Əlaqə Arxiv
news Image
2013.12.27
16:22
| A A A
Səbail rayonunda idmançılarla görüş keçirilib

Bu gün Azərbaycanda bir çox sahələrdə olduğu kimi idmanda da böyük irəliləyişlər baş verir ki, bu da ölkə rəhbərliyinin fəaliyyəti, idmançılara, bütövlükdə ölkə idmana göstərilən dövlət qayğısından irəli gəlir.

"Attila" İdman Klubunun idmançıları 2013-cü il ərzində keçirilən dünya, Avropa və digər beynəlxalq yarışlarda uğurla çıxış edərək bir sıra əhəmiyyətli qələbələrə imza atıblar. İlin yekunu ilə bağlı klubun yarışlarda fərqlənən idmançıları və məşqiçilərinin bir qrupu ilə Səbail rayon İcra Hakimiyyətində görüş keçirilibdir.   


2013-cü ildə "Attila" idman klubunun idmançılarının müxtəlif yarışlarda uğurlu çıxışlarının yekunları ilə bağlı Səbail rayon İcra Hakimiyyətində təşkil olunan  görüşü açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov idmançıları və onların məşqçilərini salamlayıb və Azərbaycan Cüdo Federasiyasının yaranması, təşəkkülü və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, cüdo idmanı respublikamızda çox sevilən idman növlərindəndir  və cüdo üzrə əldə olunan nailiyyətlər hər zaman xalqımızı sevindirib. 1992 və 2008-ci illərdə cüdoçularımız olimpiya oyunlarından vətənə qızıl medalla qayıdıblar. Onların uğurları ilbəil artır. Bütün bunlar isə ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin idmana olan qayğısının nəticəsi olmuşdur. Bu gün ulu öndərin siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin səyləri, idmançıları olan dövlət qayğısının artması nəticəsində idmançılarımızın beynəlxalq səviyyədə uğurları artmaqdadır. Ölkədə bir sıra olimpiya mərkəzləri, idman meydançaları tikilir, idmanın maddi-texniki bazası işkişaf etdirilir. Bu işlərin də nəticəsidir ki,   Azərbaycan idmançılarının uğurlu çıxışlarının sayı artıb. 

Qeyd olunub ki, Səbail rayonunda fəaliyyət göstərən "Attila" İdman klubunun idmançıları həmişə olduğu kimi bu il ərzində də bir sıra beynəlxalq turnir və yarışlarda vətənimizi uğurla təmsil ediblər. Belə ki, ilin ən böyük nailiyyəti avqust ayına təsadüf edib. Braziliyanın Rio  de Janeyro şəhərində keçirilən böyüklər arasında dünya çempionatında klubun yetirməsi Orxan Səfərov 60 kq çəki dərəcəsində III yerə çıxaraq vətənə bütünc medalla qayıdıb. 

Bu il Polşada keçirilən Avropa kuboku yarışlarında Rəsullu Abdulhaqq 81 kq çəki dərəcəsində I və Rasim Alməmmədov III yerə, ABŞ-ın Mayami ştatında keçirilən Dünya kuboku yarışlarında Leyla Əliyeva 40 kq çəki dərəcəsində II yerə, Gənclər arasında Avropa çempionatında Oruc Vəlizadə də 60 kq çəki dərəcəsində III yerə çıxmış, Abu Dabi şəhərində keçirilən "Böyük dəbilqə" yarışlarında 60 kq çəki dərəcəsində Orxan Səfərov və 90 kq çəki dərəcəsində Ramin Qurbanov, Rusiya Federasiyasının Tümen şəhərində keçirilən "Masters" turnirində isə Elmar Qasımov 100 kq çəki dərəcəsində üçüncü yerə çıxaraq bütünc medala layiq görülüblər. 

Klubun məşqiçisi Vüqar Budaqov Abu Dabi şəhərində veteran idmançılar arasında keçirilən yarışlarda ikinci dəfə dünya çempionu adına layiq görülüb. 

Bir neçə gün əvvəl "Attila" klubu idmançıları Cüdo üzrə klublararası Azərbaycan çempionatının qalibi olublar. Ümumilikdə, klubun 75 idmançısı müxtəlif beynəlxalq yarışlarda iştirak edərək müxtəlif əyarlı 24 medal qazanmış, müxtəlif yaş qrupları üzrə Azərbaycan birinciliklərində 11 idmançı I, 6 idmançı – II və 5 idmançı III yerə çıxmışlar. 

Asif Əsgərov bu nailiyyət münasibəti ilə idmançımızı və bu uğurda böyük əməyi olan məşqçiləri təbrik edib və onlara yeni-yeni uğurlar arzulayıb.

Tədbirdə iştirak edən idmançılara və onların məşqiçilərinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən mükafatlar təqdim edilib. 

İdmançılardan Orxan Səfərov, "Attila" İdman klubunun baş məşqiçisi Əli Dərvişov çıxış edərək idmançılara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlıqlarını bildirib.

Sonda xatirə şəkli çəkdirilib. 


Sizin Reklam Yeriniz