news Image
2012.04.19
11:48
| A A A
“Bəzi futbolçularımız komandaya can yandırmır, onlar haqda ölçü götürüləcək”
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun Qol.Az saytına müsahibəsi

- Hesabınızdan 6 xal silinəndən sonra Unibank Premyer Liqada "Bakı"ya 1:4 hesablı məğlubiyyət sizin üçün gözlənilən idi?

- İlk növbədə deyim ki, komanda zəhmət çəkib bu xalları qazanmışdı. Düzdür, hesabımızdan çempionluq yolunda vacib 6 xalların silinməsi əlbəttə ki, məğlubiyyətimizdə öz sözünü dedi. Ancaq futbolçuların belə biabırçı çıxış edərək bu cür hesabla uduzmasına haqq qazandırmırıq. Futbolçular bu komandadan pul alan adamlardır. Onların borcudur ki, meydana çıxıb oynasın və qələbə qazansın. Hər bir futbolçu bütün oyunların məsuliyyətini daşımalıdır.

- Sözlərinizdən belə çıxır ki, 6 xalın silinməsinə baxmayaraq, komanda belə məğlubiyyət yaşamamalıydı?

- Əgər komandanın 6 xalı silinirsə, onda futbolçular arasında daha güclü birlik yaranmalıdır. Yəni ümumi problem komandanı birləşdirməlidir. Mən klub rəhbəri olaraq o, fikirlə razı deyiləm ki, futbolçular bu xallar silindiyi üçün belə hesabla uduzublar. Biz "Bakı"yla qarşılaşmadan qabaq komanda üzvləriylə görüşərək, onlarla söhbət etmişdik. İstədiyimiz o idi ki, birlik nümayiş etdirib qələbə qazanaq. Əfsuslar olsun ki, "Xəzər Lənkəran"a yaraşmayan bir oyun göstərdilər. Ona görə də, bu məğlubiyyətə heç bir haqq qazandırmaq olmaz.

- Bu məğlubiyyətə görə futbolçularla bağlı hansısa ölçü götürüləcək?

- Ümumiyyətlə, belə oyunlarla bağlı "Xəzər Lənkəran" rəhbərliyi öz sözünü deyəcək və  lazımi tədbirlər görəcək. Komandanın Yunis Hüseynov kimi bir məşqçisi var. Bu gün hər bir futbolçu çalışmalıdır ki, onun etimadını doğrultsun. Təəssüf ki, heyətin heç də bütün üzvləri belə etmirlər. Həmin futbolçular ki, belə oyunlarda klubu birliyinə çalışmırlar, əksinə komandanı geriyə aparırlar, onlar barəsində zamanı çatanda ölçü götürüləcək.

- Son məğlubiyyətdən sonra komandanızın sadiq azarkeşləri də  etirazlarını bildiriblər...

- Onlar klubunu təmənnasız, sevgiylə dəstəkləyən azarkeşlərdir. Ən çox üzülən də azarkeşlər olur. Futbolçular oynamasının müqabilində pul alır, azarkeşlər isə təmənnasız komandaya dəstək verir.

- Komandaya can yandırmayan futbolçular üçün nə kimi cəza nəzərdə tutulub?

- Artıq indidən müəyyən qeydlər aparılır ki, hansı futbolçular komandaya can yandırmır, hansı isə sadəcə, burada vaxtını keçirir və futboldan başqa kənar işlərlə məşğul olur. Futbolçu çıxış etdiyi klubda gərək canını qoya.

- Konkret kimlərdən söhbət getdiyini açıqlaya bilərsiniz?

- Zamanı gələndə hər şey açıqlanacaq.

- "Xəzər Lənkəran"ın hesabından 6 xalın silinəcəyi aydın olduqdan sonra klub rəsmilərindən olan Höccət Hacıyev AFFA-nı suçladı. Siz də bu ittihamla razısınız?

- Bilirsiniz, bu işdə AFFA-nı günahlandırmaq düz çıxmaz. FİFA-nın qaydalarına əsasən, bir tərəf digər tərəfdən şikayət verməmişdən qabaq, yazılı şəkildə xəbərdarlıq edilməlidir. "Xəzər Lənkəran"a isə belə bir şikayət gəlməyib. Pul vaxtında ödənilib. Sadəcə, pulun bir qismi texniki problemə görə vaxtında ödənilməyib. Ancaq bir şifahi xəbərdarlıq belə kluba daxil olmayıb. Bizim üçün ən təəccüblü gələn odur ki, birdən-birə həmin futbolçunun hüquqşünası iddia qaldırdı. Futbolçunun özü də mətbuata açıqlamasında "Xəzər Lənkəran"a qarşı heç bir iddia sürmək fikrində olmadığını bildirib. Futbolçunun vəkilinin birdən-birə qızışaraq belə hərəkət etməsi mənim üçün də aydın olmadı.

