu ilin fevral ayında klub 21 yaşlı futbolçuya "fast-food" yeməkləri hazırlamaq üçün şəxsi aşpaz tutmalı olub. Gənc dünya çempionu Cempionlar Liqasında İnter-lə keçirilən oyundan əvvəl iclasa gəlməyib. Həmçinin ölkə çempionatında Betis klubu ilə matçın məşq prosesində iştirak etməyib. Buna görə də, baş məşqçi Ernesto Valverde fransalını heyətə daxil edə bilməyib.

Barcelona-nın kapitanı Jerar Pike komanda yoldaşının davranışına münasibət bildirərkən deyib: “Usman hələ gəncdir. Bu yaşda hər kəs səhv edə bilər. Futbolçuların əksəriyyəti karyerasında bənzər hadisələrlə üzləşir. Düşünürəm ki, Dembelə öz hərəkətlərini nizamlayacaq. Hamımız ona kömək edəcəyik”.

Hər halda, fransızın gələcəyi Barcelona-da yaxşı görünmür. Qış transferi dövründə klubdan göndərilmək etimalı hər gün artır. Onun oyunu nə rəhbərliyi, nə də azarkeşləri qane edir. Müxtəlif turnirlərdə 15 matçda forma geyinən hücumçu 6 qol vurub. Razılaşın ki, 115 milyon avroya transfer olunan bir futbolçu üçün zəif nəticədir. Liverpool-un baş məşqçisi Yurqen Kloop Dembeleni komandaya gətirməkdə maraqlıdır. Yəqin ki, təcrübəli mütəxəssis fransızın “donuz kimi yaşaması” barədə məlumatlıdır. Buna rəğmən keçidə razıdırsa, deməli Usmanı tərbuyə etməyin yollarını da bilir. Arsenal-la PSG –nin də 21 yaşlı futbolçunu hədəflədiyi deyilir.

Sizin Reklam Yeriniz