news Image
2019.05.13
10:15
| A A A
Aqil Acalov: Ölkəmizin mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməsi anti-Azərbaycan qüvvələrin məkrli planlarını alt-üst edir

Son illər Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, o cümlədən nüfuzlu idman yarışlarına, festivallara, qlobal forumlara, konfranslara yüksək səviyyədə ev sahibliyi edir. Belə mühüm tədbirlərə ev sahibliyi etmək üçün Azərbaycana etimad göstərilməsi təsadüfi deyil. Əlbəttə, bu, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin dünyadakı çəkisinin, beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar qarşısında nüfuzunun ifadəsidir. Eyni zamanda, belə tədbirlər Azərbaycan dövləti və xalqı üçün də mühüm dividentlər gətirir. Azərbaycanın ev sahibliyi etməyə hazırlaşdığı növbəti mötəbər tədbir mayın 29-da Bakı Olimpiya Stadionunda keçirləcək UEFA Avropa Liqasının final matçıdır. Təssüf ki, Avropadakı anti-Azərbaycan qüvvələr və radikal müxalifətin nümayəndələri ölkəmizdə keçirilən hər belə mötəbər tədbir ərəfəsində olduğu kimi, bu dəfə də qarayaxma kampaniyasına başlayıblar.

Bu fikri Avrasiya Kombat Ciu-Citsu Federasiyasının və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov AZƏRTAC-a açıqlamasında deyib.

Beynəlxalq idman yarışlarının ölkəmizdə keçirilməsinin mötəbər idman qurumlarının, dünyanın nəhəng şirkətlərinin və biznes dairələrinin Azərbaycana marağının artmasının göstəricisi olduğunu vurğulayan A.Acalov deyib ki, nəticədə qazanan tərəf Azərbaycan olur: “Mötəbər beynəlxalq yarışların Azərbaycanda keçirilməsinin önəmi ondadır ki, biz ölkəmizdə əmin-amanlıq şəraitinin hökm sürdüyünü, biznesin və iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradıldığını isbat edə bilirik. Son illər müxtəlif beynəlxalq turnirlərin - gimnastika, cüdo, taekvondo, güləş, boks, karate, avarçəkmə, futbol, avtomobil idmanı, bir sözlə, Olimpiya və qeyri-Olimpiya növləri üzrə beynəlxalq turnirlər Azərbaycanda uğurla təşkil olunub. Xüsusən ölkəmiz 2015-ci ildə birinci Avropa, iki il sonra isə IV İslam Həmrəyliyi oyunlarına ev sahibliyi edib. Bu il isə Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bundan başqa, Bakı 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyununu təşkil edəcək. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə təbliği baxımından strateji əhəmiyyət daşıyır. Təbii ki, bu, həm də istər ölkə daxilində, istərsə də xaricdə anti-Azərbaycan qüvvələrin qısqanclığına səbəb olur. Təsadüfi deyil ki, Qərbdəki müəyyən qüvvələr həmişə Azərbaycanda söz və mətbuat azadlığının, insan haqlarının pozulduğunu iddia edirlər. Sual olunur, niyə bu iddialar həmişə məhz belə beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində ortaya atılır? Lakin bunu xüsusilə qeyd etmək lazımdır ki, hər belə tədbirin keçirilməsindən sonra dünya arenasında Azərbaycanın mövqeyinin möhkəmlənməsi həmin dairələrin əsassız ittihamlarına ən tutarlı cavab olur”.