- Çoxları belə vəziyyətin yaranmasında klubu qeyri-peşəkarlıqda günahlandır.

- Mən bunu demişəm və bir daha fəxrlə təkrarlayıram ki, əgər "Xəzər Lənkəran" peşəkar olmasaydı, o zaman Azərbaycanda ilk dəfə legionerə qarşı məhkəməni udan klub olmazdı. Bu gün bizim çox sayda dırnaqarası futbol mütəxəssisimiz var ki, ağızdolusu hər şeydən danışır. Onlara bir şey demək istəyirəm ki, "Xəzər Lənkəran" dəfələrlə məhkəmədə qələbə qazanıb. Bir məsələyə də, toxunmaq istəyirəm ki, çoxları bunu başqa bir tərəfə yozur. Yəni, deyirlər, necə olur ki, klubdan tez-tez FİFA-ya şikayət edilir? Bir şeyi xüsusi qeyd edim ki, inkişaf olan yerdə problemlər də üzə çıxacaq. Bu, normal haldı. Bu problemlər "Barselona" və "Çelsi" kimi klublarda da var. Bizdə 8 il ərzində 30-a yaxın məhkəmə olubsa, digərlərində 6 ay ərzində bu qədər iş olur. Bunu belə şişirtmək lazım deyil.

Biz artıq məsələylə bağlı İdman Arbitraj Məhkəməsinə şikayətimizi vermişik. Bundan başqa, bu məsələnin hansı agent və kim tərəfindən stimullaşdırılması ilə bağlı araşdırma aparırıq. Yəni, bizə qəribə gəlir ki, futbolçunun agenti bizim bu cür cəzalandırılmağımızda niyə belə maraq güdüb? Əgər futbolçu özü xalın silinməsiylə bağlı şikayət etmək istəmirsə, kim maraqlı olmalıdır ki, "Xəzər Lənkəran"ın altı xalı silinsin? Biz xahiş etmişik ki, Arbitraj Məhkəməsində şikayətimizə baxılanda həmin qərarın tədbiqi dondurulsun. İstəyirik ki, bu məsələyə baxıldığı müddətdə - bu, on gün də, bir ay da ola bilər - bu qərarın icrası durdurulsun. Bu, bizim haqqımızdır.

- Hardasa fikirləşirsiniz ki, bu məsələdə hansısa azərbaycanlı futbol menecerinin və ya klubun əli ola bilər?

- Bəlkə də ola bilər. Mən bu gün heç nəyi istisna etmirəm. Azərbaycanda hazırda yetərincə klub var ki, "Xəzər Lənkəran"ı sevmir. Sonra bu siyahıya Azərbaycandan olan futbol menecerlərini də əlavə etmək olar. Ona görə ki, "Xəzər Lənkəran" futbolçu transferində çox nadir hallarda yerli FİFA menecerlərinin köməyindən istifadə edir. Ola bilər ki, bəzi futbol menecerlərimiz bizim belə cəza almamızda maraqlı olub. Bəzi yerli klublar üçün də "Xəzər Lənkəran" arzuolunmaz rəqibdir. Biz əsl futbol mübarizəsi zamanı çoxlarının ya çempionluğuna, ya da kuboku qazanmasına mane olurduq. Amma görürsən ki, futbol təkcə meydanda oynanılmır.

- Bu günlərdə sizin vəzifənizdən istefaya göndərilməyiniz haqda xəbərlər yayılıb.

- Bu məsələ qəsdən ortaya atılıb. Bu, uydurmadan başqa bir şey deyil.

- Bugünkü vəziyyətinizi nəzərə alsaq, komandanızın avrokuboklara vəsiqə qazanmaq şansları nə dərəcədədir?

- Mən düşünürəm ki, "Xəzər  Lənkəran" növbəti oyunlarının hamısından qələbəylə ayrılmalıdır.  Bununla bağlı komandanın hər bir futbolçusuna dəstək olaraq görüş keçirilib. Bu məsələdə klubun prezidentinin dəstəyini xüsusi qeyd etmək lazımdır. Belə məsələlərdə fikir ayrılığı yaşanmamalıdır. Burada azarkeşlər də bizimlə olmalıdır. Hər kəs həmrəylik nümayiş etdirməlidir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs