Əlaqə Arxiv
news Image
2019.05.24
08:25
| A A A
Futbolu siyasətə alət edənlərin Azərbaycan qarşısında böyük acizliyi
Avropa Liqasının finalı ətrafında bulandırılan sular durulur

Yalnız şəxsi mənafe güdən bəzi təşkilatların və ayrı-ayrı şəxslərin UEFA-nın Avropa Liqasının final oyununu Bakıda keçirməsi ətrafında başladığı mənasız oyunun özü finala yaxınlaşır. Belə ki, beynəlxalq məkanda özünə yer eləmiş erməni lobbisinin vəsaiti hesabına anti-Azərbaycan təbliğatı aparanların oxu daşa dəyib. “Arsenal” və “Çelsi” komandalarının azarkeşləri onlar üçün ayrılan biletlərin heç yarısını almayıblar. Bu isə ona gətirib çıxarıb ki, komandalar Bakıda lazımı azarkeş dəstəyindən məhrum olacaqlar. Niyə? Ona görə ki, erməni lobbisindən yararlanan ayrı-ayrı  şəxslərin şəxsi mənafe xatirinə bu böyük idman bayramının üzərinə salmaq istədikləri ləkəyə görə qalib gəlməyən klub milyonlarla məbləği əks etdirən daha böyük mükafatdan məhrum olacaq. Çünki, müasir futbolda azarkeş dəstəyi az qala qələbənin yarısı deməkdir.

Məsəl var, deyir, “sən saydığını say, gör fələk nə sayır”.

Final oyunu ərəfəsində “Arsenal”ın türk əsilli oyunçusu, Azərbaycanda sevilən və dəstəyə malik olan Məsut Özil öz feysbuk səhifəsində azərbaycanlıların qəlbini oxşayan, ürəyini fəth edən status yazaraq Azərbaycan dilində yerli fanatlara səslənib: “Azərbaycanlı qardaşlarım! Biz bunu etdik – finaldayıq! Bakıda görüşənədək”. Bəli, Bakıda görüşənədək, Məsut Özil! Taleyin işinə bax ki, bir neçə gün əvvəl Azərbaycanın ünvanına böhtan yağdıran bir neçə “Arsenal” səlahiyyətlisi indi ümidini türk oyunçunun simasında azərbaycanlı (türk) tamaşaçılara bağlayıb. Belə məqamlarda “Ey, gidi dünya” nidasının qarşılığı Avropada da var və heç şübhəsiz həmin adamlar gizli də olsa əməllərinə görə vicdan və maliyyə əzabı çəkirlər. Finaldan sonra onların vicdanının daha çox ağrıyacağını indidən proqnozlaşdırmaq düzgün olar, çünki nə qədər səhv yola düşdükləri təşkilatçıların yüksək fəaliyyəti ilə özlərinə əyani sübut olunacaq.

Amma başqa bir misal da var, deyirlər, “bir dəli bir quyuya daş atdı, yüz ağıllı yıığışıb onu çıxara bilmədi”. İndi də “dəli”lərin sırasına «Amnеsty İnternational» təşkilatı qoşulub və Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyib. Səbəb də nə göstərsə yaxşıdır:  ölkədə insan haqlarının vəziyyəti. Təbii ki, fakt olaraq “Arsenal”ın erməni əsilli futbolçusu Henrix Mxitaryanın Avropa Liqasının final oyunu üçün Bakıya gəlməməsi əsas şərt göstərilir. Birincisi, bu amil idmanın siyasiləşdirilməsi deməkdir və Amnesty İnternational bu fəaliyyəti ilə idman ictimaiyyətinin dostluq və əməkdaşlıq hüquqlarını pozmuş olur. İkincisi, aydın görünür ki, bu təşkilatın mənsubları nə Mxitaryanı, nə də onun Bakıya gəlib-gəlməməsi barədə UEFA-nın, AFFA-nın açıqlamalarını və nəhayət gəlməmək barədə oyunçunun özünün qərarını bilmirlər. Yenə də məsələ hərlənib gəlir erməni lobbisinin və bəzi üzdəniraq siyasi qüvvələrin üzərinə. Çünki, Amnesty İnternational təşkilatı korrupsiyada adı hallanan, sifariş yerinə yetirən qurum imici qazanıb, ayrı-ayrı maraqlı xarici qüvvəlırin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirir. Belə çirkli reputasiyaya malik bir təşkilatın kimisə ittiham etməyə, ədalət, şəffaflıq, demokratiyadan danışmağa haqqı yoxdur.

Uzaqdan, deyək ki, Bakıdan baxanda biz bu təşkilatı yaydığı bəyanatlar sayəsində tanıyırıq. Sözlə yaranan təəssürat isə heç də həmişə həqiqəti əks etdirmir. İşə gələndə... Bu sətirlərin müəllifi «Amnesty İnternational» kimi təşkilatların Avropadakı yerli bölmələrinin işi barədə yaxşı tanışdır. Bu bölmələrə əsasən vaxtını boş keçirmək istəməyən pensiyaçılar yığışır və siyasətdən, dünyadan bixəbər həyatlarını yaxşı bir işə sərf etmək istəyirlər. Yalnız mərkəzi ofislərdə işləyənlər müəyyən dairələrə xidmət edir ki, bu da qarşı tərəfin maliyyəsinə bağlı olur. Əks halda təşkilatın yaşaması mümkün olmaz. Onun başında duranlar isə maraqlarını ödəmək üçün bildikləri və bilmədikləri bütün məsələlər barədə rəy bildirməyə, çağırış etməyə hazır olurlar. Dəqiqliklə deyirəm ki, konkret olaraq Amnesty İnternational üzvlərinin böyük əksəriyyəti xəritədə Azərbaycanı tapacaq qədər savada malik deyillər. Amma mərkəzdən verilən tapşırıqları can-başla haya-küyə salmağı, özlərinin hüquq müdafiəçisi imiclərini yaratmaq üçün ürəkdən canfəşanlıq edirlər. Bir də, ümumiyyətlə, qərblilərdə belə bir fikir var ki, onların coğrafi məkanlarından kənarda hər şey pisdir. Yox, təbii ki, ağıllı və savadlı, dünyagörüşü geniş olanlar da çoxdur və onlar nəyin nə, kimin kim olduğunu gözəl anlayır və bilirlər. Amma söhbət kütlədən gedir ki, «Amnesty İnternational» da onların başında duran təşkilatlardan biridir. Uzun sözün qısası, cib təşkilatıdır. İndi belə bir təşkilatın futbol yarışı üzrə final oyununun Azərbaycanda keçirilməsini  tənqid etməsi, qarışqanın filə güc nümayiş etdirməsi qədər mənasızdır. “Gör kim kimə nə deyir” məsəli bu məqamda yerinə düşür, çünki deyə-deyə səlahiyyətsizliyini nümayiş etdirir.

N.NOVRUZ   

Sizin Reklam Yeriniz