news Image
2019.03.06
23:00
| A A A
Gənclər “Aprel Zəfəri” uğrunda yarışacaq

"İrəli" İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə  "Gənclər kuboku:Aprel zəfəri" layihəsi həyata keçiriləcəkdir.  

Movqe.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2  maddəsində "gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi" müddəaları qeyd edilir. "İrəli" İctimai Birliyi dövlət proqramının alt sənədinə uyğun olaraq "Gənclər Kuboku: Aprel Zəfəri" layihəsini həyata keçirir. Layihə eyni zamanda Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub. Layihənin final mərhələsi aprel ayında həyata keçiriləcəkdir.

"20 ildən artıqdır ki, dövlətin göstərdiyi qayğı nəticəsində Azərbaycan bir çox mötəbər yarışlarda layiqincə təmsil olunur və uğurlar qazanır. Son illərdə ölkəmizdə olimpiya hərəkatının geniş vüsət almasının əsas səbəblərindən biri Azərbaycan gəncinin idmana artan marağıdır. 2015-ci il Avropa Oyunlarının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının və bir sıra digər genişmiqyaslı idman tədbirlərinin ölkəmizdə keçirilmiş olması, həmçinin 2017-ci ildə keçirilmiş 4-cü İslam Həmrəylik oyunlarının gətirdiyi əks-səda da bu hərəkata öz töhfəsini verib"

Bunu "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov layihə haqqında fikirlərini səsləndirərkən bildirib.

Sədr onu da qeyd edib ki, Vətənpərvərlik təkcə cəbhədə döyüşməklə bitmir, həm də beynelxalq arenada ölkəmizi müxtəlif idman oyunlarında təmsil etməklə bu missiyanı layiqincə yerinə yetirməkdir.

"Gənclər Kuboku: Aprel Zəfəri" layihəsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanması, vətənə sağlam gənclərin yetişdirilməsinə töhfə vermək, beynəlxalq arenada ölkəmizi təmsil etmək üçün gənclərin yetişdirilməsidir. Həmçinin, müxtəlif idman oyunları üzrə komandaların çempionatını keçirərək gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsinə şərait yaratmaq layihənin prioritet məqsədlərindəndir.  

"Gənclər Kuboku: Aprel Zəfəri" layihəsi 7 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçirələcək idman çempionatıdır. Adı çəkilən layihədə  1000-dən artıq gəncin iştirakı nəzərdə tutulub. Yarışlar mütəmadi olaraq  həftə sonları paralel şəkildə keçiriləcək. Layihə Futbol, Voleybol, Paintball, Səmti müəyyənetmə, Atıcılıq, Velosiped, Yüngül atletika idman növləri üzrə  gənclər tərəfindən oynanılacaq yarışları əhatə edəcəkdir.

Yarışlar mart - aprel aylarında baş tutacaqdır. Gənclərin şəxsi təşəbbüsləri ilə formalaşdırılacaq olan qruplar arasında püşk atmadan dərhal sonra  8/1, 4/1, yarımfinal və final mərhələləri oyunları keçiriləcəkdir.

Birlikdən verilən məlumata görə, bir sıra yarışlar online olaraq "İrəli" İctimai Birliyi nəznində fəaliyyət göstərən Gənclərin Radiosu İRƏLİ Radiodan (İradio.az) canlı olaraq şərh olunacaq. Yarışların nəticələri və gedişatın izlənilməsi, komanda haqqında məlumatlar birlik tərəfindən hazırlanan www.youthcup.az veb saytı yenilənib istifadəyə verildikdən sonra paylaşılacaqdır.

Qeyd edək ki, "İrəli" İctimai birliyi "Gənclər kuboku" layihəsinin I mövsümünü IV İslam Həmrəylik Oyunlarına dəstək məqsədilə həyata keçirib.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az