Əlaqə Arxiv
news Image
2013.08.22
18:26
| A A A
Almaniyanın “Ayntraxt” klubunun prezidenti: “Oyun Bakıda yox, Qarabağda keçirilməliydi.”

"Bu, mənim Azərbaycana artıq üçüncü səfərimdir. İlk dəfə 2006-cı ildə Bakıda olmuşam. Dünyanın bir çox ölkələrinə səyahət edirəm, amma qısa zaman ərzində bu qədər inkişaf edən, gözəlləşən şəhər görməmişəm".


Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın "Ayntraxt" klubunun prezidenti Peter Fişer deyib.

 

UEFA Avropa Liqasının pley-off mərhələsində bu gün "Qarabağ"la qarşılaşacaq Frankfurt təmsilçisinin rəhbəri AFFA-nın rəsmi saytına Azərbaycan futbolu barədə danışıb: "Ölkənizin futbolu haqda məlumatlıyam. Bildiyiniz kimi, bizim klubla AFFA arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Xüsusilə, yeniyetmə futbolundakı irəliləyişi qeyd etmək istərdim. Son 5-6 il ərzində Azərbaycan futbolunda irəliləyiş var və AFFA-nın partnyoru olaraq biz də uğurlara sevinirik".

 

Fişer "Qarabağ"ın təmsil etdiyi Ağdam şəhərində deyil, Bakıda oynamasının da səbəbini bildiyini deyib.

 

Ermənistanı işğalçı adlandıran almaniyalı funksioner buna yalnız təəssüfləndiyini bildirib: "Buna görə məyusam. Bilirəm ki, "Qarabağ" Ağdam rayonunu təmsil edir. Əslində, bu qarşılaşma onların əsl ev oyunu olmalı idi. Yəni oyun Bakıda yox, Qarabağda keçirilməliydi. Amma Qarabağ erməni işğalı altındadır. Deməliyəm ki, bu, işğalçı bir siyasətin nəticəsidir. Bu siyasət rəqibimizə qarşılaşacağı komandanı öz evində qəbul etməyə imkan vermir. Təbii ki, bu, arzuolunmaz vəziyyətdir. Matça gəlincə, diqqətli olmalıyıq. Çalışmalıyıq ki, rəqib bizim gözlədiyimizdən daha güclü oynaya bilməsin. Oyunu stadionda 30 minə yaxın azarkeş izləyəcək. Biz Bundesliqa oyunlarında adətən 45 min azarkeş qarşısında çıxış edirik. Ümid edirəm ki, iki oyunun nəticəsinə görə mərhələ keçən tərəf biz olacağıq. Təbii ki, Azərbaycanda səfər oyunu keçirmək çətindir. Buna baxmayaraq, iki oyunun nəticəsinə əsasən qalib gəlmək istəyirik".

 

Qeyd edək ki, "Qarabağ" – "Ayntraxt" matçı saat 21:00-da başlayacaq.

Sizin Reklam Yeriniz