Əlaqə Arxiv
news Image
2013.07.24
17:33
| A A A
Sabahdan müəllimlərin işə qəbulu üzrə test imtahanları başlayır

Sabahdan etibarən Azərbaycanda müəllimlərin işə qəbulu üzrə test imtahanları başlayır.


Təhsil Nazirliyindən Mövqe.az-a verilən xəbərə görə, imtahanlar 25 iyul - 7 avqust tarixlərində, hər gün (bazar günlərindən başqa) saat 9:00-dan 18:00-dək keçiriləcək. Hər bir qrup üzrə imtahana 1 saat vaxt ayrılacaq. Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusunda aparılacaq. Universitetdə lokal şəbəkə qurulub və serverə qoşulub. 2 imtahan otağında 240 kompüter yerləşdirilib, mühafizə və təhlükəsizlik təmin edilib.

 

İmtahanda iştirak edən hər bir namizədə fərdi olaraq kompüterdə uyğun ixtisaslar üzrə ümumtəhsil məktəbləri üçün fənn proqramının məzmununa aid 25 test, metodika və təlim strategiyalarına aid 5 test, məntiq və ümumi dünyagörüşünə aid 5 test olmaqla, cəmi 35 sual təqdim edilir. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt ayrılır. Test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha çoxuna düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün test tapşırıqlarının 60 faizinə, yəni 21 və daha çoxuna düzgün cavab keçid balı hesab olunur.

 

Bu mərhələni uğurla başa vuranlar üçün 12-16 avqust tarixlərində müsahibə təşkil olunacaq.

 

Qeyd edək ki, 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində ayrılmış 3286 vakant yerə 18782 nəfərin ərizəsi qəbul olunub. Ötən ilin statistikasına görə, müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı 3270, müraciətlərin sayı isə 16195 olub. Bu il ərizəçilər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat ixtisaslarını seçənlərin sayı daha çox olub. Belə ki, Bakıda yerləşən bəzi məktəblər üzrə bir ibtidai sinif müəllimi yerinə 1000-dən artıq müraciət qeydə alınıb.

 

Sizin Reklam Yeriniz