A.Acalov qeyd edib ki, Azərbaycan bütün istiqamətlərdə özünün dinamik inkişaf modelini ortaya qoyub. Prezident İlham Əliyevin sözləri ilə desək, bu gün Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin sözümüzün çəkisi böyükdür: “Sözün həqiqi mənasında, ölkəmizin çəkisini, rolunu dünya siyasətində hər bir dövlət görür, qiymətləndirir, Azərbaycanı etibarlı tərəfdaş kimi dəyərləndirirlər. Formula 1 yarışları bir daha göstərdi ki, Azərbaycan sürətlə inkişaf etməkdədir. Beynəlxaq tədbirlərin təşkilatçıları ev sahibliyi üçün o ölkələri seçirlər ki, orada sabitlik, təhlükəsizlik, əmin-amanlıq var və insan hüquqları təmin olunur. Bakıda Formula 1 yarışını ümumilikdə 500 milyondn artıq insan izlədi. Həmin insanlar Avropanın bir hissəsi olan Azərbaycanın füsünkar gözəlliyinin şahidi oldular. Tarixdə ilk dəfə keçirilmiş birinci Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakıya həvalə edilməsi təbii ki, böyük bir etimad idi. Azərbaycan bu mötəbər idman yarışını da yüksək səviyyədə təşkil etməklə göstərilən etimadı layiqincə doğrultdu. Bu yarışlar həm də ölkəmizdə idmanın inkişafda olduğunu, Azərbaycanda Olimpiya hərəkatının geniş vüsət aldığını bütün dünyaya nümayiş etdirdi. Belə yarışlarda iştirak edən idmançılar, onları izləməyə gələn on minlərlə turist Azərbaycanı yenidən kəşf edirlər”.

Bəzi Qərb mətbuatında yer alan məkrli yazılarda Azərbaycanda guya viza rejiminin çətinliyi, otellərin, xidmətlərin baha olduğuna dair əsassız iddialara rast gəlindiyini vurğulayan Federasiya prezidenti bildirib ki, ölkəmizdə dövlətimizin başçısının göstərişi ilə viza rejiminin sadələşdirilməsi bu iddiaların tam əsassız olduğunu sübut edir. Azərbaycana gəlmək istəyən hər bir əcnəbi vətəndaşın çox asanlıqla viza almasına şərait yaradılıb. Otellərdə qiymətlərin bahalığına gəldikdə, deyə bilərəm ki, Avropanın inkişaf etmiş ölkələrinin şəhərlərində olduğu kimi, Bakıda da müxtəlif ulduzlu otellərdə qiymətlər fərqlidir. Otellər, istirahət yerləri dünya standartları səviyyəsinə və rahatlığına görə müxtəlif qiymətlərlə təklif olunur. Təyyarə biletlərinin də qiymətləri aşağıdır. O ki qaldı “Arsenal” klubunun erməni əsilli futbolçusu Henrix Mxitaryanın Azərbaycana gəlişi ilə bağlı əsassız “narahatlığına”, rəsmi Bakı ölkəyə gələn hər bir əcnəbinin milliyyətindən asılı olmayaraq, hüquqlarını və təhlkükəsizliyini qoruyur və buna tam təminat verir. Ermənistandan olan idmançılar bundan əvvəl də Bakıda keçirilən beynəlxalq yarışlarda iştirak edib, paytaxtımızda sərbəst və maneəsiz şəkildə gəziblər.

Dünya idmanında söz sahibi olan Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etməsinin əsasında ölkəmizin iqtisadi nailiyyətlərinin mühüm rol oynadığını vurğulayan A.Acalov qeyd edib: “İldən-ilə iqtisadi cəhətdən güclənən Azərbaycanda digər sahələrlə yanaşı, idman da sürətlə inkişaf edir. Bunun da nəticəsində Azərbaycanda keçirilən beynəlxalq idman yarışları ölkəmiz haqqında xoş təəssürat yaradır, respublikamızın müsbət imicinin təbliğində mühüm rol oynayır. Bu, həm də anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı məkrli planlarını və çirkin kampaniyalarını alt-üst edir. Bunun əsas səbəbi ölkəmizdə mövcud olan sabitliyin, əmin-amanlığın, insan haqlarının, söz və mətbuat azadlığının əsasında duran başlıca faktorun – Azərbaycan dövlətinin həyata keçirdiyi siyasi kursun ümummilli maraqlara cavab verməsidir”.