Əlaqə Arxiv
news Image
2012.04.03
20:10
| A A A
"Peraşki" dövründə də bu oyunu oynayırdıq"
Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadovun Apasport.az saytına müsahibəsi.

- Futzal yığmamızın Rusiya ilə oyununu "Sərhədçi" Olimpiya Mərkəzində izlədiniz. Qarşılaşma sizdə hansı təəssürat oyatdı?

- Komandamız yaxşı oynadı. Rəqib qalib gəlsə belə, son Avropa çempionatı ilə müqayisədə güclü təsir bağışlamadı. Rusların Xorvatiyadakı final mərhələsində çıxışını izləmişdim və onda gözəl oynayırdılar. Bizimkilər ilk 10 dəqiqəni, yəni ilk qoladək yaxşı təsir bağışladılar. Qol epizodlarımız da oldu. Deyərdim qapımızdan top buraxandan sonra özlərini itirdilər. O mənada ki, meydanda hərəkət az idi.

- Milliləşən legionerlərdən nə dərəcədə razısınız?

- Fikrimcə, millidə yerli oyunçuların sayının çox olması üçün nəsə dəyişiklik etmək lazımdır. Onları çox oynatmalı, öyrətməliyik. Bura xarici məşqçilər də gəlib və onlara yerli oyunçularla çox çalışmaq tapşırılmalıdır. Bunlar inkişaf üçündür.

- Yığmamız üçün dünya çempionatının final mərhələsinə çıxmaq hələ tezdir?

- Artıq 2 dəfə Avropa çempionatının final mərhələsində oynamışıq. İlk cəhdimiz uğurlu oldu, 4-cü yeri tutduq. Fikrimcə, bundan sonrakı illərdə yerlilərə çox fikir vermək lazımdır. 15-18 il öncə Rusiya ilə bərabər səviyyədə oynayırdıq. Onların güclü klubu vardı - "Dina", bizimlə oynamaq üçün tez-tez Azərbaycana gəlirdi. İnanırsınız ki, oyunçularımız onlardan nəsə öyrənirdi.

- Futzala tez-tez gəlirsiniz. Belə çıxır ki, marağınız var?

- Futzalı biz yaratmışıq da. 1968-ci ildə Bakıda yaranıb. O vaxtlar mən də oynayırdım. Qış aylarında indiki Bakı İdman Sarayında turnir oldu. Orda başladıq. Azərbaycanda SSRİ dövründə məhəllə futbolu elə futzal kimi idi. 5 5-ə, 6 6-ya qarşı oynayırdıq. Onun sayəsində futzal inkişaf etdi. Biz "peraşki" dövründə də bu oyunu oynayır, uşaqlarla işləyirdik.

- Ümumiyyətlə, futbolla futzalı müqayisə edəndə, hansı qənaətə gəlirsiniz?

- Öz oyunumuzu oynamalıyıq - texnika, taktiki və sürətli oyun. Güclü keyfiyyətlərimizi itirməməliyik. Bütün gücü fiziki cəhəti qaldırmağa qoymaq da düzgün olmazdı. Düzdür, fiziki hazırlıq yaxşı olmalıdır. Ancaq yaddan çıxartmayaq ki, futbolu topla oynayırlar. Topla oynamaq üçünsə texnika, taktiki hazırlığın olmalıdır. Bunlar əvvəl bizdə var idi.

- Əcnəbi mütəxəssislərin çalışdırdığı futbol və futzal yığmamız arasında hansı oxşar, hansı fərqli cəhətləri qeyd edərdiniz?

- Futzal yığmamızın braziliyalı baş məşqçisi Joze Alesio Da Silva ilə şəxsi tanışlığım olmadığından, onun haqda pis fikirdə ola bilmərəm. Həmkarım haqda pis fikirdə olmamışam, olmayacağam da. Söhbət ondan gedir ki, əcnəbiləri dəvət edəndə, qarşıya məqsəd qoyulmalıdır. Bu, gənc yerli oyunçularla çox işləməklə bağlıdır. Yəni futbolçu yetişdirmək vacib amildir və buna xüsusi fikir verməliyik. Futzal çempionatımızda klubların sayını artırmaq yaxşı olardı.

- Əvvəllər çempionatımız dayananda, futzala böyük axın vardı. İndi isə oyunçular böyük futbola üz tuturlar. Bunu maddi amillə əlaqələndirmək olar?

- Sizinlə razıyam, futzalla müqayisədə futbola axın böyükdür. Ancaq bunu maddi amillə əlaqələndirməzdim. Çünki futzalda elə klublar var ki, maliyyə cəhətdən yaxşıdırlar. Bir şeyi də yaddan çıxartmayaq ki, futzalda xərc o qədər də böyük deyil. Oyunlar bir zalda keçirilir. 2-3 komanda bir zalda məşq edə bilər. Futzalda klubların baza, uşaq futboluna diqqət yetirilməyi, yerli məşqçilərin olmağı vacibdir.

- Hazırda yığmada oynayan Zeynal Zeynalov həm futbolda, həm də futzalda çıxış edir. Sizcə, kənarda qalan futbolçular, məşqçilər futzalda özlərini göstərə bilərlərmi?

- Zeynalı 90-cı illərdə çalışdırdığım "Bakı fəhləsi"nə mən gətirmişəm. Hər şey insanın, məşqçinin özündən, maraqdan asılıdır. Böyük futbolda çalışan məşqçilərə futzalda işləmək asan olduğundan, burada da çalışa bilərlər. Sadəcə, futzalın spesifikası bir az başqa cür olduğundan, buna uyğunlaşmaq lazımdır.

- Bu spesifika nədir?

- Biz futbolda topu ayağımızın içi ilə saxlayırıq. Bu, adi bir şeydir. Ancaq futzalda topu ayağın altı ilə saxlayırlar. Yığmamızın çıxış etdiyi son Avropa çempionatını izlədiyim zamanı oyunçuların çoxunun topu çox gözəl saxladıqlarının şahidi oldum. Top onların ayağına sanki maqnit kimi yapışır. Yəni bu, texnikanın bir növüdür. Bu haqda da fikirləşmək lazımdır.

- Rusiya ilə Tümendəki cavab oyunumuzdan nə gözləyirsiniz?

- Evdə uduzduğumuzdan, orada çətin olacaq. Ancaq ümidimizi itirməməliyik. Bir şeyi də yaddan çıxartmayaq ki, Tümendə çoxlu azərbaycanlılar yaşayır. Zalda həmyerlilərimiz çox olacaq. Əlbəttə, bu amil xeyrimizədir. Onu unutmayaq ki, biz azarkeşlərimiz üçün oynayırıq və onların dəstəyindən faydalanmalıyıq.
Sizin Reklam Yeriniz